Bəylər Əyyubovun yaxınlarının şirkəti məhkəməyə verilib
Türkiyənin məşhur “Şölen Çikolata Gida San.Ve Tic. A.Ş.” şirkəti Azərbaycandakı məşhur “Koroğlu” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. “Qafqazinfo”nun məlumatına görə, Türkiyə şirkəti “Koroğlu” MMC-yə qarşı qaldırdığı iddiada əmtəə nişanlarından, eynicinsli əmtəə nişanlarına oxşar əmtəə nişanlarından qanunsuz istifadənin qadağan edilməsini tələb edir.
Həmçinin, türk şirkəti dəymiş zərərə görə kompensasiya ödənilməsini də istəyir.
Türkiyə şirkətinin qaldırdığı məhkəmə iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
İddiada üçüncü tərəf qismində Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi göstərilib.
Qeyd edək ki, Türkiyənin “Şölen” brendli şokolad və digər məhsulları Azərbaycanda da məşhurdur. Şirkətin 25 illik fəaliyyəti var və yüzə yaxın ölkə ilə ticarət əlaqələrinə malikdir.
Məsələ ilə bağlı “Koroğlu” şirkətindən bildirildi ki, yaxın günlərdə mətbuat üçün açıqlama veriləcək: “Çalışacağıq ki, məhkəmədə uduzmayaq”.
Qeyd edək ki, “Koroğlu” MMC-də baş verən özbaşınalıqlar barədə ölkə mətbuatı dəfələrlə yazıb. Firmanın rəhbərliyi hətta adam oğurluğunda ittiham olunub. Sözügedən firmanın general Bəylər Əyyubova yaxın şəxslərə məxsus olduğu bildirilir. Hətta firma rəhbərinin generalın adından istifadə edərək şəriklərini və işçilərini hədələdiyi, şantaj etdiyi də verilən məlumatlar sırasındadır.
Şirkət rəhbərliyinin məhsulların satışını təşkil edən şəxslərlə bir müddət sonra dalaşdığı, satışı təşkil edənlərin döyüldüyü, hədələndiyi və müflis edildiyi də bildirilir. Bir neçə zərərçəkən baş verənləri hüquq müstəvisinə çıxarmağa çalışsa da, onların iddiaları təmin edilməyib. Həmçinin hüquq-mühafizə orqanlarının zərərçəkənlərin şikayətlərini dinləmədiyi, firma barədə cinayət işinin açılmasının bir neçə dəfə rədd edildiyi və bildirilir. Mövzunu davam etdirəcəyik”.

Şərhlər