Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin qızı Aytən Səmədzadə baş redaktoru olduğu "İqtisadiyyat" qəzetində dərc olunan qalmaqallı yazının plagiat olduğunu təsdiqləyib. O, AzNews.az-a bildirib ki, baş redaktoru olduğu qəzetə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutundan məqalə verilib: “Məqalə elmlər doktoru, professor Ağadadaş Qafarov və elmlər namizədi İlkin Sultanlı tərəfindən təqdim edilib. Həmin materialı rus dilində iki hissə ilə qəzetdə dərc etdik. Sonra AMEA-nın İqtisadiyyat İnstitutundan aydınlaşdırılıb ki, yazı plagiatmiş. Sən demə, yazı 2008-ci ildə Rusiyada çap olunan bir kitabdan köçürülüb. Amma biz internetdən bu məqaləni tapa bilmədik. Ona görə də, bu məqalənin əsas “müəllifi” Elmlər doktoru, professor Ağadadaş Qafarov işdən azad olunub və elmlər namizədi İlkin Sultanlıya isə töhmət verilib”.
A.Səmədzadə vurğulayıb ki, bu məsələnin Ziyad Səmədzadənin adı ilə bağlanması yolverilməzdir: “AMEA-nın mötəbər təşkilatlarından biri olan İqtisadiyyat İnstitutundan bu məqalə bizə verilib. Amma biz bilmədən bu məqaləni qəzetdə dərc etdik. Yaxın günlərdə qəzetin çıxacaq yeni nəşrində bu məqaləni təkzib edəcəyik. Bildirəcəyik ki, məqalənin plagiat olduğu aydınlaşdırılıb. Ona görə də belə bir xəbəri, millət vəkili Ziyad Səmədzadənin adı ilə bağlamaq düzgün deyil”.
Ziyad Səmədzadənin məsələyə münasibətinə gəldikdə isə A.Səmədzadə bunları deyib: “Atam hər zaman haqqın-ədalətin tərəfdarıdır. Belə işə yol vermək heç bir alimə yaraşmaz”.
Qeyd edək ki, bakupost.az xəbər yayıb ki, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat" qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib. Lakin sonra məlum olub ki, məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. Oğurluq yazı böyük rezonans doğurub. Çünki, təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Şərhlər