Azərbaycan tərəfi bu layihəni Iranın reallaşdıracağını deyir
Miyanə-Ərdəbil-Muğan (Parsabad, Germi və Biləsuvar) dəmir yolu xəttinin gələcəkdə Azərbaycanın dəmir yolu xəttinə birləşdirilməsi nəzərdə tutulub.
Bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş azərbaycanlı jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Miyanə-Ərdəbil-Muğan bölgəsi dəmir yolu layihəsinin icrasına bir neçə ildir ki, başlanıb: “Indiyə kimi bu layihənin icrasına 300 milyard tümən (117 milyon dollar) investisiya qoylub. Bu layihə bizim milli layihələrimizdəndir”.
O, əlavə edib ki, Miyanədən Ərdəbil istiqamətində Xalxal şəhəri yaxınlığında dəmir yolunun çəkilməsi üçün çoxlu körpü tikilməli və tunellər qazılmalıdır. Tunellərin uzunluğu 23 kilometrdir: “Iş ağır olduğuna görə işlər Miyanə-Ərdəbil istiqamətində bir az ləng gedir. Layihənin yeni podratçısı bəllidir və bu layihəni sərmayə yatırmaq yolu ilə davam etdirməyi planlaşdırırıq. Dəmir yolunun Ərdəbildən Parsabad şəhərinə kimi olan hissəsinin tikintisinə ikinci mərhələdə başlanacaq və Azərbaycanın dəmir yoluna birləşdiriləcək”.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq dəhlizi çərçivəsində də hazırda Qəzvin-Rəşt-Astara (Iran) - Astara (Azərbaycan) dəmir yolunun tikintisi davam etdirilir. Iranın dəmir yolu bu vasitə ilə Azərbaycan dəmir yoluna birləşəcək. Bu dəmir yolu layihəsinin 2015-ci ilin əvvəllərində başa çatacağı ehtimal olunur.
“Azərbaycan Dəmiryolu” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov “Azadlıq”a açıqlamasında bildirib ki, hazırda şimal-cənub nəqliyyat dəhlizi üzərində iş gedir. Iranın öz dəmiryolu xəttini Azərbaycana birləşdirməsi barədə məlumatın ölkəmizə aidiyyəti olmadığını deyən Nadir Əzməmmədov, sözügedən layihəni güman ki, qonşu dövlətin reallaşdıracağını vurğulayıb.

Şərhlər