Tibb sahəsi həmişəlik dəyişir - "Amazon"-dan inqilabi yenilik

“Amazon” şirkəti səhiyyə sahəsində fəaliyyətə başlamağa hazırlaşır. Ekspertlər qeyd edir ki, illik 230 milyard dollarlıq ticarət dövriyyəsinə malik bu nəhəng şirkət yaxın gələcəkdə bütün tibbi xidmətləri özündə birləşdirən proqram işə salacaq. Təqdim edilən yenilik istifadəçilərin rahatlığını və qiymətlərin şəffaflığını təmin etmək məqsədi güdür. Bu barədə “Newsweek” nəşrinin müxbiri Devid Fridman məlumat verir.

Yeni lampa almaq istəyən istifadəçilər “Amazon”-a daxil olaraq çoxsaylı təklifləri müqayisə edə, məhsul haqqında ətraflı informasiya ala, yaxşı endirim və rahat çatdırılma xidməti əldə edə bilər. Deyəsən, istifadəçilər distant tibbi məsləhət, şəxsi tibbi yardım almaq, lazım olan dərmanları əldə etmək üçün eynilə bu şəkildə “Amazon” şirkətinin saytından və ya proqramından tezliklə istifadə edə biləcəklər.

“Sağlamlıq heç vaxt satış sənayesi olmayıb. “Amazon” bunu dəyişməyə hazırlaşır”, - Forrester Research” təşkilatının baş analitki Ceff Beker bildirib.

Bir çox terapevt “Amazon”-un işə salacağı yüksək texnoloji tibbi xidməti həkimlərin qeyri-funksional səhiyyə sisteminə yazdığı resept kimi qiymətləndirir. Bu resept isə hər il sıravi vətəndaşlara 3,5 milyon dollara başa gəlir. Bu sistem dünyanın ən bahalı sistemi olmaqla yanaşı, inkişaf etmiş ölkələr arasında xəstələrə ən pis nəticə verən sistemdir. Ənənəvi ailə həkimi modeli ilə müqayisədə mobil tətbiqə əsaslanan, müştəriyə yönümlü sistem insanlara daha fərdi, həssas və qayğıkeş təcrübə qazandıra bilər.

Əlbəttə, yeni stolüstü lampa almaqla dözülməz ağrıya görə tibbi yardım axtarmaq arasında böyük fərq var. Mobil tətbiqdə tibbi xidmətlərin meydana çıxma perspektivi çoxlu sual doğurur. Bu cür xidmətlər ənənəvi klinikalar kimi pasiyentlərin ehtiyaclarını ödəyə biləcəkmi? İstifadəçilərin məlumat bazası ilə qanunsuz rəftar etdiyi üçün “Google” və “Facebook” şirkətlərinə inanmayan insanlar bir başqa texnologiya nəhənginə öz şəxsi tibbi məlumatlarını etibar edəcəkmi? Və bunu etməyə dəyərmi?

Hələlik “Amazon” tibbi planları ilə bağlı publik açıqlama verməyib. Amma şirkət sentyabrda Sietldəki işçilərinə daxili sağlamlıq proqramına yazılmağı təklif edib. “Amazon Care” istifadəçilərə distant tibbi konsultasiya xidməti təklif edən mobil proqramdır.

“Onlar dərhal tibb bacısı və ya həkimlə əlaqə saxlaya bilirlər”, - “Amazon” şirkətinin qlobal proqramlar üzrə direktoru Den Sparrmen bildirib. Ekspertin sözlərinə görə, “Amazon Care” proqramının istifadəçiləri yazışma yolu ilə pulsuz konsultasiya xidməti ala bilirlər. Həmçinin həkimdən video vasitəsilə məsləhət almaq, qəbula yazılmaq mümkündür. Onda buna görə kiçik ödəniş etmək lazım gəlir.

“Amazon Care” sağlamlıq sahəsində şirkətin daha böyük xidmət istiqamətində atdığı birinci addım kimi nəzərdən keçirilir. Tibb xidmətləri provayderləri və sığorta şirkətlərinin çoxu bu cür innovasiyalara müqavimət göstərirlər. Onlar zamanın sınağından keçmiş biznes modeli dəstəkləyirlər. Həmin model pasiyentin ən yaxın klinikaya baş çəkməsini və buna görə kifayət qədər böyük pul ödəməsini nəzərdə tutur. Bu zaman müştərilər nəticədə nə qədər pul ödəməli olacaqlarını nadir halda bilirlər. ABŞ-da tibbi xidmətlər çox baha olduğu üçün sığorta şirkətləri və özəl klinikalar “kef edir”. Ona görə bu müəssisələr risk edib, adət etdikləri modeldən imtina etmək istəmirlər.

(Tərcümə: xpressa.net)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar