Adam ATV-yə baxıb, içmək istəyir!

Etibar EliyevEtibar ƏLİYEV

“Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun telekanalında ən maraqlı veriliş “Nanəli”dir. Bu verilişə həqiqətən sanballı sənətkarlar dəvət olunur və özəllik ondan ibarətdir ki, səviyyəli deyişmələr var.

Ötən bazar veriliş Alim Qasımovun qarşıdan gələn yubileyinə həsr olunduğundan olduqca maraqlı idi. “Nanəli”nin qüsuru ondan ibarətdir ki, reklamlara ayrılan vaxt çoxdur. Televiziyalarımız reklam işlərində hələ milli - mənəvi dəyərlərimizi və müsəlman olduğumuzu dərk edə bilməyiblər. Kimsə deyə bilər ki, spirtli içkilərin reklamı yaxşı gəlir gətirir. Bizim televiziyaların rəhbərləri materialist olduqlarından elə əsas prioritet budur. Bizdən fərqli olaraq, qonşu Türkiyədə heç “Həci pivəsi”ni də reklam etmirlər. Ruslar televiziyalarında arağı bizdən az reklam edirlər.

Müsəlmançılığı qoyaq bir tərəfə, axı televiziyalara gənc və yeniyetmələr də baxır. Spirtli içkilərin təbliğatının mənəvi-psixoloji tərəfini kimsə televiziya rəhbərlərinə başa salacaqmı? Spirtli içkilərin düşünülmüş şəkildə edilən reklamlarını heç bir əxlaq qaydalarına sığışdırmaq mümkün deyil. ATV kanalında araqlar barədə işlədilən ifadələrə diqqət edin:

"Knyaz" arağı: Sizə təbiətin özü kimi gələcək;

Hər dənəsində zəhmət və təbiilik olan buğda dənələri;

Başı uca qarlı dağlardan süzülən buz kimi saf su sizə keçmişin xoş anlarını qaytaracaq;

Əsl gücü - xoş anlarınızı onunla qeyd edərkən hiss edəcəksiniz;

"Vodka Graff": Zadəganlıq və azadlıq, unudulmayan cazibə və dad.

Bu ifadənin müəlliflik hüququ ATV-yə məxsusdur. Sən demə elə araq var ki, insanı hörmətdən salmırmış, ona zadəganlıq gətirirmiş, onda asılılıq yox, azadlıq yaradırmış. Bunun dibində necə yatmayasan?

"Vodka Sekret": süfrənin sirri, ləzzətin özü, həzzin açarıdır:

Onunla həyatın dadı bam–başqadır;

Dum-duru ecazkar dadı kəşf et, sirri özündə saxla;

Qoy bu bizim “sekret”imiz olsun.

Bu reklamlarda səsləndirilən qiymətli sözlərdən sonra içməyən adamların da könlündən içmək keçir.

Ən maraqlısı isə “Naşa vremya” arağının reklamıdır: Qəşəng bəzədilmiş süfrənin ətrafında bir neçə nəfər oturub, bir–ikisi isə var-gəl edir və saata baxırlar. Maraqlıdır ki, saat 11:30-u göstərir. Yəni bu arağı günortaya qədər də içmək olar. Birdən qapı açılır və əlində iki araq şüşəsi olan birisi içəri daxil olur. Ciddi bir səs: “Naşa Vremya - güclü zamanların seçimi”.

Bu reklamda bir az yarımçıqlıq hiss olunurdu. Məsələn, həmin məclisdə Vüqar Qaradağlının sağlığına badə qaldırılmalı idi. Arağa olan hörmət və ehtirama görə bu yerinə düşərdi...

Ölkədə dərman bitkiləri araq qədər reklam ounmur. Yaxşı bir ideyanı yaddan çıxarıblar: kəklikotu, zirinc, baldırğan araqlarını reklam edib, müalicəvi cəhətlərindən danışa bilərlər. Bu arağa olan hörməti daha da artıra bilər.

Hara baxır, Şeyximiz. Müsəlman ölkəsində belə şeylər olarmı? Halal kolbasanı başa düşdük, indi arağı da hallalaşdırırlar?

Hara baxır, Nuşirəvan Məhərrəmli. ANS-dən sonra deyəsən iş yoxdur, hə! Rusiyada istehsal olunan spirtli içkilərin etiketində onun ziyanı barədə bir cümlə olsa da nəsə yazılır. Bizim fərqimiz ondan ibarətdir ki, ziyanı çox qabartmırıq. Nəyə lazımdır, kiminsə xətrinə dəyə bilər. Deyilir ki, nə qədər istəyirsiniz için, ağ günə çıxacaqsınız.

Deyəsən televiziyaların ölkədəki kriminogen durumla bağlı heç bir öhdəliyi yoxdur. Spirtli içkilərin reklamlarından görünür ki, içdikcə “zədaganlıq və azadlıq” qazanırsan, həyatın bam-başqa dadını duyursan.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar