Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində təxminən 2 ay əvvəl qeydə alınan skandalın əks-sədası davam edir. Azpolitika.info-ya bölgədəki mənbələrdən daxil olan məlumata görə, Komitə sədri Malik Rzayevin öz kabinetində döyülməsi ilə üzə çıxan rüsvayçılığı hüquq-mühafizə orqanları ört-basdır etməyə çalışsalar da, hələ də bütün Naxçıvan bu hadisədən danışır və MR rəhbərliyinin qəbul edəcəyi qərarı gözləyir.
Xatırladaq ki, nazir statusunda olan komitə sədrinin xidməti kabinetində döyülməsi qısqanclıq zəminində olub. Malik Rzayevi öz kabinetində döyərək müxtəlif xəsarətlər yetirən şəxs onun öz işçisi və qonşu kəndçisidir. Hadisədən sonra hər iki tərəf polisə şikayət edib, lakin “səbəbkarın” və Komitənin digər işçilərinin ifadələri əsasında məhz döyəni "günahkar" çıxarmaq mümkün olub.
Bizə verilən məlumata görə, hazırda isə hadisəni hətta şantaj cəhdi kimi qələmə verməyə çalışırlar. Bunun sayəsində də hadisənin ilk günlərində kabinetindən çölə çıxmayan komitə sədri indi hətta camaat arasına da çıxır...
“Naxçıvanda hamı bu işə məəttəl qalıb. Necə oldu ki, Vasif müəllim belə biabırçılığa göz yumdu, Malik Rzayevi cəzalandırmadı”, deyə mənbəmiz bildirir. Lakin onu da əlavə edir ki, çox güman bu, Malik Rzayevin Məhərrəm Talıbovla sinif yoldaşı və dost olması ilə bağlıdır...
Mənbəmiz Naxçıvan tarixində anoloqu olmayan hadisə ilə üzləşmiş – öz kabinetində basılmış komitə sədrinin fərari olduğunu, vaxtilə hərbi xidmətdən yayınmaq üçün o vaxtkı pulla 300 min manat pul verdiyini deməyi də unutmadı. Hərbi xədmət keçməmiş bir şəxsin yüksək vəzifə titması isə “Dövlət Qulluğu Haqqında” Qanuna ziddir.
Təəsüf ki, bu məlumatlarla bağlı Malik Rzayevin özü ilə danışmaq cəhdimiz baş tutmadı.
Bununla belə, onun mövqeyini yayımlamağa hazır olduğumuzu bildiririk.
Vaqif NƏSİBOV
“Azpolitika”

Şərhlər