Mayın 19-da ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib və ölkə prezidenti İlham Əliyevə əfv fərmanı verməsi üçün çağırış edilib. Bu barədə partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Xəbərdə deyilir ki, İdarə Heyəti jurnalist Pərviz Həşimli barədə çıxarılan məhkəmə hökmündən, məhkəmənin qeyri-şəffaf aparılmasından və müttəhimin istintaq zamanı effektli müdafiə hüququndan məhrum edilməsindən narahatdır və ölkə başçısını qarşıdan gələn 28 May münasibətilə P.Həşimli və digər siyasi məhbuslarla bağlı əfv fərmanı verməyə çağırır.
Xəbərdə həmçinin bildirilir ki, ADP son vaxtlar Müdafiə Nazirliyində ruspərəst kadrların vəzifəyə gətirilməsindən ciddi narahatlığını ifadə edib. ADP ölkəmiz üçün Rusiya təhlükəsinin getdikcə daha qabarıq şəkildə ortaya çıxdığı bir vaxtda bu cür kadrların milli və dövlət maraqlarımıza zidd olduğunu bildirib və Ali Baş Komandan kimi İlham Əliyevi Müdafiə Nazirliyində aparılan kadr islahatlarını bir daha nəzərdən keçirməyə çağırıb.
İdarə Heyəti Türkiyədə yaşanan Soma faciəsinin Azərbaycanda iki dövlət arasında mövcud olan dərin tarixi əlaqələrə, qardaşlıq və dindaşlıq yaxınlıqlarına uyğun şəkildə qeyd edilməməsini, bu faciənin üzüntülərinin dövlət səviyyəsində yaşadılmamasını ciddi narahatlıqla qarşılayıb. Bildirib ki, bu laqeyd münasibət elan olunmuş “bir millət, iki dövlət” fəlsəfəsinin ruhuna ziddir: “Hakimiyyəti dünyada yeganə arxamızda durmaq gücündə olan qardaş Türkiyəyə münasibətdə daha həssas və yanımlı olmağa səsləyirik”.
Məlumatda o da deyilir ki, ADP Rusiyanın Krım tatarlarının milli müqəddəratını təyinetmə hüququna qarşı başlatdığı müdaxilələri qətiyyətlə pisləyib və dünya dövlətlərini Krım tatarlarının milli varlığına qarşı yönəlmiş Rusiya təhlükəsindən qorumağa, onların beynəlxalq hüquqla təmin olunan milli haqlarına həssaslıqla yanaşmağa çağırıb.

Şərhlər