Azərbaycanlı mühacir, ABŞ vətəndaşlığını qəbul etmiş Səid Nurinin intim həyatına dair gizli çəkilmiş video yayılıb.
Səid Nuri tvitter hesabında yazıb ki, Azərbaycan hökuməti ona qarşı çirkin kampaniyaya başlayıb. O, yayılan videoyla bağlı heç bir narahatçılığı olmadığını bildirib:
«Qız dostumla ötən ilin mayında Azərbaycana birlikdə gəlmişdik. Münasibətlərimiz də gizli olmayıb. Sadəcə öz aləmlərində mənə təzyiq edirlər».
Ötən həftə Səid Nurinin Azərbaycandan çıxmasına icazə verilməyib. O, daha sonra Baş Prokurorluqda QHT-lərə açılan cinayət işi ilə bağlı şahid qismində ifadə verib. Səid Nuri ölkədən çıxışına icazə vermədiyinə görə Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.
Səid Nuri «Yeni Fikir» Gənclər Birliyinin üzvü olub. Təşkilatın rəhbəri Ruslan Bəşirli 2005-ci ildə Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub. Bu işdə adı keçən Səid Nuri şərti azadlıqdan məhrum edilib, az sonra mühacirətə yollanıb.
ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini çağırıb ki, cənab Nurini tam izahatla təmin etsin. Nuri bu günlərdə AzadlıqRadiosuna bildirib ki, Dövlət Departamentindən başqa ABŞ-ın digər rəsmi qurumları onun işi ilə maraqlanırlar.
***
Virtualaz.org saytının xəbərinə görə, gizli kameraların qurbanı bu dəfə ABŞ vətəndaşı Səid Nuri olub. Bir həftədən çoxdur Azərbaycandan çıxmasına qadağa qoyulan S.Nurinin yataq səhnələri sosial şəbəkələrdə yayılıb.
S.Nuriyə ölkədən çıxmaq qadağası Azərbaycan Baş Prokurorluğu tərəfindən qoyulub. Onun adı QHT-lərdən birinin cinayət işində şahid kimi keçir. ABŞ Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyi isə rəsmi Bakıdan Səid Nuri məsələsinə aydınlıq gətirilməsini tələb ediblər.
Yada salaq ki, ABŞ xüsusi xidmət orqanları 2005-ci ildə Azərbaycanda “rəngli inqilab”ın təşkili layihəsində bilavasitə iştirak ediblər. “Yeni fikir” adlı radikal gənclər təşkilatı da elə o zamanlar yaradılıb. Bu təşkilat Ukraynadakı “Pora”nın “narıncı inqilab”da oynadığı rolu Azərbaycanda oynamalı idi.
S.Nuri “Yeni fikir” gənclər təşkilatının sədr müavini idi. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs ediləndən və “narıncı inqilab”ın qarşısı alınandan sonra S.Nuri də Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs olundu. Lakin S.Nuri talassemiya xəstəliyindən əziyyət çəkdiyi üçün onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirildi, sonradan ona şərti həbs cəzası verildi. Daha sonra Norveç və ABŞ səfirliklərinin köməyi ilə Azərbaycanı tərk edən S.Nuri bir müddət ABŞ-da yaşadı və bu ölkənin vətəndaşlığını aldı. O, ABŞ vətəndaşlığı alandan sonra Azərbaycana tez-tez gəlib-gedir.

Şərhlər