BDU–nun “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru
Müasir və klassik politologiyada milli təhlükəsizliyin vahid tərifi yoxdur, bununla belə, bu fenomenin əsasında 3 prinsipin dayanması əksər tədqiqatçılar tərəfindən qəbul edilir;
a) şəxsiyyətin təhlükəsizliyi
b) cəmiyyətin təhlükəsizliyi
c) dövlətin təhlükəsizliyi.
Qərb siyasətşünaslığının milli təhlükəsizliklə bağlı gəldiyi nəticə bu gün universal xarakter daşıyır.
Bu baxımdan, Azərbaycanın milli təhlükəsizliyinin nəzəri əsaslarını tədqiq edərkən məhz bu 3 prinsip üzərində tezislərimizi qurmalıyıq. İstənilən ölkənin, o cümlədən, Azərbaycanın milli təhlükəsizliyi ölkənin milli maraqlarının və milli mənafeyinin qorunmasını özündə ehtiva edən nəzəri konsepsiyadir. Milli maraqlar dedikdə isə ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünün və konstitusiya quruluşunun əleyhinə yönəlmiş təhdidlərin qarşısının alınması və vətəndaşların təhlükəsizliyinin, sosial rifahının təmin edilməsi, bütün növ hüquqlarının qorunmasıdır. Qeyd etdiyimiz bu kriteriyalar milli maraqlar məfhumunun qısa məzmunudur və dövlətin də başlıca vəzifəsi bu maraqların əsasında dayandığı milli təhlükəsizliyi təmin etməkdir. Müsbət haldır ki, Azərbaycan dövləti milli təhlükəsizlik konsepsiyasını hazırlayarkən bütün bu kriteriyaları nəzərə alaraq milli təhlükəsizliyin nəzəri əsaslarını və istiqamətlərini aşağıdakı formada vermişdir:
1. Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması
3. Avropa və Avratlantik strukturlarına inteqrasiya
4. Beynəlxalq təhlükəsizliyə töhfə
5. Beynəlxalq təşkilatlarla əməkdaşlıq
6. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər
7. Region ölkələri ilə əməkdaşlıq
8. Qeyri-region ölkələri ilə əməkdaşlıq
9. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
10. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi (Azərbaycan Respublikası milli təhlükəsizlik konsepsiyası (www.iom.az.)
Milli təhlükəsizliyimizin yuxarıda göstərilən əsas istiqamətlərinin içərisində ən vacibi sözsüz ki, ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Bu səbəbdən də, Azərbaycan Respublikasının Milli Təhlükəsizliyinin əsas problemi Ermənis-tanın ölkəmizə qarşı etdiyi təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ müna¬qi¬şəsidir desək, yanılmarıq. Çünki bu münaqişə nəticəsində ölkənin milli təhlükəsizliyinin əsasını təşkil edən milli mənafeyə ciddi zərbə dəyib. Yəni, ilk növ¬bədə dövlətin ərazi, sosial-iqtisadi və mənəvi bütövlüyü pozulub. Həmçinin, milli təhlükəsizliyin əsas prinsipləri olan şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi ciddi surətdə zədələnib. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzü nəticəsində on minlərlə insan həyatını itirmiş, yüz minlərlə adam öz yurdundan məhrum olaraq didərgin həyatı yaşamaqda və cəmiyyət hər an başlana biləcək müharibə və terror təhlükəsi qarşısındadır. Nəhayət, dövlət həmin ərazilərdə öz suveren hüquqlarını həyata keçirmək imkanlarından məhrum edilmişdir. Məhz bu baxımdan, Azərbaycanın xarici siyasət strategiyasında (hansı ki, milli təhlü¬kəsizliyin qorunmasına xidmət edir) bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas prioritet hesab edilir.
Azərbaycan xarici siyasətinin digər vacib vəzifəsi mürəkkəb və əlverişli geosiyasi məkanda yerləşən ölkəmizin təhlükəsizliyini effektiv xarici siyasət prioritetləri müəyyənləşdirmək və onları uğurla həyata keçirməkdir. Azərbaycanın geosiyasi gücünü artıran amillər ilk növbədə onun Avrasiya dəhlizində və dəniz sahilində yerləşməsi, zəngin təbii sərvətlərə malik olması və nəhayət, yüksək intellektə sahib olan əhaliyə, çoxəsrlik dövlətçilik ənənələrinə və mədəni irsə malik olmasıdır. Azərbaycanın geosiyasi mövqeyi və son yüzillərdə keçmiş olduğu tarixi yol ölkəmizin aydın xarici siyasət strategiyası həyata keçirməyi tələb edir.
