“İndiki zəmanədə Yazıçılar Birliyinin bütün strukturlarında islahatlar aparılmalıdır. Amma təəssüf ki, bu islahatları aparmaq üçün zəkaları yoxdur”.Bunu AzNews.az-a açıqlamasında yazıçı Əkrəm Əylisi deyib.
O hesab edir ki, islahatlar aparmaq üçün böyük zəka sahibi olmaq lazımdır: “İslahat zəka, dərrakə tələb edir. Yəni, bu yolu keçmək üçün zəka lazımdır. Təəssüf ki, bizdə zəka hələ dərin şəkildə inkişaf etməyib. Keçmişdə Rəyasət Heyəti vardı. Bu heyət hər bir məsələ ilə bağlı müzakirənin həllində son söz deyirdi. İndi bunun adını qoyublar Ağsaqqallar Şurası. Bu şurada demək olar ki, heç kəs işləmir. Vaqif Səmədoğlu gözəl dedi. Dedi ki, “Ağsaqqallar Şurasının sədriyəm. Ayda 6 saat yığılıb iclas keçiririk, sonda baxıram tək qalmışam”. Ağsaqqallar Şurasında da işlək, təşəbbüskar insanlar olmalıdır. Belə insanlar olmayanda cəmiyyətdə işlər getmir. Təşəbbüskarlıq böyük şeydir, cəmiyyətə böyük ideya verir. Mən son illər yaradıcılıq sahələrinin heç birində belə təşəbbüskarlıq görmürəm”.

Şərhlər