İş adamı, Qazax rayonu, Aşağı Əskipara kənd sakini Elşad Məmmədov üzləşdiyi özbaşınalıqla bağlı ölkə başçısı İlham Əliyevə növbəti dəfə müraciət edib. Qeyd edək ki, Elşad Məmmədov 366 min manatını “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə məxsus “Həsən-96” MTK tərəfindən fırıldaq yolu ilə ələ keçirildiyini və qaytarılmadığını iddia edir.
Elşad Məmmədovun "AzPolitika.info"-ya göndərdiyi müraciəti olduğu kimi dərc edirik: “Budəfəki, müraciətimdə məni Sizə şikayət etməyə vadar edən məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda baş verən qanunsuzluqlardır.
İlk öncə nəzərinizə çatdırım ki, Bakı şəhərində fəaliyyət göstərən Avesta Konsernə məxsus “Həsən-96” MTK-dan pul verib aldığım iki ədəd mənzil Avesta Konsernin rəhbəri Hacı İbrahim deyilən İbrahim İbrahimov adlı iş adamı tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir. Belə ki, mənzillərdən birinin alqı-satqı müqaviləsi aldadılaraq əlimdən alınmış, digərinin isə alqı-satqı müqaviləsi Hacı İbrahimin sifarişi əsasında məhkəmələr tərəfindən qəbul edilmiş qanunsuz və əsassız qərarlarla ləğv edilmişdir. Bu məsələnin faktiki və hüquqi tərəfi kütləvi informasiya vasitələrində kifayət qədər ictimailəşdirilmişdir.
Çox təəssüf ki, aşağıdan yuxarıya bütün məhkəmə instansiyalarında işə baxmış məhkəmələr Hacı İbrahimin bilavasitə qanunsuz müdaxiləsi nəticəsində onun açıqdan-açığa qanunsuz mövqeyinə haqq qazandırmış və bununla da ölkə daxilində mənim hüquqi müdafiə vasitələrimi səmərəsiz vəziyyətə salaraq tükətmişdirlər.
Keçirilmiş məhkəmə proseslərində məni çox hiddətləndirən məsələ ən ali və müstəsna məhkəmə instansiyası hesab olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin bilavasitə sədrlik etdiyi Pelnumun açıq-aşkar qanunsuzluqları və saxtakarlığı olmuşdur.
Belə ki, tərəfimdən verilmiş əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılsa da 16 may 2014-cü ildə keçirilən Plenum iclasında eyniməzmunlu şikayət ərizəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında olması əsas kimi götürülərək mənim şikayətimin Plenumun baxışından çıxarılması məsələsi müzakirə qoyuldu. Məruzəçi hakim və sədrlik edən Ramiz Rzayev şikayaətin baxışdan çıxarılmasını, bir nəfər hakim isə təxirə salınmasını təklif etdi. Müzakirə zamanı mənə və vəkilimə söz verilmədi və müzakirə olunan məsələ ilə bağlı bizim fikirlərimiz dinlənilmədi. Sanki ədalət mühakiməsinin tərəflərin çəkişməsi əsasında həyata keçirilməsi prinsipi Ali Məhkəmənin Plenumuna aid deyildir. Bu cür vəziyyətdə sədrin və məruzəçi hakimin təklifi səsə qoyuldu və mənim əlavə kassasiya şikayətim Plenumun baxışından çıxarıldı. Plenum iclasının formal, əvvəlcədən hazırlanmış “ssenari” əsasında həyata keçirilməsi gün kimi aydın idi.
Plenumun bu cür qərarı mülki prosessual qanunvericuiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, qanunvericilik hər hansı məhkəmə orqanına, eləcə də Ali Məhkəmənin Plenumuna eyniməzmunlu (əlaqəli) şikayətin cinayət təqibi orqanının icraatında olması əsası ilə icraata götürülmüş şikayəti icaaratdan çıxarmaq səlahiyyəti verməmişdir. Əks halda məhkəmə orqanlarının mötəbərliyi prinsipi heçə endirilmiş olardı.
