“Avropa məkanında Azərbaycanın maraqlarının müdafiə olunması cəmiyyətlə yaxından konframasiya əlaqələrinin qurulması, ölkəmiz haqqında daha obyektiv fikirlərin çatdırılması baxımından düşünürəm ki, bu cür media təşkilatına ehtiyac var”.
Bunu AzPolitika.info-ya açıqlamasında millət vəkili Zahid Oruc NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədovun rəhbərliyi ilə Avropada Azərbaycan media layihəsinə start verilməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Rusiya-Ukrayna arasındakı bəlli konfliktdən sonra belə məlumatlar gəzir ki, regionda Rusiyanın dominantlığı güclənəcəkdir: “Bu baxımdan bu cür informasiya məkanının açılmasını yalnız alqışlamaq lazımdır və mən bunu çox müsbət qiymətləndirirəm. Lakin qeyd edim ki, Avropa kimi bir məkanda informasiya qrumu olaraq ayaqda qalmaq elə də asan deyil. Çünki yetəri qədər iri informasiya qurumları illərlə özlərini təsdiq edə bilməyib. Bu gün Fərrux Məmmədovun rəhbərliyi ilə açılan informasiya qurumu Azərbaycanın dostları klubunda yer alacaqsa və Azərbaycan haqqında obyektiv fikirlərin çatdırılmasını həyata keçirə biləcəksə buna yalnız sevinmək lazımdır”.
Zahid Oruc yeni yaranan Media-Qurumuna dövlət dəstəyindən də danışdı: “Hesab edirəm ki, dövlətin yetəri qədər ictimai qayğıları var və bu baxımdan hər bir məsələdə dövlətin dəstəyini ummaq düzgün deyil. Əlbəttə, yeni yaranan media-qurum öz fəaliyyətləri ilə buna nail ola bilər. Onu da vurğulayım ki, Azərbaycan naminə olunan hər bir addım dövlət tərəfindən dəstəklənərsə və ona maliyyə ayrılarsa bu hamımız tərəfindən yalnız alqışlanacaqdır”.

Şərhlər