Ermənilərin Füzuli istiqamətindəki hücumunun cəhdinin qarşısı alındı

Ermənilər yenə cəbhə bölgəsində atəşkəsi pozaraq mövqelərimizə hücuma keçiblər. Məlumata görə, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hərbçilərimizin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.

Düşmənin kəşfiyyat-diversiyası zamanı yaralanan gizir Məmmədov Murad Asif oğlu, əsgərlər - İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər.

Hərbçilərin vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.

Ermənilərin təxribatının qarşısının alındığı istiqamətdə hazırda vəziyyət Azərbaycan ordusunun tam nəzarəti altındadır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytetnant Vaqif Dərgahlı ermənilərin təxribatının qarşısının alınması ilə bağlı “Trend”ə danışarkən bildirib ki, Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində ayıq-sayıqdır və düşmənin hər hansı təxribatının qarşısını almağa hazırdır.

Onun sözlərinə görə, cəbhə xəttində erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq hücum və basqın cəhdləri olur. Srağagün gecə isə bu daha ciddi şəkildə olub: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin bu cəhdinin qarşısı dərhal alınıb. Qeyd edim ki, atəşkəs ermənilər tərəfindən tez-tez pozulur və mövqelərimizə ciddi basqın cəhdləri bundan əvvəl də bir neçə dəfə olub. Məsələn, bu ilin yanvar ayında erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin cənub-qərb istiqamətində, Xocavənd rayonunun şərqindən qoşunların təmas xəttini keçmək cəhdi indikindən daha ciddi idi. Budəfəki isə növbəti cəhdlərdən biri idi”.

V.Dərgahlı hesab edir ki, erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq müxtəlif istiqamətlərdə belə cəhdlərin Azərbaycan tərəfinin sayıqlığını yoxlamaq, qoşunların təmas xəttində boşluqlar tapmaq, taktiki gediş və ya hansısa siyasi oyun məqsədi ilə edildiyi istisna olunmur: “Lakin onlar nə edirlərsə etsinlər, yenə Silahlı Qüvvələrimiz bütün cəbhə boyu öz sayıqlığını itirmirlər, həmişəki kimi düşmənin bütün cəhdlərinin qarşısını almağa hazırdırlar və alırlar da. Buna heç kimin şübhəsi olmasın. Düşmən itkilər verib. Hələlik ermənilər tərəfindən verilən itkinin sayı barədə dəqiq məlumatımız yoxdur, amma dəqiq bilirik ki, bu itkilər var. Yəqin ki, erməni tərəfi qısa müddətdə öz itkiləri barədə məlumat verəcək”.

Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, son dəqiqəyədək olan məlumata görə, cəbhənin Füzuli rayonu ərazisində ermənilərin basqına cəhd etdiyi istiqamətdə sakitlikdir, atışma yoxdur. Mövqelərdə də heç bir dəyişiklik baş verməyib: “Hərbçilərimiz ermənilərə müdafiənin ön xəttinə heç yaxınlaşmağa belə imkan verməyiblər. Çünki düşmənin bu basqın cəhdi qabaqcadan aşkar olunub və dərhal da hərbçilərimizin igidliyi və sayıqlığı nəticəsində qarşısı qətiyyətlə alınıb. Atışma zamanı ordumuzun 3 hərbi qulluqçusu yaralansa da, onların yaraları yüngüldür. Hamsının da vəziyyəti kafi qiymətləndirilir və heç birinin həyatı üçün təhlükə yoxdur”.

Erməni təxribatının mayın 21-i Çinin Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının yekun bəyannaməsinə Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi bəndin salınmasından sonra və Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Rusiyaya səfəri ərəfəsində baş verməsi təsadüfi görünmür.

Qeyd edək ki, İran, Rusiya və Çin kimi böyük dövlətlərin prezidentlərinin də iştirak etdiyi 24 ölkənin qəbul etdiyi yekun bəyannamədə ciddi məqamlar var.

Bəyannamədə deyilir: “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə ATƏT-in Minsk Qrupunu münaqişənin həll olunması istiqamətində öz səylərini daha da artırmağa çağırırıq”.

Üzv ölkələr razılığa gəliblər ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək. İştirakçı ölkələr BMT nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq bir-birilərinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipini qoruduqları, o cümlədən istənilən dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəkləri barədə öhdəlik götürüblər.

Bəyannamədə o da qeyd olunur ki, üzv ölkələr münaqişələri sülh yolu ilə həll etmək, dövlətlərin daxili işlərinə qarışmamaq, legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməmək, eləcə də insan hüquqlarının qorunması, iqtisadi, sosial, mədəni və humanitar xarakter daşıyan beynəlxalq problemlərin həllində birgə əməkdaşlıq barədə qərarı dəstəkləyiblər. “Biz beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik” deyilən bəyannamədə separatizm və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyi və sabitliyinə təhlükə olduğu vurğulanıb.

Bundan əlavə, digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkətlərin və təşkilatların dəstəkləməyəcəyi, ərazilərin hər hansı separatçı hərəkatlar və təşkilatlar tərəfindən istifadə olunmayacağı, separatçılarla istənilən növ münasibətin və ünsiyyətin yaradılmayacağı qətiyyətlə bəyan edilib.

Z.Həsənovun Rusiya səfərinə gəlincə, o, Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı müdafiə naziri Z.Həsənovun Rusiyanın müdafiə naziri S.Şoyqu və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.

Ekspertlərə görə, Şanxayda İran və Rusiya prezidentlərinin də razılığı ilə qəbul olunan yekun bəyannaməyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəndin salınması və bunun ardınca Azərbaycanın müdafiə nazirinin Moskvada Rusiya və İran müdafiə nazirləri ilə görüşünün planlaşdırılması erməniləri narahat edib. Onlar regionun iki böyük dövlətinin Azərbaycanla münasibətlərinin yaxınlaşmasını həm özlərinə təhlükə hesab edirlər, həm də göstərmək istəyirlər ki, İran və Rusiya kimi ölkələrin Azərbaycanın xeyrinə olan sənədin qəbul edilməsinə razılıq vermələri onları çəkindirmir. Bu səbəbdən də cəbhə bölgəsində təxribatlara əl atırlar. Bununla həm də münaqişənin mümkün həllini əngəlləməyə, vaxt uzatmağa çalışırlar. Belə olan halda sülh danışıqları məsələsi arxa plana keçir və beynəlxalq təşkilatlar tərəfləri atəşkəsə çağırırlar.

Münaqişənin həlli imkanlarına gəlincə, son vaxtlar beynəlxalq təşkilatlar problemin həllini mümkün qədər tezləşdirməyə çağırırlar.

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev özünün twitter səhifəsində Dağlıq Qarabağ problemindən yazıb. Prezident bildirib ki, bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər: “Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı müharibəyə başladılar. Bu müharibə nəticəsində bizim ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir. Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcəkdir. Biz öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndinə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa, bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik”.