Leyla Yunus: “Kim müqavimət göstərmək istəyirsə, gəlsin, birlikdə müqavimət göstərək”

Xəbər verildiyi kimi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyunun 9-da keçirdiyi mətbuat konfransında Repressiyalara qarşı Müqavimət Mərkəzi yaradıb. Mərkəzin məqsədi son dövrlərdə Azərbaycanda siyasi repressiyaların artmasına, fəalların həbs edilməsinə qarşı birgə mübarizə aparmaqdır.

 

Repressiyalara qarşı Müqavimət Mərkəzinin bu gün saat 14:00-da məhbus ailələri ilə birlikdə ilk toplantısının olacağı gözlənilir. Bu barədə musavat.com-a Leyla Yunusun özü məlumat verib. O, mərkəzin ilk toplantısına mətbuat nümayəndələrinin dəvət olunmadığını bildirib.

Leyla Yunus Repressiyalara qarşı Müqavimət Mərkəzinə üzv olanların adlarının mətbuatdan gizlədildiyini də qeyd edib: “Yaratdığımız Repressiyalara qarşı Müqavimət Mərkəzinə indiyə qədər üzv olanlar olub. Amma biz onların adını mətbuata verməyəcəyik. Sovet vaxtında bolşevik rejiminə qarşı Milli Azlıqların Hərəkatı adlı təşkilat var idi. Bu hərəkat 30 ilə yaxın idi ki, davam edirdi. Mən bu hərəkatın üzvü ola-ola 15 nəfərin adını tanıyırdım. Amma təşkilatın üzvləri çox idi. Bəzən toplantıların olmasından belə, üzvlərin çoxunun xəbəri yox idi. Sabah mən tutulsam, təşkilat barədə dolğun məlumatım, toplantıların yeri barədə xəbərim olmamalı idi. Mən indi o hərəkata qayıdıram”.

Leyla Yunus iki saat öncə aldığı xəbər barədə də məlumat verib: “İki saat öncə siyasi məhbusların siyahısını hazırlamaq üçün mənə müraciət ediblər. Artıq o siyahılar hazırdır. Bu siyahını beynəlxalq təşkilatlara və Avropanın XİN-liklərinə göndərəcəm. Sülh və Demokratiya İnstitutu 2009-ci ildən bu yana məhkəmələrin monitorinqini aparır. Siyasi məhbuslarla əlaqədar hər məhkəmənin analizini və hakimin adını veririk. Biz indi 2-3 aya istintaqların monitorinqini aparıb, mətbuata təqdim edəcəyik. İlk olaraq, sizə məlumat verirəm ki, artıq Leyla Yunusun məhbuslarla bağlı yeni siyahısını hazırlayırıq”.

Hüquq müdafiəçisi bu gün saat 14:00-da olacaq toplantıdan da söz açdı: “Bu gün saat 14:00-da məhbus ailələri ilə ilk toplantımız olacaq. Amma mətbuat nümayəndələri olmayacaq. Artıq görüşə hazırlaşıram. Məhbus ailələri də görüşə gələcək. Artıq mənə müraciətlər olub. Hamının gələcəyini demirəm. Kimin ürəyi istəyirsə, gələ bilər. Yəni kim müqavimət göstərmək istəyirsə, gəlsin, birlikdə müqavimət göstərək”.