“XALQ CƏBHƏSİ MƏNİ İŞDƏN ÇIXARDI...” – “Hüseyn Abdullayevin anasına baş çəkirəm”

Xalq artisti Brilliant Dadaşovanın televiziya verilişlərinin birində AXC-Müsavat hakimiyyəti haqqında ittihamlar səsləndirib, həmin vaxtlarda qorxusundan şəhərdə silahla gəzdiyini deyib. Onun fikirləri sosial şəbəkələrdə rezonans doğurub, xüsusən müxalifət fəalları Xalq artistinin ünvanına kəskin ifadələr işlədiblər. 

B.Dadaşova “gununsesi.org”-a müsahibəsində dediklərinə belə aydınlıq gətirib: 

– Brilliant xanım, müsahibənizdə 1991-ci ildəki AXC hakimiyyətini tənqid etmisiniz. Amma həmin zaman Ayaz Mütəllibov prezident idi... 

– Mən həmin dövrdən danışmışam. Ola bilər ki, tarixi səhv deyim. Amma fikirlərimdə qalıram. Bir faktı deyim: gözümüzün qarşısında meyvə-tərəvəz dükanını güllə-boran edib dağıdıblar. Səbəb isə satıcının malı 5-10 qəpik artıq deməsi olmuşdu. Belə bir zəmanədən danışıram. 

– Ona görə də silah gəzdirirdiniz? 

– Bəli, mənim silahım vardı. Efirdə də dedim ki, qorxumdan gəzdirirdim. Qanunsuzluq baş alıb gedirdi. 

– Silah gəzdirməyin özü də cinayət əməlidir. Siz niyə bu qanunsuzluğa gedirdiniz? 

– Onda hamı qanunu pozurdu. Qanun sayan yox idi. 

– O silah sizdə qalırmı? 

– Yox, o silah kimin idisə, ona da təhvil verdim. Dostlarımın idi. Bu gün qanunlarımız işləyir. Daha silaha ehtiyac qalmayıb. AXC hakimiyyətdən gedəndən sonra vəziyyət dəyişdi.

– Bir neçə il öncə hava limanında sizə qarşı kobud hərəkətlər olmuşdu. Ölkədən birdəfəlik gedəcəyinizi demişdiniz. O günləri də xatırlayırsınızmı?...

– Mən heç zaman “ölkədən gedirəm” deməmişəm. Bakıdan gedərkən yox, Bakıya gələndə məni saxladılar. Bu da pasportuma görə olub. Çünki mən Türkiyə pasportu daşıyırdım. O vaxt mənim Azərbaycan pasportumun vaxtı bitmişdi. Mən də təcili olaraq Türkiyəyə çəkilişlərə getməli idim. Onlar məni dəvət etmişdilər. Həmin vaxt “ASAN xidmət” yox idi. 15 il öncə 1 günə pasport hazırlama mümkün olmadığına görə, mən Türkiyə pasportu ilə uçmuşdum. Onunla da qayıtmışdım. Geri dönərkən sərhəddə məni saxladılar. Dedilər, “ikili vətəndaşlıq olmaz”. Sonra mənə dedilər ki, “Sizin adınız Brilliant yox, “Pırlanta” yazılıb”. 1993-cü ildə mənə Türkiyə pasportu verilərkən mən o zaman demişdim ki, mənə Brilliant adı yazmayın, “Pırlanta” yazın. Çünki Türkiyədə Brilliant demək onlara çətindir. Yəni ki, ciddi qanunsuzluq ola bilməz. Bu gün dövlətin bütün orqanları öz işini məsuliyyətlə görür.

– Son illərdə MTN-də Eldar Mahmudovun əməlləri açıldı, nazirliyin 20 vəzifəlisi həbs edildi. Ondan öncə DİN-də Hacı Məmmədov ifşası baş verdi. Bəs, bunlar haqqında niyə danışmırsınız?

