“ƏGƏR BU GÜN MƏNƏ 8 MİLYARD PUL AYIRSALAR…” – Hacı İbrahim yenə əyləndirir (VİDEO)

"İnsanlar çamadanla qapımın ağzında dayanıb, “Hacı İbrahim xahiş edirəm, pulumu qəbul edib, mənə ev ver”

“Hər şey puldan asılıdır. Əgər bu gün mənə 8 milyard pul ayırsalar (!!!), şəhəri 2025-ə bitirərəm. Real danışmaq lazımdır.”

Belə məzəli bir açıqlama ilə “Avesta” Konsernin prezidenti, “Xəzər adaları” layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmli iyulun 3-də “Xəzər adaları”nda çimərliyin (!) açılışında çıxış edib.

H.İbrahim “Xəzər adaları”nda təntənəli açılış olacağı haqda xeyli müddətdir təbliğat aparırdı. Əvvəl élan etmişdi ki, mayın 28-də - İstiqlal günündə “1 milyon adamın yaşayacağı” şəhərdə bir sıra açılışlar olacaq. Lakin üstündən iki atdan artıq vaxt keçəndən sonra, çimərlik sezonunun bitməsinə sayılı günlər qalmış çimərliyinin açılışını etdi. Lakin hələ bu da o demək deyil ki, artıq Hacı İbrahimin çimərliyində çimmək olar, indi də açılışdan sonrakı açılışın anonsları verilir – yaxın günlərə.

Belə yerdə deyirlər: “Arım var, arım var – EŞŞƏK ARISI?”

Görün Hacı İbrahim çimərlik adı verilən hovuzun təntənəli olmayan açılışında daha sonra nə deyir:

“1 aydan sonra evlərin rəsmi satışına başlayacağıq. 50 milyonluq ev sata bilsəm, gələn il bu rəqəm 150-yə qalxacaq. Beləliklə, şəhərin tikintisi getdikcə, artmağa başlayacaq. Şəhər möhtəşəmdir (Hansı şəhər????-red). Əsas odur ki, şəhərin 1-ci etapı nə zaman hazır olacaq. 150 min insan nə zaman burada yaşamağa başlayacaq. Hesab edirəm ki, 2016-cı ilin martından insanlar burada məskunlaşacaq, 2022-də artıq burada 150 min insan yaşayacaq. Bütün dünyanın turistlərini bura dəvət etməyə çalışacağıq. Buna nail olsaq, hər şey dəyişəcək. İnsanlar çamadanla qapımın ağzında dayanıb, “Hacı İbrahim xahiş edirəm, pulumu qəbul edib, mənə ev ver” -, deyəcək. Mən də baxıb, fikirləşəcəm... 3 il bundan əvvəl buralar su idi. İlk vaxtlar işlər başlayanda mənə inanmırdılar. Mənə deyirdilər ki, sənin işin-gücün qurtarıb? Amma mən hər zaman gücümə inanmışam. İndi isə hamı həqiqətə inansın.”

Hansı həqiqətə??? Bir hövuzun və bir kiçik stadionun açılışı olduğu, bir neçə binanın hələ tikilməkdə olduğu boş ərazilərdə insanlar nə ilə baxıb şəhər görsünlər?! Hacı İbrahim “çamadanla” onun qapısında yatan insanları, deyəsən bu gedişlə heç yuxusunda da görə bilməyəcək…

Daha bir güldürən sitat: “Ümumiyyətlə bu şəhərin son dəyəri 100 milyard dollar olacaq. Şəhər 3 hissədən ibarət olacaq. Birinci etap bizdə 10 milyard dollardır. Burada 150 min insan yaşayacaq. 2,3 və 4-cü hissələrin isə hər biri əvvəlkinə nisbətən 30 min artacaq. 2020-22-ci illərdə 1-ci etap başa çatacaq. Bu hissənin dəyəri 10 milyard dollardır. İnvestisiya dəyəri isə 4 milyard dollardır. Buranı satışla həyata keçirəcəyik. Yəni yaşayış yerlərini satıb, yenisini tikəcəyik. Ərazidə bəzi binaların inşası artıq başa çatmaq üzrədir. Biz evləri təmirli olaraq, kvadratı 4 min manatdan olmaqla satacağıq”.

Maraqlıdır, Hacı İbrahim bu qədər axmağı hardan tapmağı düşünür ki, onun “röyalar şəhərindən” kvadratı 4 min manata ev alsın?

Ən maraqlısı isə budur: Hacı İbrahim ilkin etapda ona lazım olan 8 MİLYARDI KİMDƏN İSTƏYİR?

Ümumiyyətlə, bu adam nə istədiyini bilirmi?

Vəziyyət o qədər qeyri-ciddidir ki, artıq Hacı İbrahim və onun "röyalar şəhəri" barədə ciddi yazmaq da olmur, adama gülüb keçmək qalır. Məsləhətdir ki, aşağıdakı videoya siz də bu niyyətlə baxasınız...

Rasim ƏLİYEV

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar