“Maliyyə yeyintiləri haqqında bütün informasiyaları Emil Məmmədova Maliyyə şöbəsinin müdiri Mahir Kərimov şəxsən danışırdı”
Salyanda həbs olunan "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova AzPolitika.info-ya danışıb. Onunla söhbəti təqdim edirik.
- Sənubər xanım, Emil Məmmədovun istintaqında nə yenilik var?
- Emilin istintaqında hələ ki, heç bir yenilik yoxdur. Gözləyirik. Elçin Sadıqov onun vəkilidir.
- Yoldaşınızdan şikayətçi olanlar kimlərdir, onlar Emil Məmmədova qarşı hansı ittihamları irəli sürürlər?
- Şikayətçilər Salyan rayon Telekommunikasiya qovşağının müdiri Faiq Nəcəfov, icra başçısı Tahir Kərimov və Salyan rayon Maliyyə şöbəsinin müdiri Mahir Kərimovdur. Faiq Nəcəfov eyni zamanda Tahir Kərimovun yaxın qohumudur. Emil Məmmədovun həbsində məhz bu insanlar təqsirkardır.
- Bu həbsin arxasında nə durur?

- Mahir Kərimovla Emil Məmmədov məhkəmədə qarşılaşdılarmı?
- Bəli. Emil ona məhkəmədə öz sözünü dedi. Dedi ki, bu məlumatları sən mənə ötürə-ötürə indi necə üzümə dura bilərsən axı? Emil Məmmədov onların zibillərini açdığına görə, Respublika Prokurorluğuna, DİN-ə, ən başlıcası da Prezidentə müraciət etdiyinə görə həbsə atıldı. Mahir Kərimov boynuna aldı ki, onu işdən çıxarılaraq həbs ediləcəyi ilə təhdid ediblər. Mahir də həbs edilməməsi üçün Emili qurban vermək qərarına gəlib.
- Emil Məmmədovun əlində həmin yeyintilər və talama ilə bağlı faktlar var idimi?
-Bəli, var idi. Həmin sahibkarların adları da var. Lakin düşünürəm ki, bu faktları Mahir Kərimovdan soruşmaq gərəkdi. Prezidentə və Ramiz Mehdiyevə müraciətdə də bu faktlar göstərilib.
- Dövlət rəhbərlərinə müraciətlərə cavab gəlibmi?
- Emilin özünə cavab məktubu gəlib və Salyanda yoxlama aparılacağı haqqında xəbər verilib. Lakin hələ ki, yoxlama aparılmayıb. Hələ yoxlama aparmamış Emil Məmmədov şər-böhtanla həbs edilib.
- Həbsindən sonra yoldaşınızla görüşmək imkanınız olubmu?
- Xeyr, görüşməyə icazə vermirlər. Bu gün Emil Məmmədov artıq 21 gündür həbsdədir. Emil Məmmədovun qardaşı dəfələrlə bu işi aparan müstəntiq Əlibaxış Mədiyevə müraciət etsə də, görüşmək üçün icazə verilməyib.
- Yerli camaatın bu həbsə münasibəti necədir?
- Yerli camaatın bu həbsə münasibəti çox pisdir. Ümumiyyətlə, Salyanda vəziyyət çox acınacaqlıdır. Emil Məmmədovun həbsi ilə bağlı 350 nəfər Azərbaycan Respublikasının Prezidentinə ərizə ilə müraciət edib. Lakin onu da qeyd edim ki, imza toplamada iştirak edən çox sayda insanları polisə çağırırlar, onlara təzyiq edirlər. Bütün Salyan əhli ayağa qalxıb. Çünki hər kəs Emil Məmmədova qarşı bu əməlin şər-böhtan olduğunun fərqindədir. Mən yoldaşımın hüquqlarını müdafiə edəcəm. Çünki bu məhz Tahir Kərimovun ona atdığı böhtandır. Mən eyni zamanda Mehriban xanım Əliyevadan məni qəbul etməsini xahiş edirəm. 10 dəqiqəlik də olsa məni dinləməsini rica edirəm.
Ülkər Musazadə
“Azpolitika”


Şərhlər