Müştəriləri on bankın 350 milyon manatını qaytarmır

Ölkənin ən iri kommersiya bankları problemli kreditlər məngənəsində boğulur

Azərbaycan Mərkəzi Bankının (AMB) ilin birinci rübünə dair məlumatında vaxtı keçmiş kreditlərin həcminin 853 milyon manata yüksəldiyini xəbər vermişdik. Təəssüf ki, AMB-nın açıqlamasında qaytarılmayan vəsaitlərin strukturu göstərilmir. Bu səbəbdən əsas hansı sahələrə qoyulan kreditlərn qaytarılmasında risklərin mövcud olduğunu təhlil etmək çətindir. Yalnız bankların audit və rüblük hesabatlarına əsasən müəyyən analizlər aparmaq olar. Apardığımız araşdırma zamanı məlum oldu ki, ölkədə fəaliyyət göstərən bankların əksəriyyətinin maliyyə hesabatlarında informasiya kasadlığı var. Bir qismi nəinki rüblük, heç ötən ilin audit hesabatını yerləşdirməyib, bir qismi hesabatlarını ingilis dilində təqdim edir. Bütün bu çətinliklərə baxmayaraq, aşağıdakı adlarını çəkəcəyimiz banklardan müəyyən məlumatlar əldə edə bildik.

Beləliklə, öncə bir sıra bankların ümumi kredit portfelinə və vaxtı keçmiş kreditlərin həcminə nəzər yetirək:

 

 

Bankların adı Ümumi kredit portfeli Vaxtı keçmiş kreditlərin həcmi Əhatə etdiyi dövr
Unibank 613,1 mln. 4,8mln. 2013-cü audit hesabatı
AGBank   41,6 mln. manat 2014. I rüb
Amrahbank 82,8 mln. 12.2 mln. 2013. audit hes.
AccessBank kreditləri 664,1 mln. 4,2 mln. 2004. I rüb
Bank of Baku 578,8 mln. 32,3 mln..  2014. I rüb
Bank Silk Way 147,9 mln. 3,4 mln. 2013. audit hes.
Bank Respublika 283 mln. 19,2 mln. 2013. audit hes.
VTB- Azərbaycan»  194 mln. 10,7 mln. 2014. I rüb
 Paşa Bank 350,9mln. 52,6 mln. 2013. audit hes.
Kapital Bank 777,3 mln. 172,3 mln. 2013. audit hes.

 

«Unibank»ın ümumi kredit portfelinin 80,5 faizi fiziki şəxslərə verilən istehlak və avtomobil kreditləridir. Yerdə qalan hissəsini korporativ kreditlər təşkil edir. Bu bankda vaxtı keçmiş kreditlərdə ən böyük payı, avtomobil kreditləri tutur- 2,5 milyon manat. Daha sonrakı yerdə sahibkarlara, habelə ipoteka üzrə verilən vəsaitlərin qaytarılmasında kəskin problemlər yaşandığını görmək olur.

«Amrahbank»ın isə audit hesabatına görə, problemli kreditlərin ilk pilləsində fiziki şəxslərdən ibarət olan sahibkarlar tutur. Daha sonra istehlak və avtomobil, ticarət və xidmət sektoruna ayrılan vəsaitlərin qaytarılmasına yaranan problemlər gəlir.

«Bank of Baku»nun 32,3 milyon manat həcmli vaxtı keçmiş kreditinin 29,1 milyonu fiziki şəxslərə verilən istehlak, avtomobil, ipoteka kreditləri təşkil edi.

«Bank Silk Way»də isə vəziyyət bir qədər fərqlidir. Qeyd edək ki, bu bankın kreditlərinin 77,8 faizi hava nəqliyyatına yönəldilir. İstehlak və avtomobil kreditləri heç 1 faiz təşkil etmir. Ona görə də, vəsaitlərin geri qaytarılmamasında əsas pay da hava nəqliyyatlarına yönəldilən pullar tutur.

«Bank Respublika»da isə 19,2 milyon manatlıq vaxtı keçmiş kreditlərinin 15 milyon manatını hüquqi şəxslərə verilən vəsaitlər təşkil edir. Sonrakı pillələrdə avtomobil və istehlak kreditləri dayanır.

Ən diqqət çəkən vəziyyətlərdən biri Dövlət Neft Fondunun aktivlərinin cüzi bir hissəsinin depozit şəkilində yatırdığı «VTB- Azərbaycan» ətrafındadır. Bu bankın kredit portfelinin hamısı Abşeron iqtisadi rayonuna düşür. Vaxtı keçmiş kreditlərin məbləği isə ümumi potfeldə 5,5 faizdir. Vəsaitlərin qaytarılmasında əsas problem sənaye sektoru olduğu göstərilir (6,7 faiz). Bu o deməkdir ki, götürdükləri vəsaitləri geri qaytarmayanlar oliqarx-məmurlara məxsus sənaye müəssisələridir. Sonrakı yeri 4,1 faizlə istehlak kreditləri tutur.

«Paşa Bank» isə kreditlərin demək olar ki, 90 faizini hüquqi şəxslərə verir. -328,9 milyon manat. Ona görə də problemli kreditlər, əsasən, müəssisələrə qoyulmuş vəsaitlər təşkil edir.

«Kapital Bank»da isə vaxtı keçmiş kreditlərin həcminin kifayət qədər böyük -172,3 milyon manat olması diqqəti çəkir. Burada ilk yeri istehlak kreditləri tutur-50,6 milyon manat. Sonrakı pillədə korporativ kreditlərdir. 32 miylon manat büdcə müəssisələri tərəfindən dövlət zəmanəti ilə alınmış, lakin ödənilməyən məbləğdir. Daha sonra sahibkarlıq və ipoteka kreditləri yer tutur. Qaytarılmayan avtomobil kreditlərinin həcmi isə 5,5 milyon manat olmaqla sonuncu pillələrdə qərarlaşır.

Bu məlumatları təhlil etdikdə, Azərbaycan Mərkəzi Banknın istehlak və avtomobil kreditlərinə məhdudiyyətlərin qoyulması ilə bağlı tövsiyyələrini başa düşmək olar. Çünki avtomobil və istehlak kreditlərinin qaytarılmasında ciddi problemlər yaşanır. Bankların vaxtı keçmiş kredit portfelinin strukturunda bu iki istiqamətə yönəldilən vəsaitlər ilk üçlükdə qərarlaşır. Sahibkarlıq subyektlərinə ayrılan vəsaitlərin də bu üçlükdə yer aldığını deyə bilərik. Doğrudur, 10 bankın hesabatı əsasında belə bir qəti nəticəyə gəlmək mümkün deyil. Amma adlarını çəkdiyimiz banklar üzrə təhlildən görünən odur ki, kiçik, orta və iri sahibkarlar kreditləri ödəməkdə çətinlik çəkir.(Bizim yol)