Bununla yanaşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdiyimiz sorğu əsasında müəyyən etdik ki, Plenum iclasında məruzəçi hakimin qeyd etdiyi hər hansı bir eyni məzmunlu şikayət həmin idarənin icraatında olmamışdır. Bu da o deməkdir ki, Plenum uydurma dəlillər əsasında mənim şikayətimi baxışdan çıxarmışdır.
Sonradan Ali Məhkəmənin Plenumu tərəfindən ünvanıma göndərilən və Ali Məhkəmənin sədri R.Rzayev tərəfindən imzalanmış şikayətimin baxışdan çıxarılmasına dair qərardadda şikayətin baxışdan çıxarılmasının əsası kimi Plenum iclasında müzakirə edilən dəlil deyil, tamamilə başqa bir dəlil göstərilmişdir. Belə ki, həmin qərardadda göstərilmişdir ki, əlavə kassasiya şikayaəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarıldıqdan sonra məlum olmuşdur ki, E.Məmmədov Ali Məhkəmənin 02 oktyabr 2013-cü il tarixli qərarından ilkin olaraq 13 noyabr 2013-cü ildə əlavə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Hikmət Mirzəyevin qəbul etdiyi 03 dekabr 2013-cü il tarixli qərardadla onun əlavə kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 424-cü maddəsində göstərilən əsaslar olmadığına görə Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu həmin qərardadın qüvvədə olan məhkəmə aktı olduğunu və qeyd edilən qərardadla E.Məmmədovun əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edildyini nəzərə alaraq hesab edir ki, Ali Məhkəmənin 02 oktyabr 2013-cü il tarixli qərarından E.Məmmədovun verdiyi əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxışından çıxarılmalıdır.
Təbii ki, Ali Məhkəmənin Plenumunun tərtib etdiyi qərardadda göstərilən dəlilin də hansı bir hüquqi əsası olmamışdır. Hər şeydən əvvəl qərardadın əsasında duran dəlil, yəni əvvəllər şikayətin baxışa çıxarılmaması haqqında qüvvədə olan qərardadın mövcudluğu ilə bağlı mövqe Plenumun iclasında müzakirə edilməmişdir. Qərardadda istinad edilən əvvəlki qərardad işi mahiyyəti üzrə həll etmədiyindən qüvvədə olan mülki prosessual qanunvericiliyə görə predusial əhəmiyyət daşımır və buna görə də işin sonrakı gedişatına təsir etmək imkanı yox idi.
Burada əsas diqqəti cəlb edən məsələ Plenum iclasında deyilənlə sonradan yazılanın bir-birinə uyğun gəlməməsidir. Deməli, Plenum iclasının gedişatını əks etdirən iclas protokoluna formal da olsa iclasda səsələndirilən və müzakirə edilən məlumatlar deyil, sonradan yada düşmüş məlumatlar daxil edilmişdir. Başqa sözlə, rəsmi sənəd hesab edilən məhkəmənin iclas protokoluna bilə-bilə yalan məlumatlar daxil edilmişdir. Bunun isə cinayət qanunvericiliyində bir adı var – vəzifə saxtakarlığı!
Çox təəssüfləndirici haldır ki, bu cür saxtakarlığın altına ölkə başçısı trərəfindən göstərilən etimadı doğrultmalı olan, məhkəmə hakimiyyətinin rəhbəri hesab edilən Ali Məhkəmənin sədri tərəfindən imza atılmışdır.
Cənab Prezident!
Ümid edirəm ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olaraq ölkəmizin ən ali instansiyası hesab edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu səviyyəsində baş vermiş qanunsuzluqlar nəzərinizdən kənarda qalmayacaq və hüquqi dövlət quruculuğu naminə təqsirkar şəxslər layiqli cəzalarını alacaqlar".
Qeyd olunanlarla bağlı Hacı İbrahimin də mövqeyini dərc edə bilərik.

Şərhlər