Ədliyyə Nazirliyi Penitensiar Xidməti NİDA-çı məhbus Bəxtiyar Quliyevin bəyanatını yayıb. Bəxtiyar Quliyev müraciətində yazır ki, NİDA-nın üzvlüyündən imtina edir:«Mənim bu addımıma səbəb həbsdə olduğum dövrdə özüm-özümü tapmağım, təxribatçı qüvvələrin yanlış fikirlərini həyata keçirdiyimi dərk etməyimdir».

Bəxtiyar Quliyevin ailəsi və vəkili ilə telefon əlaqəsi saxlamaq mümkün olmayıb.

Keçmiş NİDA-çı Nicat Məmmədbəyov «Facebook» səhifəsində Bəxtiyar Quliyevin İlham Əliyevə «əfv məktubu» yazmasını təsdiqləyərək bu davranışa münasibətini də bildirib: «Yaxşı edib yazıb. Bəxtiyar mənim üçün elə həmin Bəxtiyardır. Bu, heç nəyi dəyişmir».

NİDA Vətəndaş Hərəkatının 8 üzvü 6-8 il, o cümlədən Bəxtiyar Quliyev 7 il azadlıqdan məhrum edilib.

Onlar, əsasən, kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirləndirilirlər.