“ONLAR PREZİDENTƏ NƏ DEYƏ BİLƏRDİLƏR?...” – “Mənim də haqqımı versinlər də, 76 yaşım var”

Əməkdar incəsənət xadimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Şeyx, son zamanlar televiziya kanallarında görünmürsünüz. Buna səbəb nədir, dəvət olunmursunuz, yoxsa sizə qarşı qadağa var?

- Bəziləri deyirlər ki, səhər-axşam televiziyadasan, bəziləri deyirlər ki, sizi televiziya kanallarında görmürük. Görünür mənim olduğum verilişləri elə vaxta salırlar ki, heç kəs baxmır.

İkinci səbəbi də konkret sizə deyim: mən yalan danışmıram, haqqı nahaqqa vermirəm. Dəxli yoxdur, televiziya verilişində olsun, işdə olsun və ya küçədə olsun. Bunun da təsiri var.

- Amma 2019-un Nəsimi İli elan olunduğunu nəzərə alsaq, sizin diqqət mərkəzində olmamağınız suallar yaradır...

- Sizinlə söhbətdən sonra Pedaqoji Universitetə gedəcəyəm. Orada Nəsimi İli ilə əlaqəli tədbir keçiriləcək. Xahiş etmişəm ki, Rasim Balayev də gəlsin. İndi bu mövzuda bilən də, bilməyən də danışır. Hamı keçib dələduzluğa, gündəmdə qalsın deyə danışmağa. Prezidentin sərəncamı var, Nəsimi mövzusu aktualdır. Sağ olsun Prezidenti. İndi hamı özünü kadrın qarşısına atır, mövzunu bilib-bilməməsinin isə fərqi yoxdur.

Mən sonuncu dəfə televiziyada dedim ki, sizdən xahiş edirəm, onsuz da hər şeyin alverini bacarırsınız, amma milli-mənəvi dəyərlərimiz, elmimiz və fəlsəfəmiz haqqında öyrənin, sonra danışın. Dünya, sivilizasiya bizdən başlayıb. Bunu faktlarla sübut edərəm. Cəmi-cümlətanı 4-5 qədim millət var ki, biri də bizik. Bu faktları deyən, danışan mənəm, amma mən qalmışam bir kənarda, filan professoru, müəllimi çıxarıb danışdırırlar. İndi də təzə “rütbə” çıxıb - nə üzrəsə fəlsəfə doktoru. Bu nə deyən şeydir, anlamıram. Bir sözlə, televiziya proqramlarının “xodovoy” saatlarına məni dəvət etmirlər, istəmirlər və ola bilsin ki, ehtiyat edirlər. Heç dövlət tədbirlərinə də məni dəvət etmirlər. Təsəvvür edin ki, mənim sahəmlə bağla son bir ayda onlarla tədbirlər olub, ancaq bu tədbirlərdə dəxili olmayan şəxslər iştirak edib. Halbuki, mən orada xaricilərlə danışar, ortaya faktlar və dəlil qoyardım. Ancaq elə adamlar gəlirlər ki... gəlirlər foto çəkdirməyə. İndi təzə dəb düşüb, hamı qaçır Prezidentlə foto çəkdirməyə. Yerindən duran, işini bilib-bilməyən, hamı əlinə bir telefon alıb qaçır Prezidentin üstünə. Prezident də mədəni insandır, yəqin imtina edə bilmir. O günü məhəllədə qonşum deyir ki, Prezidentlə foto çəkdirdim. Dedim əcəb elədin, sağ ol! Belə şeylər məncə, nizamlanmalı, ölçü-biçi olmalı, lazımlı və dəyərli insanlar, sözü olacaq şəxslərlə belə şeyləri təşkil etmək lazımdır. “Ştatnı” adamlar var. Elə adamlar gəlib mədəniyyətin, kinonun, elmin adından danışır ki, dəxili yoxdur. Amma onlar ştatdadırlar. Bilmirəm, bunu necə həll ediblər.

- Sizin ev probleminiz həllini tapdımı?

- Təsəvvür edin ki, Prezident mənə ev verib, amma pulumu ala bilmirəm ki, evi təmir edib köçüm içinə. Prezidentin verdiyi ev də ağzı bağlı qalıb orada. Qəribəsi odur ki, mənim indi birtəhər yaşadığım evimlə bağlı 3 məhkəmə qərarı var, amma bu qərarlar icra olunmur. Beləcə, mən də bu dövlətin mənə verməli olduğu pulu ala bilmirəm.

- Deyirsiniz ki, sizi dövlət tədbirlərinə dəvət etmirlər. Bəlkə problem Mədəniyyət Nazirliyindədir?...

- Yox. Mədəniyyət naziri ilə münasibətim yüksək səviyyədədir. Son 6 ayda mənə münasibət, adla və evlə bağlı problemləri yoluna qoyan Əbülfəs Qarayev oldu. Mənə çox diqqət ayırdı. Amma onun da gücü çatan və çatmayan işlər var. Nazirliyin adından məktub göndərir, sonra da zəng edib xahiş edir. Mən ondan razıyam. Təsəvvür edin ki, elə adamlar var mənə salam verməyi, mənim filmimdə epizodda rol almağı özlərinə şərəf hesab ediblər. Mənim də haqqımı versinlər də, 76 yaşım var.

