“AzPolitika.info” məşhur Bloomberg-ə istinadla bildirir ki, rus rublu 2018-ci ilin ilk yarısının nəticələrinə əsasən MDB-nin ən çox dəyər itirən valyutası hesab olunub. Analitiklərin hesablamalarına görə, Rusiyanın pul vahidi son 6 ayda 8 faiz ucuzlaşıb və bu, keçmiş SSRİ məkanında ən neqativ göstəricidir. Rublun dəyər itirməsinin ən başlıca səbəbi kimi, ABŞ-n tətbiq etdiyi sanksiyalar göstərilir.
Analitiklər bildirirlər ki, ABŞ sanksiyaları Rusiyanın xarici investorlarla münasibətlərinə olduqca mənfi təsir göstərib. Bu, həm də həmin investorların digər MDB ölkələrinə üz tutmasına səbəb olub. Hətta qeyd olunur ki, investorların həmin ölkələrə marağı, onların valyutalarının rubldan fərqli olaraq, güclənməsinə gətirib çıxarır. Belə ki, Bloomberg-in hesablamalarına görə, məsələn Ukraynanın milli valyutası olan qrivni son 6 ayda 6,7 faiz dəyər qazanıb və bu göstəriciyə görə, MDB-də liderdir. İkinci yerdə 6 faizlə Gürcüstan, üçüncü yerdə 1.6 faizlə Moldova gəlir.
Dəyər itirən valyutalar arasında isə Rus rublundan sonra mənfi 3.7 faizlə Tacikistan qərarlaşıb. Digər MDB ölkələrinin milli valyutaları isə cüzi faiz dəyişiklikləri ilə əsasən stabil kurs saxlaya biliblər.


Şərhlər