Millət vəkili Rəbiyyət Aslanovaya məxsus olduğu bildirilən Demokratik Azərbaycan Dünyası Partiyasında sədr Fatma Əliyevadan narazılıqlar artır. Bu dəfə sədrə qarşı çıxan ictimai-siyasi məsələlər üzrə müavin Ramiz Orucov olub. İnterpress.az-a daxil olan məlumata görə, iyulun 1-də R.Orucovla sədr Fatma Əliyeva arasında partiyanın qərargahında mübahisə yaranıb. İnsident böyüyərək digər narazıların da F.Əliyevaya qarşı çıxmasına səbəb olub.

Hadisə ilə bağlı İnterpress.az-a açıqlama verən R.Orucov sədrlə münaqişənin olduğunu təsdiqləyib: "Bundan əvvəl partiyadan icraçı katib Səkinə Məmmədova , müavin Elşad Əliyev getdi. Üzvlərin çoxu partiyanı tərk edib. Mən bunun səbəbini Fatma xanıma izah etməyə çalışanda o həmişəki kimi aqressiv davrandı. Hazirda partiyada Siyasi Şura yoxdur, İdarə Heyəti qeyri-legitimdir".

Partiyadan istefa vermədiyini deyən R.Orucov yaxın günlərdə narazıların toplaşaraq qurultay keçirəcəyini vurğulayıb: "Partiyanın Əlisahib Hüseynovun rəhbərlik etdiyi digər qanadının da bu qurultayda iştirakını təmin edəcəyik. Bu həftə qurultayla bağlı önəmli qərar olacaq. Fatma Əliyevanın istefasını və yeni sədrin seçilməsini tələb edirik. Partiyanın iki yerə parçalanmış qanadının birləşməsini istəyirik".