Menu

Əliyevin tələsik and içməsi dünya mediasında...

20.10.2013, 12:03
Əliyevin tələsik and içməsi dünya mediasında...

«SkyNews»: «Ciddi qanun pozuntularıyla keçən seçkidə Əliyevin sarsıdıcı qələbəsinin təsdiqindən dərhal sonra andiçmə mərasimi keçirilib»

«Əliyev ölkə daxilində son dərəcə yüksək korrupsiya və qeyri-bərabərliyə görə yaranmış narazılıqla üz-üzədir»

Ilham Əliyevin üçüncü dövr prezidentlik üçün dünən tələm-tələsik andiçmə mərasimi keçirməsi xarici medianın da diqqətindən yayınmayıb.

“SkyNews” xəbər verir ki, neftlə zəngin keçmiş sovet ölkəsində Ilham Əliyev sərt tənqid olunan seçkidən sonra üçüncü dövr prezidentlik üçün and içib: “Beynəlxalq müşahidəçilərin çox ciddi qanun pozuntuları qeydə aldıqları seçki nəticəsində Ilham Əliyevin sarsıdıcı qələbəsini Konstitusiya Məhkəməsinin təsdiqləməsindən dərhal sonra parlamentdə andiçmə mərasimi keçirilib.

“Ölkə Konstitusiyasına əməl edəcəyimə, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi üçün çalışacağıma and içirəm”, - deyə Əliyev bildirib.

Əliyevin üçüncü dövr prezidentliyilə onun ailəsinin uzun illərdir davam edən hakimiyyəti bir qədər də uzanır.

Seçkinin rəsmi nəticələrinə görə, səslərin 85 faizini Əliyev, onun əsas rəqibi Cəmil Həsənli isə 5,5 faizini qazanıb. ATƏT müşahidəçiləri isə bu seçkinin beynəlxalq standartlardan uzaq olduğunu bəyan edib. Eyni zamanda, müxalifət seçkinin saxtalaşdırıldığını bəyan edərək, onun nəticələrinin ləğvini tələb edib.

51 yaşlı Ilham Əliyevin 2003-cü ildə atası - keçmiş KQB generalı, Kommunist dövrünün əsas şəxslərindən biri olan Heydər Əliyevin ölümündən sonra mübahisəli seçki ilə hakimiyyətə gəlib. O, son on ildə milyardlarla neft dollarları sayəsində dəstəklənir.

Bu ölkədə istənilən fərqli fikir hakimiyyət tərəfindən kəskin reaksiyaya səbəb olur. Hüquq-müdafiə təşkilatları seçki öncəsi onlarla müxalifətçinin həbsxanaya salındığını xəbər verir.

Gözlənilir ki, Əliyev nəhəng şimal qonşusu Rusiyanı incitmədən bu ölkə ilə Qərb arasında ehtiyatlı münasibətlərini davam etdirəcək.

Ölkə daxilində isə son dərəcə yüksək səviyyədə olan korrupsiya və insanların yaşayışındakı qeyri-bərabərliyə görə yaranmış narazılıqla üz-üzədir".

***

“Azad Avropa” radiosu da Ilham Əliyevin tələsik andiçmə mərasimi barədə material yayımlayıb. Burada da qeyd olunub ki, Əliyev beynəlxalq aləm tərəfindən kəskin tənqid olunan seçkilər nəticəsində üçüncü dövr prezident kimi and içib.

ATƏT müşahidəçilərinin Azərbaycandakı seçkiyə mənfi qiymət verən rəyindən də sitat gətirilib.

Həmçinin qeyd olunub ki, Ilham Əliyev hakimiyyəti 2003-cü ildə atası Heydər Əliyevdən miras alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol