Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin toplantısı keçirilib. Toplantı dünən baş tutub. Bu barədə “Azadlıq”a məlumat verən Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, toplantıda ilk olaraq Azərbaycanın hazırki ictimai-siyasi vəziyyəti müzakirə edilib.
Daha sonra siyasi məhbuslarla bağlı, Avropa Şurasında və ATƏT-in Bakı sessiyasında qaldırılan məsələlər müzakirə mövzusu olub. Toplantıda Azərbaycanın Avropaya inteqrasiyasının gücləndirilməsi məqsədəuyğun hesab edilib. Eyni zamanda toplantıda siyasi məhbuslarla bağlı yaranmış fikir ayrılığına münasibət bildirilib. Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusun açıqladığı siyahıda Azərbaycanda 130 siyasi məhbusun olduğunu qeyd edilir. Lakin digər hüquq müdafiəçiləri bu rəqəmin 82 nəfər olduğunu iddia edir. Cəmil Həsənlinin sözlərinə görə, bu fikir müxtəlifliyi barədə Leyla Yunus ətraflı məlumat verib. Məsələ müzakirə olunub və qərara alınıb ki, yaxın günlərdə hüquq müdafiəçiləri ilə birgə yenidən ətraflı fikir mübadiləsi aparılsın.

Şərhlər