Menu

“Ölkədəki vəziyyətin bu qədər fəlakətli olduğunu bilmirdim” - Cəmil Həsənli (Foto)

07.10.2013, 18:13
“Ölkədəki vəziyyətin bu qədər fəlakətli olduğunu bilmirdim” - Cəmil Həsənli (Foto)

Cəmil Həsənli: “Hakimiyyət ölkədə nəinki demokratik seçki mühitinin formalaşdırılmasını, ümumiyyətlə, seçkinin keçirilməsini istəmir”

Oktaybrın 7-də Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki təşviqatının yekunu ilə bağlı mətbuat konfransı keçirildi. Milli Şuranın Mətbuat Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezident seçkiləri üzrə seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri haqqında hesabatı səsləndirdi. O bildirdi ki, Demokratik Qüvvələrin Milli Şurasının (Milli Şura) namizədi Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında prezident seçkilərinin səsvermə gününədək olan mərhələsinin, həmçinin seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçilirib.

Onun sözlərinə görə, geridə qalan seçki mərhələsi seçicilərin məlumat mənbələrinə çıxış imkanlarının məhdudlaşdırılması, rejimin siyasi opponentlərinə güc vasitəsilə təzyiqi, prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı böhtan və təhqir kampaniyasından istifadə edilməsi və cəmiyyətdə siyasi qarşıdurmanın artırılması şəraitində keçib: “9 oktyabr 2013-cü il prezident seçkilərinin seçkiqabağı təbliğat-təşviqat dövrü Azərbaycanda son 20 ildə keçirilən əvvəlki seçkilərdə olduğu kimi azad, demokratik, həqiqi və ədalətli seçkilərlə bağlı BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə uyğun gəlməyib.

Qeyd edilən pozuntulara baxmayaraq, Demokratik Qüvvələrin Milli Şurası 9 oktyabr 2013-cü il prezident seçkisində iştirakla bağlı Cəmil Həsənlini müxalifətin əsas namizədi kimi müəyyən edərək, onun prezidentliyə namizədliyinin qeydiyyatı, seçki qərargahının yaradılması və seçkiqabağı təşviqatının təşkili üçün müəyyən etdiyi Fəaliyyət Planı əsasında müvafiq tədbirlər həyata keçirib. Mövcud siyasi şəraitin və qanunun imkan verdiyi şəkildə təcrübəli şəxslərin daxil olduğu Seçki Qərargahı və onun strukturları yaradılıb, Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri, vəkilləri qeydiyyatdan keçirilib, qeyri-bərabər vəziyyətdə olsa da, ölkə boyunca seçki təşviqatı aparılıb. Lakin bütün bu dövr ərzində seçicilərlə görüşlər, mitinqlər və tədbirlər zamanı bir qayda olaraq icra hakimiyyəti orqanlarının təşkil etdiyi təxribatlar, təzyiqlər və maneələrlə üzləşilib. İctimai TV-də və Radioda çıxış etmək üçün həddən artıq az vaxt ayrıldığı üçün Cəmil Həsənli bu quruma ötən seçkilərə nisbətən qəsdən dəfələrlə bahalaşdırılmış pullu efir vaxtı üçün müraciət edib, lakin Seçki Məcəlləsi kobud şəkildə pozularaq ona pullu efir vaxtı ayırmaqdan açıq şəkildə imtina edilib”.

Oqtay Gülalıyev bəyanatı ixtisarla tədbir iştiraçılarına çatdırdı:

Beynəlxalq öhdəliklər

Azərbaycan hakimiyyəti azad və ədalətli seçkilərin keçirilməsi üzrə beynəlxalq öhdəliklərinin heç birini yerinə yetirməyərək, indiyədək Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) və ATƏT-n Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) tövsiyələrinə əməl etməyib. Xüsusi olaraq qeyd edək ki, 2003-cü ildən indiyədək AŞ PA, AŞVK və ATƏT/DTİHB Azərbaycanda keçirilən seçkilərdən sonra qanunvericilik aktlarının və seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürsə də, hakimiyyət bu qurumlarla dialoq və əməkdaşlıqdan yayınıb, seçki qanunvericiliyində mütərəqqi islahatlar əvəzinə, 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə mürtəce dəyişikliklər edib.

