“Hesab edirəm ki, azərbaycanlı mühacirləri erməni adlandırmaq məsuliyyətsizlikdir”. Bunu AzPolitika.info-ya açıqlamasında tanınmış siyasi analitik, publisist-jurnalist Mirzə Xəzər YAP-çı deputat Siyavuş Novruzovun “Leyla Yunus və ölkədən gedib Avropada yaşayan bir sıra şəxslər mənşəcə ermənidir” sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Siyavuş Novruzovun azərbaycanlı mühacirləri təhqir etməyə haqqı yoxdur: “Azərbaycandan mühacirət edən azərbaycanlılara "mənşəcə erməni" deyərək, onları təhqir etməyə heç kimin haqqı yoxdur. Amma bu iddiaya ciddi yanaşmaq lazım deyil, gülmək lazımdır. Niyə məhz Avropada yaşayanlar? Avropada yaşayan azərbaycanlılar mənşəcə ermənidirsə, bəs ABŞ, Türkiyə, İsrail, Kanada və digər dövlətlərə köçən azərbaycanlılar mənşəcə kimdir? Onlar da mənşəcə ermənidir? Əgər dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar mənşəcə ermənidirsə, bəs Azərbaycanda qalanların mənşəyi nədir? Onların mənşəyini kim müəyyən edəcək? Gülməlidir. Görünür Siyavuş zarafat edir. Bu gün hakimiyyət, söz, haqq və nahaqq və media onların əlindədir. Hesab edirəm ki, Siyavuşun bu sözlərinə fikir verməyə dəyməz. İzin verin Siyavuş məzələnsin”.

Ülkər Musazadə