DƏLLƏK SƏFƏRİN MƏHKƏMƏSİ

Ələmdar Məmmədov,

keçmiş prokuror

Sosializm cəmiyyətinin təbiətindən irəli gələn rəzil qanunlardan biri də, CM-nin 154-cü maddəsində (alıcıları və sifarişçiləri aldatma) nəzərdə tutulan cinayət əməli idi. Ən xırda məbləğə görə, cinayətkarlıqla mübarizə adı altında insanlar məhkum edilir, incidilirdilər. Belə işlərdən birini oxucuların müzakirəsinə verirəm.

Masallı şəhərində iki mərtəbəli mehmanxananın 1-ci mərtəbəsində 12 uşaq atası olan Səfər adlı bərbər işləyirdi. Səfər kişi sakit təbiətli, yazıq görünüşlü, işinin ustası olan bir adam idi. Rayonun bütün böyüklərinin saç-saqqalına o qulluq edirdi. Bəzən evlərə də aparırdılar onu. Yeganə eybi çox danışması idi.

Böyüklərdən kimin qəzəbinə düçar olduğunu deyə bilmərəm, bir gün xəbər yayıldı ki, SƏDM əməkdaşları dəllək Səfərin təsərrüfatını yoxlayırlar.

Masallının Qodman sovetliyindən bir nəfər saç-saqqalını səliqəyə saldırıb çıxarkən, SƏDM əməkdaşları onu saxlayıb, xidmətə görə dəllək Səfərin ondan nə qədər pul aldığını soruşduqda – bir manat pul verdim, artığını da qaytarmadı - deyə cavab verir. Toplanmış material üzrə CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlandı. Dəllək Səfər zərərçəkmişi qiymətdə 45 qəpik aldatdığına görə, ona həmin maddə ilə ittiham elan olunmaqla, iş baxılması üçün məhkəməyə göndərildi. Dəllək Səfərin qapısı bağlı qaldı…

“Aktuallığı” nəzərə alınaraq dəllək Səfərin CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamının müdafiəsi rayon prokurorunun köməkçisi kimi, mənə tapşırılmışdı.

Məhkəmə iclasındakı ifadələrdən:

SƏDM əməkdaşı:

- Daxil olmuş əməliyyat məlumatı əsasında Səfərin yanından çıxan zərərçəkmişi saxlayıb, xidmət üçün ondan nə qədər pul alındığını soruşduqda, 1 manat verdiyini bildirdi. Mütəxəssis rəyinə əsasən Səfər zərərçəkmişi qiymətdə 45 qəpik aldatmışdı.

Zərərçəkmiş:

- Mən saçıma və üzümə qulluğa görə Səfərə 1 manat pul verdim. O, pulun artığını qaytarmadı.

Müttəhim Səfər:

- Mənim hesabım düz aparılmayıb. Zərərçəkmişin saçına və üzünə qulluq etdikdən sonra, onun bığını düzəldib, burun tüklərini də almışam. Bu da 8 qəpik edir.

Zərərçəkmiş:

- Sən yalan danışırsan. Mən bığımı həmişə özüm düzəldirəm.

Müttəhim:

- Mən zərərçəkmişin üzünə “Krasnı Moskva” duxisi vurmuşam ki, bu da 6 qəpik edir.

Zərərçəkmiş:

- Yalan deyirsən, sən mənim üzümə 2 qəpiklik “Şipr” odekolonu vurmusan.

Müttəhim:

- Mən sənin üzünə və boynuna pudra da vurmuşam. Bu da 7 qəpik edir.

Zərərşəkmiş:

- Arvad deyiləm ki, üzümə pudra vurduram. Yalan deyirsən. Mən üzünə deyirəm ki, sən kiçik toylara da gedirsən və xidmət üçün pul alırsan.

Müttəhim:

- Doğrudur, mən kiçik toylara gedirəm, lakin heç kimdən pul almıram.

Sədrlik edən:

- İttihama aidiyyəti olmadığına görə bu sual-cavab çıxarılsın...

Dəllək Səfərin bütün vəsadətləri təmin edildikdən sonra, üzərində 24 qəpik aldatma qaldı. Mən çıxışımda “humanistlik göstərərək” dəllək Səfərin cəzasının şərti hesab edilməsini xahiş etdim. Məhkəmə heyəti “humanistlikdə” daha irəli gedərək, Səfəri bir il müddətinə bərbərliklə məşğul olma hüququndan məhrum etmə ilə cəzalandırdı. Səfər hakimə minnətdarlıq etmək əvəzinə dedi:

- “Sudya”, bağanı öldür ya arxası üstə çevir, mən dəlləklik etməsəm, balalarıma kim çörək verəcək? 6 ay həbs etsəydin bundan yaxşı olardı.

SÖZ ARDI

Məhkəmə müşavirə otağında olarkən, zəzərçəkmişə bir nəfər yaxınlaşıb nə dedisə o, həyacanla yerindən qalxıb məhkəmə zalını tərk etdi. Sonradan eşitdik ki, onun 25 yaşlı oğlu evlərinin damında iş görərkən, ayağı sürüşüb yerə yıxılıb. Xəstəxanaya çatdırılsa da, səhərisi gün dünyasını dəyişib. Allah rəhmət eləsin. Bədbəxt hadisənin xofumu, yoxsa oyanmış viçdanın səsi?! Deyə bilmərəm. Hər-halda 1 aydan sonra dəllək Səfərə iş yerini dəyişib, oğlunun adına rəsmiləşdirməklə, bərbərlik etməsinə icazə verdilər. Səfər “islah olunmuşdu”. Az danışırdı. İşlədiyi yerdə bir torba xırda pul və “hesabdar şötkəsi” var idi. Xidmət edib, qurtaran kimi, “şötkəyə” vurur və pulun artığını müştərilərə qaytarırdı. Təbiiki, heç kim ondan pulun qalığını almırdı. İllər ötəcəkdi, İlyas İsmayılov Respublika Prokuroru olanda, belə utancverici işlərə son qoymağı fəaliyyətinin əsas prinsipi elan edəcəkdi.

635x100

Şərhlər

Asim 2017-11-15 17:31:46

İndi isə adamı güldüyünə,ağladığına və buna sayaq nəyə görəsə 2.5 il verirlər.Bunlar da olmasa cibinə nəşə və ya silah atıb 10 il verirlər.Demək olar ki Azərbaycana bu sahəyə görə bütün dünya "qibtə" edir.Biz isə deyirik, siz bizə nəyin ki, qibtə, hətta heç bir şey edə bilməzsiniz.

t.ədalət 2017-11-15 17:31:46

İndi polis rəisləri şərləmə ilə məşgul olurlar.Adi bir dələduz bina tikmək üçün yer ələ keçirmək istəyərkən polisə pul verib sakinləri şərləmə yolu ilə qorxudur,qorxutma alınmayanda həbsə saldırır.Adətən,tərbiyəsiz ailələrdə böyüyən polis işçiləri bu mənfur metodla dələduzlara dəstək olurlar.Əlbəttə,sonda Allah bu şərləmə iştirakçılarını cəzasız qoymur.Amma bu vələduznalıq hələ də davam edir.

Rahib 2017-11-15 17:31:46

Insaf dinin yarısıdır.Dəlləklə mübarizə aparan quruluşun aqibəti bəllidir. heç olmasa indi təkrar olunmasın bu işlər.

t.edalete 2017-11-15 17:31:46

muellim, indi olke muharibe weraitinde yawayir, естественно polis reisleride hemin weraite uygun iwleyirler.

Son yazılar