Fəzail Ağamalı: «Məleykə Abbaszadəni düşündürən Misir Mərdanovla şəxsi problemləridir»

“Misir Mərdanovun təhsil naziri olduğu vaxtda onun barəsində nə demişəmsə yenə də sözümün üstündə dayanıram”. Bu sözləri “Azadlıq”a deputat Fəzail Ağamalı bildirib. Qeyd edək ki, deputat bir neçə gün əvvəl türk liseylərinin bağlanmasına etiraz edərkən Azərbaycanın təhsil sahəsində vəziyyətin ürəkaçan olmadığını bəyan edib. “Azadlıq”ın köşə yazarı Şahvələd Çobanoğlu isə qəzetimizin dünənki sayında bu gün Azərbaycanda təhsilin aşağı səviyyədə olduğunu deyən və türk liseylərinin bağlanmasına qarşı çıxan Fəzail Ağamalıya uzun illər təhsil naziri olmuş Misir Mərdanov haqqında müsbət fikirlərini xatırladıb.

Deputat məsələyə aydınlıq gətirmək üçün redaksiyamızla əlaqə saxlayıb və bildirib ki, o, indi də Misir Mərdanovu peşəkar təhsil işçisi hesab edir: “Misir Mərdanov peşəkar təhsil işçisi kimi imkanı çatan səviyyədə Azərbaycan təhsilini təkmilləşdirməyə çalışdı. Lakin obyektiv və subyektiv səbəblər onun etmək istədiklərinə mane oldu. Bu geniş mövzudur və ciddi təhlilə ehtiyacı var”.

Deputat həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadəni ittiham edib: “Məleykə Abbaszadəni təhsil fəadisini kimi qiymətləndirmək ədalətsizlikdir. Doğrudur, o orta təhsil sistemindəki problemləri qaldırırdı. Onun fikirlərində obyektivlik var idi.

Lakin o bütün bunları elə formada, elə tonda ortaya qoyurdu və ittihamlarla diqqəti cəlb etməyə çalaşırdı ki, açıq-aşkar görünürdü ki, ambisiyalarını ifadə edir. Eyni zamanda sezilirdi ki, Məleykə Abbaszadəni düşündürən onun Misir Mərdanovla şəxsi problemləridir”.