Vəkil Bəhruz Bayramov mayın 21-də Bakı İstintaq Təcridxanasında jurnalist Pərviz Həşimli ilə görüşüb.
Pərviz Həşimlini Təvəkkül Qurbanovla birlikdə ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilib. Mayın 15-də Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir neçə gündən sonra Pərviz Həşimli MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bəhruz Bayramov “Media forum” saytına bildirib ki, Pərviz Həşimli Bakı İstintaq Təcridxanasına köçürülməsinə çox sevinir: “O, buranın şəraitini daha yaxşı hesab edir. Buranın otaqları genişdir, kameralarda televizor var, ailəsi ilə həftədə iki dəfə əlaqə saxlaya biləcək. Pərviz Həşimlini müayinədən keçirirdilər. Hələ ki, karantindədir. Səhhəti pis deyil. Ailəsinin və qızının gələcək taleyindən çox narahatdır. Pərviz Həşimlinin həyat yoldaşı işləmir”.

Şərhlər