- Sonuncu dəfə Prezidentlə mədəniyyət xadimlərinin görüşünə niyə sizi dəvət etməmişdilər?

- Bilmirəm. Kino sahəsindən Prezidentlə görüşə dəvət edilənlərin bəzilərinin kimliyini bilmirəm. Onlar bu sahə ilə bağlı Prezidentə nə deyə bilərdilər? Prezidentlə görüş gözəl bir şans idi. Konkret olaraq biz Azərbaycan kino mədəniyyəti ilə bağlı ortaya faktlar qoyub söhbət edəcəkdik. Prezidentin də kino və mədəniyyətə simpatiyası var. Mən hələ də başa düşmürəm, onların kinoya nə aidiyyəti vardı, kinonun sahibləri burada durublar. Milli mənsubiyyətləri, danışıqları, yazıları ilə bizə yad və yabançı insanlardır. Nə olsun, mən danışıram və yerimi daha da pis edirəm.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Arif 2019-06-05 11:43:44

Birdəfə telvizyada 75-80 yaşında olan (doğrusu adını unutmuşam)Ə.Vahid müzeyin direktorunu, Əbdül Mahmudbəyov təhqir etdi, indisə haqqdan ədalətdən danışır o, ahıl kişi sizdən bir kəlmə soruşdu, sizə şeyx ləqəbini kim verib? həmin ağsaqal bilsəydi siz onu o, cür təhqir edəsiniz, bəlkədə həmin sualdan yan keçərdi, amma unutma həmin verlişə millət baxıb, kimin haqlı kimin haqsız olduğunu bilirlər, ona görəki xalqın gözü doğurdanda tərəzidir.

Mirpaşa 2019-06-05 11:43:44

"Şeyx həzrətləri"ya,nə az,nə çox.7 oğul istərəm filmində Qasımı oynayan bu aktyorun personajı Ölülər tamaşasını təşkil etmək istəyir.Orda Kefli Sigəndərin dili ilə deyir:bir gün Şeyx Nəsrullah gəlib deyəcək-Qalxın,mömin bəndələr!Sizsə ona qulaq asmayln,necə yatmısınızsa,eləcə də yatın,ölülər!"Milli mənsubiyyətləri, danışıqları, yazıları ilə bizə yad və yabançı insanlardır"-kimləri nəzərdə tutur,nədən ad çəkmir?Deməli,rəhbərlik bilmir kimi qəbul edir,bu bilir?4-5 qədim millətin biri biz,bəs qalanları kimdir?

murad 2019-06-05 11:43:44

ŞEYX HƏZRƏTLƏRİ ALLAH SİZƏ ÖMÜR VERSİN MEMMED ARAZI REHMƏT ELƏSİN ÇOX GÖZƏL DEMİŞ "İTİ BAZARINDA ATINDAN BAHA MƏN BELƏ ÖLKƏNİN NƏYİNDƏN KÜSÜM" OLKEMİZDƏ QERİBƏ BİR TENDENSİYA BAŞ ALIB GEDİR.HƏKİB ÖZ XƏSTƏSİNƏ MÜƏLLİM ÖZ ŞAGİRDİNƏ HƏTDA YOL POLİSİ SÜRÜCÜLƏRƏ GƏLİR MƏNBƏYİ KİMİ BAXIR.HƏTDA GÜRCÜSTANDA DA ÜZÜ QARA ERMƏNİSTSNDSDA BELƏ DEYİL. QANUNU BİLMƏYƏN QANUN YAZIR. MEDENİYYƏTİN NƏ OLDUĞUNU BİLMƏYƏN MƏDƏNİYYƏTDƏN DƏM VURUR. ALLAH BU MİLLƏTİ ÖZ PƏNAHİNDA SAXLASIN. AXIRI YAXŞI QURTARMA-YACAQINI DÜŞÜNÜRƏM

Köhnə azərbaycanlı 2019-06-05 11:43:44

"Dünya, sivilizasiya bizdən başlayıb. Bunu faktlarla sübut edərəm. Cəmi-cümlətanı 4-5 qədim millət var ki, biri də bizik. Bu faktları deyən, danışan mənəm, amma mən qalmışam bir kənarda, filan professoru, müəllimi çıxarıb danışdırırlar". Molladan soruşublar ki dünyanın mərkəzi haradır, cavab verib ki ayağımın altı, inanmırsız sayın yoxlayın. Elə özümüzü öyə-öyə gəlib çıxmışıq bu günə. Bu günkü vəziyyətimizdən danışın ey, torpaqları paylaya-paylaya gedirik, ay nəsimilogiya üzrə fəlsəfə doktoru.

seda 2019-06-05 11:43:44

Allax Fuad Poladova min rrehmet elesin!

Bashirov Qarib 2019-06-05 11:43:44

Bu da şah Abbasın nənəsi kimi həmişə sızıldayır.

Son yazılar