ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, mayın 17-də Laçında qanunsuz məskunlaşdırılmış ermənilər tərəfindən qarşısı kəsilən Ceyms Uorlik bildirib ki, bu hadisə onun üçün sürpriz olub. Virtualaz.org saytı xəbər verir ki, həmsədrlər dünən - mayın 18-də Xankəndində separatçı erməni rejiminin rəhbəri Bako Saakyanla görüşüblər.
Görüşdən sonra fransalı həmsədr Jak For və rusiyalı həmsədr İqor Popov mətbuata açıqlama verməkdən imtina ediblər. Amerikalı həmsədr Ceyms Uorlik isə erməni jurnalistlərin qarşısına çıxıb. Ona Laçında daşnakların keçirdiyi aksiya və həmsədrlərin maşın karvanının qarşısının kəsilməsi barədə sual veriblər. Erməni jurnalist C.Uorlikə deyib ki, bu cür aksiyalar Dağlıq Qarabağın başqa yaşayış məntəqələrində də keçiriləcək. Məqsəd ermənilərin amerikalı həmsədr tərəfindən açıqlanan sülh elementlərini qəbul etməyəcəyini göstərməkdir.

C.Uorlik erməni jurnalistə deyib ki, onlar “xalqın öz tələbini irəli sürmək hüququna” hörmət edir.
“Bu hadisə mənim üçün sürpriz oldu, buna baxmayaraq maşından düşdüm və kifayət qədər faydalı görüş keçirdim” - deyə C.Uorlik bildirib.
Amerikalı həmsədrin sözlərinə görə, ən arzuolunmaz variant müharibənin başlanmasıdır. Bu isə o deməkdir ki, ziddiyətlərə baxmayaraq hansısa çıxış yolu tapmaq lazımdır.
“Qarabağ misilsiz dərəcədə gözəldir və mən burada gənc insanları görməkdən çox mütəəssir oldub. Bizim ümumi borcumuz elə etməkdir ki, burada sülh olsun, yeni nəsil dinc şəraitdə yaşasın” - deyə C.Uorlik bildirib.
ABŞ diplomatı deyib ki, onun Vaşinqtonda açıqladığı prinsiplər yeni deyil və bundan əvvəl həmin prinsipləri həmsədr ölkələrin prezidentləri də bəyan ediblər: “Bu, əlbəttə ki, yekun variant deyil, onu hələ müzakirə etmək lazımdır. Ancaq onlar sonrakı nizamlamaya imkan yaradır”.
Amerikalı diplomatın fikrincə, bu prosesdə “Dağlıq Qarabağ xalqı da” öz mövqeyini ifadə etmək haqqına malikdir. C.Uorlik Dağlıq Qarabağın statusunun bəndlərdən ancaq biri olduğunu, qalan bəndlər üzrə də həll yolu tapmağın vacibliyini deyib.
“Ancaq bir-iki məsələni görüb qalanlarını görməməzliyə vurmaq olmaz. Minsk Qrupu tərəflərə həll yolunu zorla qəbul etdirmək imkanında deyil. Biz ona görə buradayıq ki, insanlara kömək edək, sizin mövqeyinizi dinləyək və təkcə de-fakto hakimiyyətlə deyil, insanlarla da təmasda olaq” - deyə C.Uorlik bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə açıqlamasında erməni tərəfinin dəfələrlə müxtəlif təxribatlara əl atdıqlarını söyləyib. O, qeyd edib ki, erməni tərəfi münaqişənin həll edilməsinin yubadılması və status-kvonun möhkəmləndirilməsi istiqamətində müxtəlif addımlar atmağa cəhd ediblər: “Beynəlxalq ictimayyət münqişənin həllinə mane olan tərəfin kim olduğunu daha yaxından görməlidir. Biz daimi olaraq Ermənistanın sülhə məcbur edilməsi ilə bağlı beynəlxalq ictimayyət qarşında məsələ qaldırırıq. Ermənistan sülhə məcbur edilməyənə qədər öz qeyri konstruktiv mövqeyində duracaq. Ermənilər özlərini məzlum göstərməyə çalışırlar. Əslində məzlum olan şəxslər öz tarixi torpaqlarından qovulan insanlardır. İnsanların öz ata-baba yurdlarına qayıtmaq haqqları var”.

Şərhlər