Ustad Şəhriyarı düşünərkən

Nurəddin İsmayıl

Heydərbaba, könlüm səni soraqlar,

Ustad yazan dastanını varaqlar,

Yanar əlbət bir də sönən çıraqlar,

Ümidimiz qoy daşlara dəyməsin,

Millətimiz zalıma baş əyməsin.

Heydərbaba, başın qanlı, qadalı,

Qəm tutubdu, köksün ney tək sədalı,

Nə dövrandı, işi düşmən ədalı,

Bir baxan yox zalım kəsən başlara,

Ürək dözmür gözdən axan yaşlara.

Heydərbaba, gözün yolda qalıbdı,

Yarın sağda, yarın solda qalıbdı,

Nədən sənin bəxtin dalda qalıbdı,

Bəsdir belə sinəmizi dağladın,

Qəmi yığıb sazda telə bağladın.

Heydərbaba, dünya dönüb tərsinə,

Acıyıbddır, xəmrim gəlmir ərsinə,

Çağır gəlim ayrılığın dərsinə,

Qollarımı qoy dolayım boynuna,

Son qoyaq biz şəri-şeytan oynuna.

Heydərbaba, başın duman, çiskindi,

Yolun, izin elsiz qalıb, küskündü,

Aşiq könlüm dərdə talib miskindi,

Hardan gəlib dərd sinəni dağladı,

Dağın, daşın haray çəkib ağladı.

Heydərbaba, türkü deyən dilin var,

Bir birindən ayrı düşən elin var,

Məgər indi Urmi adlı gölün var?

Düşmən gəlib suyumuzu qurutdu,

Gec ayıldıq, görən gözü tor tutdu.

Heydərbaba, sənin yaşın bilinməz,

Sel bağlayan göz yaşların silinməz,

Vətən birdir, min il keçsə bölünməz,

Namərd quran qurğuları yıxaq biz,

Ayrılığın axırına çıxaq biz.

Heydərbaba, zaman bizi haqladı,

Məşqə çəkib, səbrimizlə yoxladı,

Nə oldusa, elə bildik haqladır,

Nə biləydik çərxi dönən fələk var,

Qarşımızda zalım quran kələk var.

Heydərbaba, dünya bizə sınaqdı,

Yarı sevgi, yarı möhnət, qınaqdı,

Zülmə dözmək başda sınan çanaqdı,

Döyüş yoxsa qılınc qından sıyrılmaz,

Ac qarınlar ayran ilə doyrulmaz.

Heydərbaba, zirvən dolu qar olsun,

Oğlun, qızın daim sənin var olsun,

Allah türkə nicat versin, yar olsun,

Aydınlaşsın haqqa gedən yolumuz,

Bəs deyilmi sağdan oldu solumuz?

Heydərbaba o tay, bu tay qardaşdı,

Övladları əzəl gündən yurddaşdı,

Savalanım dərddə sənlə sirdaşdı,

Can bədəndən ayrı necə dolansın,

Görüm düşmən qara günə calansın.

Heydərbaba, Şəhriyarı neylədin,

Dərdlərini kimə açıb söylədin,

Yad olmuşdu, doğma səslə heylədin,

Dönüb gəldi çəməninə, düzünə,

Nur ələndi Təbrizimin gözünə.

29.01.2019

635x100

Şərhlər

Köhnə azərbaycanlı 2019-02-06 14:26:12

Bu səbr, bu qapa, bu cəsarət, bu təpərti ki bizdə var hələ çox ümidimizi Heydərbabaya, Dərbənd qalasına, Zəngəzur dağlarına, Şuşa qalasına, Qarabağ dağlarına, "Lazım" qağaya bağlayaraq, işimizi şer yazmaq və dəmal götürüb ağlamaqla bitmiş hesab edəcəyik.

Ramazan SİRACOĞLU 2019-02-06 14:26:12

/Heydərbaba, Qayışqurşaq elimdir, / Yasaqlanan mənim doğma dilimdir. / Suya həsrət bu çol Urmu gölümdür. / Fəryad səsi yatanları oyatmaz, / Bəxt ağacı göz yaşımla boy atmaz…/

Arif 2019-02-06 14:26:12

Yazan əlləriniz var olsun.

Son yazılar