Seçkinin hüquqi bazası və seçki sistemi

18 mart 2009-cu ildə “Konstitusiyaya əlavə və dəyişikliklər haqqında” Referendum Aktının ictimai-siyasi müzakirələri, referendum aktının hazırlanması və referendumun təşkili ciddi hüquqi pozuntularla müşayiət olunaraq keçirilib. Referendum seçicilərin iradəsini əks etdirməyib, nəticədə ölkədə bir şəxsin ikidəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəa Konstitusiyadan çıxarılıb. Bu cür antidemokratik düzəliş nəticəsində ölkədə respublikaçılıq ənənələrinin sarsılması və birpartiyalı siyasi hakimiyyətin de-fakto yaradılması üçün hüquqi məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda 15 oktyabr 2008-ci ildə real olaraq alternativsiz prezident seçkiləri nəticəsində dövlət başçısı postunda qalan İlham Əliyevin ikinci dönəm prezidentlik üçün verdiyi anda rəğmən, onun yenidən üçüncü dəfə prezidentliyə namizəd olması qanunsuz sayılmalı, seçkilərdə iştirakı qeyri-legitim hesab edilməlidir.

Mərkəzi Seçki Komissiyasının, həmçinin 125 dairə və 5300 məntəqə seçki komissiyasının tərkibinin formalaşdırılması AŞ PA Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoymadan əsas müxalif siyasi partiyaların iştirakı olmadan, hakim Yeni Azərbaycan Partiyasının mütləq üstünlüyü əsasında yaradılması, ölkədə müstəqil seçki administrasiyasının yaradılması tələblərinə və ictimai etimada cavab vermir. Xüsusilə qeyd edək ki, 2005-ci il parlament seçkilərindən sonra Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçki hüquqlarının pozulması üzrə 20-dən artıq qərar versə də, bu prosesdə iştirak edən seçki komissiyalarının üzvlərinin, o cümlədən MSK üzvlərinin məsuliyyəti hüquqi qiymətini almamış, ictimai və işgüzar nüfuzunun zədələnməsinə baxmayaraq, onlar hələ də seçki komissiyalarında təmsil olunurlar.

Seçkiqabağı kampaniya və təşviqat

Seçkiqabağı kampaniyanın 120 gündən 60 günədək azaldılması təşviqat kampaniyasının isə 21 günə endirilməsi səsvermə hüququ olan seçicilərlə təmaslar, təbliğat və təşviqat işinin vaxt çərçivəsini ciddi şəkildə daraldır və seçki prosesinə marağı azaldır.

- Prezidentliyə namizədlərin təşviqat kampaniyası rekord qısa müddətdə və hökumətin KİV üzərində total nəzarəti şəraitində keçib, bu isə müxalifət namizədinə təşviqat kampaniyasını tam şəkildə həyata keçirmək imkanlarını məhdudlaşdırıb. Bunun aşağıdakı səbəbləri var:

- İlk dəfə namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsi ləğv edilib. Bu da ölkədə maliyyə resursları üzərində hakimiyyətin total nəzarəti şəraitində müxalifət

namizədinə maliyyə resurslarından istifadə imkanı verməyib. Namizədlərə yalnız bank hesabı vasitəsilə pul köçürülməsi barədə icbari tələb isə müxalif namizədin kampaniyasına yardım etmək istəyənlərin çoxunu qorxudub. Yardım etmək istəyənlər hakimiyyətin təqibindən çəkiniblər.

- Cəmil Həsənlinin televiziya ilə çıxışları üçün yalnız İctimai Televiziyadakı debatlarda 6 dəqiqə vaxt ayrılıb. Onun ümumi çıxış müddəti 54 dəqiqə, faktiki olaraq əsasən iqtidar mövqeyindən çıxış edən opponentlərin vaxtı isə 486 dəqiqə olub. Başqa hallarda İTV və digər telekanallar Cəmil Həsənliyə çıxış üçün vaxt ayırmayıblar, İctimai Televiziya hətta ona reklam və ya ödənişli əsasla vaxt ayırmaqdan da imtina edib. Ötən mərhələdə telekanal və radiolarda seçki mövzusuna ya ümumiyyətlə toxunulmayıb, ya da Milli Şuranın namizədinin əleyhinə tənqid və təhqir məzmunlu çıxışlar təşkil olunub.

- İTV-də “debat” adlanan verilişləri isə debat saymaq mümkün deyil, çünki bu zaman namizədlərin ən azı 7 nəfəri Milli Şuranın namizədinə hücum və təhqir kampaniyası həyata keçirib. Debatlar həmin namizədlərin seçkilərdə formal iştirakını və faktiki məqsədini göstərib – Mili Şura namizədinə mane olmaq.

- Debatlarda Cəmil Həsənli və Milli Şura İTV aparıcısının səhlənkarlığı və iqtidar təəssübkeşliyi nəticəsində açıq təhqirlərə məruz qalıb.

- Bu dövrdə çap və onlayn KİV-lərin böyük əksəriyyəti prezident İlham Əliyevə dəstək üzrə informasiya kampaniyası aparıb, Milli Şura namizədinə qarşı isə məqsədyönlü tənqid həyata keçiriblər. KİV-in bu mövqeyi onların hakimiyyətdən iqtisadi və siyasi asılılığı ilə əlaqədardır. Eyni zamanda çap KİV-lərinin tirajı məhduddur. Böhtan və başqa ittihamlar üzrə məhkəmə iddiaları jurnalistlərə sərbəst işləmək və fikrini ifadə etmək imkanı vermir. 4 iyun 2013-cü ildə diffamasiyaya görə cinayət məsuliyyəti İnternetə də şamil edilib.

- Seçki təşviqatı dövründə İlham Əliyev öz prezident statusundan istifadə edib müxtəlif dövlət obyektləri açaraq, maaş və pensiyaların artırılması barədə sərəncamlar verərək, hər gün televiziyalarda reklam edilib. Prezident statusundan sui-istifadəni o da göstərir ki, əgər 2012-ci ilin iyul-sentyabrında regionların sosial-iqtisadi inkişafı məqsədi ilə 52,4 milyon manatlıq 13 sərəncam verilibsə, 2013-cü ilin eyni aylarında 160,8 milyon manatlıq 68 sərəncam verilib. Bu vəsaitlər əsasən inzibati resursların aktivləşdirilməsinin təşviqi üçün verilib.

- Ümumiyyətlə, 7 telekanalın (AzTV, ATV, ANS, İTV, “Lider TV”, Space, Xazar) informasiya proqramalarında prezident İlham Əliyev 11 saat 45 dəqiqə, müxalifətdən olan namizəd Cəmil Həsənli isə cəmi 16 dəqiqə təqdim edilib. Bunu da qeyd edək ki, İ.Əliyev pozitiv, C.Həsənli isə neqativ rakursda təqdim olunub.

- Seçkilərin ötən mərhələsində istər dövlət, istərsə də ictimai və özəl telekanallar ''Televiziya və radio yayımı haqqında'' qanunun müddəalarını kobud şəkildə pozmuşdur. Bu qanunun 32-ci maddəsinin 32.0.2.1 bəndinə əsasən, bütün telekanallarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalıdır.

- ''Televiziya və radio yayımı haqqında'' qanunun 32.0.4 bəndinə əsasən, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir; 32.0.3 bəndə əsasən, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır; 40.2.4 bəndə əsasən, insanların şəxsi həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşılmalı; 40.2.5 bəndə əsasən, yayım zamanı peşə etikasına riayət edilməlidir (2003-cü ildə qəbul edilən Azərbaycan Jurnalistlərinin Peşə Etikası Məcəlləsi); nəhayət, 40.2.9 bəndə uyğun olaraq, informasiyanın qərəzsizliyi və tərəfsizliyi təmin edilməlidir.

Dövlətin iştirakı ilə formalaşan KİV-də etik prinsipləri tənzimləməli olan Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası kimi yarımictimai strukturlar bu kobud pozuntulara reaksiya verməyiblər.

Oqtay Gülalıyev bəyanatda yer alan yığıncaq azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətinə təzyiq, seçkiləri işıqlandıran jurnalistlərə təzyiqlər, namizədlərin qeydiyyatı məsələrləi ilə bağlı faktları da səsləndirdi.