Fikrimcə, ölkəmizin milli maraqları əsas götürülərək xarici siyasət strategiyamızın əsas istiqamətləri belə olmalıdır:
1. Azərbaycan birmənalı olaraq Avro-Atlantika məkanına inteqrasiya olun¬ma¬lı və perspektivdə bu məkanın əsas strukturlarına (NATO, Aİ) daxil olmağı strateji məqsədlərindən biri kimi nəzərdən keçirməlidir.
2. Azərbaycanın Avropa ailəsinin bərabərhüquqlu üzvü olması ilk növbədə ölkənin milli təhlükəsizliyi baxımından qiymətləndirilməlidir. Dost olmayan dövlətlərlə əhatə olunması və bu dövlətlərin ənənəvi regional siyasəti ölkəmizi Qərbin siyasi-iqtisadi, hərbi “çətiri” altına girməyi zəruri edir.
3. Türkiyə ilə strateji müttəfiqlik ən yüksək səviyyəyə çatdırılmalı və iki döv¬lət arasında hərbi – təhlükəsizlik ittifaqının yaranmasına nail olunmalıdır. Gürcüstanın da Türkiyə və Azərbaycan strateji müttəfiqliyinə qoşulması regionda məlum kənar güclərin təsirini xeyli azalda bilər. Onu da qeyd edək ki, təqdirəlayiq haldır ki, son illərdə bu istiqamətdə bir sıra mühüm addımlar atılmışdır.
4. Azərbaycan pozitiv balanslaşdırma siyasətinə uyğun olaraq Rusiya və İranla mehriban qonşuluq münasibətlərini saxlamalı və hər iki dövlətlə mədəni, iqtisadi əlaqələrin zəifləməsinə imkan verməməlidir. Ölkəmiz bu dövlətlərlə mü-nasibətlərini tərəflərin suveren hüquqlarına hörmət əsasında qurulması strategiyasına üstünlük verməlidir.
Azərbaycan milli təhlükəsizliyini xarici siyasət vasitələri ilə təmin edərkən həm də beynəlxalq təhlükəsizliyə öz töhfələrini verir. Bu sahədə beynəlxalq anti-terror koalisiyasında ölkəmizin aktiv iştirakını, beynəlxalq təşkilatlarla və ayrı-ayrı dövlətlərlə əməkdaşlığı misal göstərmək olar.
Azərbaycan milli təhlükəsizliyinin digər nəzəri əsaslarından biri iqtisadi təhlükəsizliyimizi təhdid edən amillərin qarşısının alınmasıdır. İqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin əsas faktoru olduğunu nəzərə alanda onun problemlərinin aradan qaldırılmasını dövlətin başlıca vəzifələrindən biri hesab etmək olar. Azərbaycanın iqtisadi təhlükəsizlik problemlərinin həlli yollarını belə görürük:
1. Ölkə iqtisadiyyatının əsas problemlərindən birinin korrupsiya və onun müxtəlif formalarının olması danılmaz faktdır. Korrupsiyanın aradan qaldırılması və ya onun əhəmiyyətsiz səviyyəyə çatdırılması üçün dövlətin kompleks tədbirlər həyata keçirməsinə ciddi ehtiyac var. İlk növbədə bu sosial bəlanı doğuran səbəblər ləğv edilməli və korrupsiya əleyhinə qəbul olunmuş qanunvericilik aktlarının effektiv icrası təmin edilməlidir. Bu məsələdə həmçinin vətəndaşlar da fəal olmalı və öz hüquqlarını, məsuliyyətlərini bilərək hərəkət etməlidir. Beləliklə, korrupsiyaya qarşı mübarizədə dövlətlə yanaşı, vətəndaş cəmiyyətinin mühüm rol oynadığı xüsusi qeyd olunmalıdır.
2. İqtisadiyyatın sahə quruluşunda olan böyük fərqlər də iqtisadi təhlükəsizliyimizin əsas problemlərindən biri hesab edilməlidir. Bu gün etiraf etmək lazımdır ki, ölkənin ixrac potensialının böyük hissəsini neft və neft məhsulları təşkil edir. Belə vəziyyətin davam etməsi yaxın 5–10 ildə ölkə iqtisadiyyatının “Holland sind¬romu” təhlükəsi ilə üzləşməsinə gətirib çıxarda bilər. Bu səbəbdən əldə olunan neft gəlirlərinin əsasən qeyri-neft sektorunun inkişafına yönəldilməsi dövlətin iqtisadi siyasətinin başlıca vəzifəsi hesab olunmalıdır.
3. Bazar iqtisadiyyatına keçən ölkəmizdə iqtisadi sistemin liberallaşdırılması sürətləndirilməlidir. Bunun üçün ilk növbədə dövlətin iqtisadi sferada müdaxiləçi rolu azaldılmalı, iqtisadi münasibətlər yalnız qanunlarla tənzimlənməli, qeyri-qanuni monopoliyalar aradan qaldırılmalı, milli sahibkarlığın sağlam əsaslarla formalaşması və mövqeyinin güclənməsi siyasətinə üstünlük verilməlidir. Nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatına keçmiş və yaxud keçməkdə olan dövlət-lərdə milli sahibkarlığa cəmiyyətin sosial-iqtisadi, həmçinin siyasi tarazlığını saxlayan qüvvə kimi baxırlar. Ölkəmizdə liberal, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın oturuşması üçün dövlətin vergi, investisiya siyasətlərində, maliyyə sis¬temində bürokratik əngəlləri aradan qaldıran islahatların həyata keçirilməsi zəruridir.
4. Nəhayət, Azərbaycanın iqtisadi təhlükəsizliyini təhdid edən amillərdən biri kimi xarici təsiri göstərmək olar. Azərbaycan xarici iqtisadi fəaliyyətində “açıq qapı” siyasətinə üstünlük versə də iqtisadi təhlükəsizliyi ilə bağlı bir sıra amilləri nəzərə almaq məcburiyyətindədir. Ölkəmiz hər hansı xarici aktorların (dövlət və ya qeyri dövlət olmasından asılı olmayaraq) iqtisadi və o cümlədən, siyasi müstəqilliyimizi məhdudlaşdıran addımlarını neytrallaşdırmaq üçün ilk növbədə sənaye potensialını rəqabətədavamlı səviyyəyə çatdırmalı, idxal-ixrac əməliyyatları və valyuta üzərində nəzarətini gücləndirməli, beynəlxalq korrupsiyanın ölkədaxili korrupsiya ilə birləşməsinin qarşısını almalıdır.
Azərbaycanın milli təhlükəsizliyinin nəzəri əsaslarını təşkil edən digər problemləri təhlil edərkən aşağıdakı nəticələrə gəlmək olar:
1. Keçid dövrünü yaşayan və çoxsaylı ciddi problemləri olan ölkəmizin milli ideologiyaya ehtiyacı olması şübhəsizdir. Bu ideologiya özündə milli, dini və universal dəyərləri birləşdirir.
2. Milli mənəvi mədəniyyətə əsaslanmadan və onu qorumadan güclü milli dövlətin yaranması və inkişafı mümkün deyil. Bu baxımdan Azərbaycan dövləti milli mənəvi mədəniyyətin qorunmasını strateji vəzifələrindən biri hesab edir.
3. Ekoloji təhlükəsizliyin təmin edilməsinə ilk növbədə milli genefondun qorunma vasitələrindən biri kimi baxmaq lazımdır. Ekoloji problemləri həll etmək üçün Azərbaycan dövlətinin çoxsaylı tədbirlər həyata keçirməsinə ciddi ehtiyac var.
4. Demoqrafik problemlərin yaranma səbəblərinin çeşidli olması dövlətin sosial-iqtisadi sferada geniş islahatlar həyata keçirməsini zəruri edir. Bu islahatların məqsədi əhalinin yaşayış səviyyəsini qaldırmaqla demoqrafik təhlükəsizliyi təmin etməkdir.
5. Azərbaycanın informasiya təhlükəsizliyi əsasən iki aspektə söykənir: ölkənin müasir dünya sivilizasiyasına qovuşmasını təmin etmək və informasiya sahəsində milli mənafeyi qorumaq. Son illərdə Azərbaycan dövləti informasiya təhlükəsizliyini təmin etmək istiqamətində bir sıra mühüm addımlar atsa da, bu sahədə görüləsi çox işlər var. Nəzərə alsaq ki, XXI əsr informasiya əsri hesab edilir, onda informasiya təhlükəsizliyinin ölkənin milli təhlükəsizliyinin başlıca as¬pekt¬lərindən biri kimi qəbul etmək olar.
Beləliklə, deyilənlərə yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycanın milli təhlükəsizlik baxımından ciddi problemlərinin olması ilə yanaşı ölkəmizin bu problemləri həll etmək imkanlarını da qiymətləndirmək lazımdır. Fikrimizcə, Azərbaycan milli təhlükəsizliyini sözün tam mənasında yalnız milli iradəyə əsaslanaraq yeridilən məqsədyönlü daxili və xarici siyasət strategiyalarını həyata keçirməklə təmin edə bilər.


Şərhlər