"Şikayət edən məhkumlara rəis Rauf Məmmədov tərəfindən ağır işgəncələr verilir"
"Penitensiardan gələnin qiyməti 200, Ombudsmandan gələnin 250, İctimai Komitənin qiyməti 300 manatdir"
Bu yaxınlarda Penitensiar Xidmətin 12-saylı Cəzaçəkmə Müəssisəsindəki özbaşınalıqla əlaqədar bir qrup məhkum tərəfindən prezidentə müraciət göndərilmişdi. Məhkumlar korrupsiya, özbaşınalıq, işgəncə faktlarından şikayət edirdilər. Penitensiar Xidmət tərəfindən müraciətin araşdırılacağı bildirildsə də, hansısa tədbir görüldüyü məlum deyil. Dünən 12-saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan məhkum Hüseynov Ceyhun Əbülhəsən oğlunun həyat yoldaşının "AzPolitika.info"-ya göndərdiyi məktubdan isə belə məlum olur ki, prezidentə müraciət göndərmiş məhkumlara təzyiqlər edilir.
Salyan rayonu Əlövsət Quliyev kücəsi ev 17-də yaşayan Hüseynova Esmira Bəxtiyar qızının müraciətini olduğu kimi təqdim edirik: "Mətbuatda Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssiəsində baş alıb gedən korrupsiya, özbaşınalıq, işgəncə faktları ilə əlaqədar məhkumların yazdıgı müraciət dərc olundu. Müraciəti imzalayanlardan biri həmin Müəssisədə saxlanılan həyat yoldaşım Hüseynov Ceyhun Əbülhəsən oğludur. Ceyhun həmin müraciətə imza etdiyi ücün 12-saylı CÇM-nın rəisi Rauf Məmmədovun təzyiqlərinə məruz qalıb. Ceyhuna hədə-qorxu gəlib, təzyiq edir ki, ərizə yaz təkzib et ki, müraciətdəki imza mənə aid deyil, müraciətdən xəbərim yoxdur.
Ceyhun isə bunu rədd etdiyi ücün rəis Rauf Məmmədov ona təzyiqlər edir. Ceyhun deyir ki, müraciətdə göstərdiyimiz faktların hamısı göz qabağındadır. 12-saylı CÇM-də həqiqətən məhkumlara cox pis yemək verildiyndən, məhkumların qohumları görüşə gələndə 50-60 kq ərzaq aparırlar ki, özləri hazırlayıb yesinlər. Oranın yeməyini yeməsinlər, xəstəlik taparlar.
Mən özüm hər dəfə görüşə gedəndə borc-xərc edib gedirəm ki, Ceyhun orda xəstəlik tapmasın. Hər görüşə gedəndə əməkdaşlar çəkinmədən məndən pul alırlar. Gedin 12-saylı CÇM-nın qarşısına, bu faktları gözünüzlə görün. Bəli, Ceyhuna yanvar ayında 12-saylı CÇM-nın rəisi Rauf Məmmədov, müavin Qacay Aslanov və başqalari ağır işgəncə verib, vəhşicəsinə onu döymüşdülər. Çunki əşyalarının itməsinə etiraz etmişdir. Əlini ayaqlarını qandallayıb döyüb, bir gün şaxtalı acıq havada üstünə su töküb, saxlayıblar. Həmin vaxt etdiyimiz şikayəti Penitensiar Xidmətin Bəhruz adlı əməkdaşı araşdırmışdır. Onu da 200 manatla yola salıblarmış. Cünki həmin ərəfədə rəis Ceyhuna deyib ki, hara şikayət etsəniz xeyri yoxdur. Penitensiardan gələnin qiyməti 200, Ombudsmandan gələnin 250, İctimai Komitənin qiyməti 300 manatdir. Sənin yox, mənim sözümü deyəcəklər.

Komputer oyunu, telefonda danışmaq, camaşırxana, hamam, kafe, cayxana, yarus kravatda yatmaq, idman zalında məşq etmək, saç saxlamaq, vaxtından əvvəl uzunmüddətli görüş, həvəsləndirmə tədbiri, tibb hissəsində qalmaq, ayaqqabı təmiri, dərzi - hamısı pulludur.
Bir faktı qeyd edim, gedib yoxlasınlar, dağa-daşa düşməsinlər.Telefonla pul verib danışırlar. Ceyhun deyir ki, həftədə hər məhkuma qanunla 15 dəqiqə olmaqla, 2 dəfə qohumları ilə telefon əlaqəsi saxlamaq nəzərdə tutulub. Hətta telefon danışığı otağının qapısında iş günləri 1-ci gündən 5-ci günədək yazılıb. Ancaq hər gün istənilən vaxt 5 manat verib "vızıv" atıb danışmaq olur ki, bu da küllü miqdarda pul edir.
Bunu aşkar etmək ücün rabitə və informasiya Nazirliyindən 12-saylı CÇM-ndə məhkumların danışması ücün ayrılmış telefonlara daxil olan və cıxan zənglərin cıxarışını alıb, arşdırmaq kifayətdir.
Hazırda 12-CÇM-da məhkumların həyat və sağlamlıqları ciddi təhlükədədir.
Mən mətbuat vasitəsi ilə Prezident Cənab İlham Əliyevə müraciət edirəm!
Cənab Prezident, 12-saylı CÇM-də işgəncə, korrupsiya, özbaşınalıq baş alıb gedir. Şikayət edən məhkumlara ağır işgəncələr verilir. Xahiş edirəm nəzarətinizlə orada ciddi araşdırma aparıb təcili-təsirli tədbirlər görəsiniz".
Qeyd edək ki, general Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin edildikdən sonra Cəzaçəkmə Müəssisələrində bir sıra müsbət dəyişikliklər olduğu faktdır. Xüsusən, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların sağlamlığının qorunması ilə bağlı uzun illər ictimaiyyət tərəfindən tənqid olunan məsələlərdə bir sıra dəyişikliklər həyata keçirildi. Bu da həbsxanalardakı problemlərin tezliklə aradan qaldırılacağına ümid yaradırdı. Ancaq son vaxtlar ortaya çıxan məlumatlar da göstərir ki, Mədət Quliyevin də islahatları bir yerə qədərmiş... Həbsxanalarda rüşvət, korrupsiya sahəsində nəinki müsbət dəyişikliklər olub, əksinə, bu sahələrdə vəziyyət bir qədər də ağırlaşıb. Bu da Mədət Quliyevin Penitensiar Xidmətə rəis təyin edildikdən sonra başlatdığı islahatların sadəcə beynəlxalq təşkilatların bu sahədəki tənqidlərini yumşaltmağa xidmət etdiyi ehtimalını yaradır. Çünki beynəlxalq təşkilatların təmsilçiləri adətən cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin monitorinqini aparırlar. Məhkumlardan pul yığılması, onların qidalanması məsələləri isə diqqətdən kənarda qalır. Elə bu səbəbdəndir ki, bu sahələrdə vəziyyət getdikcə daha da pisləşir. Bunu həbsxanalardan prezidentə göndərilən müraciətlərin artması da təsdiqləyir.
Penitensiar Xidmətin və 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Rasim
AzPolitika.info

Şərhlər