***

Daha sonra çıxış üçün söz Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə verildi. O qedy etdi ki, keçiirəln mətbuat konfransı onun təşviqat kampnaiyasının yekununa həsr olunub. Tədbirə yerli və xarici medianın nümayəndələri iştirak edirlər: "Seçki kampnaiyası dövründə çalışmışıq ki, apardığımız kampaniya və gördüyümüz işlə bağlı mətbuat vaxtaşırı məlumat verək. Məlum olduğu kimi, seçki təşviqatına ayrılan müddət iki dəfə azadıldı. Mən ölkəndəki vəziyyətin, siyasi durumun bu qədər fəlakətli olduğunu bilmirdim. Rayonlarda keçirdiyimiz görüşlər, eləcədə bakıda keçirilən görüş mitinqləri bizə bəzi mətləblərdən xəbər verdi. Azərbaycan İlham Əliyevin yürütdüyü repressiya və totalitar polis idarəçiliyi o həddə gəlib çıxıb ki, yolboyu kafe və restoranlar müxalifətçilərə xidmət etməyə cəsarət etmirlər”.

C.Həsənli əsas diqqəti teledebatlar zamanı yaşananlara yönəltdi: “Debatlar zamanı yol verilən qanunsuzluqlar bilavasitə hakimiyyətin sifarişi ilə həyata keçirilib. Debatlar zamanı müşahidə etdim ki, necə də mənəviyyatsız, ləyaqətsiz insanlar prezidentliyə namizəd olub. İkinci debatda Hafiz Hacıyevin mənə su şüşəsi atması hakimiyyətin yuxarı dairələrindən verilən tapşırıq idi. Onu bilmək lazımdır ki, prezident olmaq nə qədər şərəflidirsə, prezidentliyə namizəd olmaq da şərəflidir. Debatlar zamanı mənə qarşı təxribatlar törədilsə də mən orada sona qədər mübarizə apardım. Çünki orada Milli Şuranı təmsil edirdim. Ölənə qədər də o yolda mübarizəmi aparacaqdım”.

C.Həsənli seçkiqabağı dövrdə vətəndaşların qorxudulduğunu və seçkilərdə YAP-ın namizədinə səs verməyə məcbur edildiyini söylədi. Onun sözlərinə görə, məktəblərdə müəllimlərə tapşırıq verilib ki, 2-3 dəst paltar gətirsinlər və hər dəfə başqa geyimdə səs versinlər. Milli Şuranın vahid namizədi oktyabrın 9-dan sonra bu hakimiyyətin mütləq dəyişəyəcəyini dedi.

O seçkilərin saxtalaşdırılması zamanı etirazların konstitusiyaya uyğun olaraq həyata keçiriləcəyini bildirdi. Etiraz mitinqlərinin keçirilməsini də istisna etməyən C.Həsənli bunun xalqın konstutision haqqı olduğunu vurğuladı.

Mətbuat konfransında çıxış edən C.Həsənli seçki kampaniyası ilə bağlı yekun müşahidələrini diqqətə çatdırdı: “Müşahidələrimdən bu nəticəyə gəlirəm ki, hakimiyyət ölkədə nəinki demokratik seçki mühitinin formalaşdırılmasını, ümumiyyətlə, seçkinin keçirilməsini istəmir”.

C.Həsənli debatlar zamanı digər 7 prezidentliyə namizədin İlham Əliyevin vəkili kimi çıxış etdiklərini diqqətə çatdırdı: “Yeni Azərbaycan Partiyasının göstərişi ilə regionlarda keçirilən görüşlərimizin qarşısının alınmasına cəhd edilib. Lakin bütün bunlara baxmayaraq görüşlərimiz uğurla alınıb”.

Milli Şuranın namizədi bir daha İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinin qanunazidd olduğunu yerli və xarici mətbuatın diqqətinə çatdırdı.

Tədbir yerli cə xarici media orqanlarının əməkdaşlarının Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə ölkədəki vəziyyət və seçki prosesi ilə bağlı sual verməsi ilə davam etdirildi.(musavat.com)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol