““EuroMediaNews” NATO-Azərbaycan Əməkdaşlıq İnstitutunun müstəqil tele-yayım layihəsidir və İnstitutdan kənar fəaliyyət gostərəcək.” Bunu NATO-Azərbaycan Əməkdaşlıq İnstitunun prezidenti Fərrux Məmmədov yeni media layihəsi ilə bağlı AzPolitika.info-ya danışarkən deyib.
F.Məmmədov bildirib ki, yeni layihənin kollektivi formalaşdırılmaqdadır:
“Onu deyə bilərəm ki, maaşlar Azərbaycan KIV-indəki orta səviyyədən yüksək olacaq. Bizimlə əməkdaşlıq edən hər bir kəslə ilkin olaraq yerli qanunvericiliyə uyğun olaraq, 3 aylıq sınaq müddətinə əmək müqaviləsi imzalanacaq və peşəkarlıq səviyyəsindən asılı olaraq, fəaliyyətin davamlı olub-olmasına həmin müddət bitdikdən sonra qərar veriləcək. Təbii ki, əmək müqaviləsi olacaqdir.”
F.Məmmədov deyir ki, layihənin baş ofisinin Avropa ölkələrinin birində olması nəzərdə tutulub, lakin Bakı ofisi də fəaliyyət göstərəcək.
İnstitut rəhbəri həmçinin bildirib ki, yeni media qurumu qara piara yol verməyəcək.
“Normal Azərbaycan həqiqətlərinin təbliğatı ilə məşğul olacaq və ölkəmizin bu gün üzləşdiyi daxili və xarici problemlərlə bağlı obyektiv və tərəfsiz mövqedən çıxış edəcəyik.
Media qrupumuzda yalnız tv və radio deyil, “EuroMediaNews” adlı qəzetin Azərbaycan və ingilis dillərində nəşr edilməsi də planımızın tərkib hissəsidir.”
Ülkər Musazadə
“Azpolitika”

Şərhlər