Hakim Həsən Əhmədov: «Deyəsən, özünüzü məhkəmədə hiss eləmirsiniz. Vızıldamağı kəsin...»

NIDA-çılar: «Günahsız, gənc adamları tutub basmısız bura, hələ bir mərifətdən-qanacaqdan da danışırsız...»

Bakı Apelyasiya Məhkəməsində NIDA-çı fəallar - Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Ilkin Rüstəmzadə, Şahin Novruzlu, Məmməd Əzizov və Üzeyir Məmmədlinin şikayəti üzrə ilkin baxış iclası keçirilib. Gənc fəalların özləri də məhkəmədə iştirak edirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən bir müddət sonra təcridxanadan dövlət başçısına əfv ərizəsilə müraciət edən, həmçinin “təxribatçı qüvvələrə qoşulmasından peşmançılıq çəkdiyi” haqda bəyanat verən, vəkillərindən imtina edən Bəxtiyar Quliyev isə məhkəməyə gətirilməmişdi.

Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə iclası başlayan kimi NIDA-çı fəallar prosesin təxirə salınmasını istəyiblər. Buna səbəb kimi, vəkillərinin hamısının məhkəmədə iştirak etməməsini göstəriblər.

“Biz burada iştirak edən vəkillərimizdə yanaşı, digər müdafiəçilərimiz Elçin Sadıqov, Cavad Cavadlı, Yalçın Imanovun da prosesdə iştirakının təmin olunmasını istəyirik”, - deyə gənc fəallardan Rəşad Həsənov bildirib.

Hakim onların heç birinin müdafiəçisiz qalmadığını, digər vəkillərinin iştirakı ilə prosesin davam etdirilməsinin mümkünlüyünü desə də, gənclər razılaşmayıb. Rəşad Həsənov bildirib ki, prosesin bütün vəkillərinin iştirakı ilə keçirilməsi onun müdafiə hüququdur. O da bu hüququnun təmin olunmasını istəyir.

Prokuror prosesin həmin vəkillərin iştirakı olmadan davam etdirilməsinin tərəfdarı olsa da, müdafiəçilər Xalid Bağırov, Elton Quliyev buna etiraz edib. Bildiriblər ki, təqsirləndirilən şəxsin istədiyi vəkilin iştirakı olmadan prosesin davam etdirilməsi müdafiə hüququnun pozulmasıdır.

Müzakirələr zamanı hakim Həsən Əhmədovla gənc fəallar arasında mübahisə yaşanıb. Hakim onların öz aralarında söhbətləşməsini irad tutub: “Deyəsən, özünüzü məhkəmədə hiss eləmirsiniz. Vızıldamağı kəsin...”

Bu ifadə təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Onlar bu cür ifadələr işlətməsini hakimə irad tutaraq, əlavə ediblər:

- Axı bura məhkəmə deyil...

Hakim:

- Məhkəmə deyilsə, niyə müraciət etmisiniz? Mərifətiniz, qacağınız olsun.

- Avropa Məhkəməsinə getmək üçün müraciət eləmişik. Günahsız, gənc adamları tutub basmısız bura, hələ bir mərifətdən-qanacaqdan da danışırsız...(azadıq.info)

Qeyd edək ki, Avropa Insan Hüquqları Məhkəməsinə müraciət etmək üçün bütün yerli məhkəmə instansiyalarını keçmək tələb olunur.

Məhkəmənin bütün vəkillərin iştirakı ilə davam etdirilməsinə dair vəsatəti müzakirə etmək üçün müşavirəyə gedən hakimlər prosesi iyunun 27-nə qədər təxirə salıb.