– Bu sualı siyasətçilərə yönəltmək lazımdır. Mən deyirəm ki, hamımızın sevdiyimiz, institut vaxtı piketlərinə getdiyimiz Xalq Cəbhəsi özünü doğrultmadı. Mən də mübarizə aparmışam. 1991-ci ilin yanvar ayında bizim insanlarımız öldürüldükdən sonra XI Qızıl Ordunun heykəli hələ də yerində dayanmışdı. Və mən bir institut tələbəsi olaraq 6 ay keçəndən sonra o heykəlin qarşısında dayanıb mübarizə etmişəm. Demişəm ki, qan tökənin, baş kəsənin çıxaq başı üstünə. “Haydı-haydı ər igidlərimiz, birləşin daha”, demişəm. Və mən də öz növbəmdə bunu mübarizə hesab etmişəm. Xalq Cəbhəsinə inanmışam. Ancaq onlar gəldikdən sonra 1991, ya 1992-ci il idi... Mən də ona görə demişəm, hamımızın inandığımız Xalq Cəbhə gəldikdən sonra məni işdən çıxartdılar. Sizin mənə verdiyiniz sual siyasətçilərə aiddir. 

– Bəs, bu gün də o dedikləriniz əməllərdən varmı? Rüşvət, korrupsiya haqqında danışa bilərsinizmi? 

– Əzizim, mən özümə aid olan şeydən danışmışam. Məni işdən çıxarıblar. Mən özümdən danışmışam. Mən bir tələbə kimi o qədər inanmışam, biz piketlərə gedirdik, mən uşaqları yığmışam. Vallah, onlarla insanlarımız, qaçqınlarımız gedib onları qarşılayırdıq. Biz onları yerləşdirməyə çalışırdıq. Onlara kömək edirdik. Mən ondan sizə danışıram. 

– Mən bildiyim qədər, Hüseyn Abdullayevlə qonşu idiniz, münasibətiniz də vardı. Bu gün Hüseyn Abdullayevlə maraqlanırsınızmı? 

– Anasını görərkən necə salam verirdimsə, indi də salam da verirəm. Vaxtım olanda, gedib yanına baş da çəkirəm. Çay da içirəm. Mən, çoxdandır Bakıda deyiləm. Hətta demişəm ki, havasına görə 5 il Zaqulbada ikiotaqlı evdə, divanda yatmışam (?!). Ancaq şəhər evimizə gedəndə, Zeynəb xanımı görürəm. Qucaqlayıb öpürəm. Qaldı ki, siz əgər siyasi suallar vermək istəyirsinizsə, siyasətçi olan insanlara verin...

635x100

Şərhlər

boz 2019-12-14 18:33:36

adını dəyişən admdan nə desən gözləmək olar,pırlanta,yox bir..

Cəfər 2019-12-14 17:53:35

Deyəsən Brilyantın bazarı işləmir.İndi siyasətdən dəm vurmaq istəyir.Amma anlamır ki,onon yeri harada ola bilər.(indiyə kimi məşğul olduğu yerlərdə )İnsn qocalır,kiməsə xoş gəlmir,onu artıq istəmir.

ceyhun 2019-12-14 15:01:23

o kimdir axi bele meselelerden danisir. getsin muqenliyini etsin

Dr.Ağaoğlu 2019-12-14 14:37:13

Axırki cəbhə hakimiyyətinin düzgün işləri etiraf ounur-Brilliant kimileri layiq olduqları işə yönəldirmişlər.

Firəngiz 2019-12-14 13:31:46

Elə Milli Məclis sənin kimiər ilə doldurulmuşdu deyə buraxıldı.Indi sən haradan çıxdın? Get tullan-düşünü et.başını dolandır.

həmid 2019-12-14 13:29:13

Sən şəxsiyyət və infuzoriya arasında bir addım gec seçim etmisən

fuad 2019-12-14 13:27:10

Yalanciya,lenet olsun.kime yarinmaq isteyir goren?

Seyid 2019-12-14 12:32:09

İndiki zamanda ən asan şey köhnə hakimiyyət dövründə olub keçənləri söyləməkdi. Hal- hazırda cümlə cahan batsa da batsın nə işin var. Lap elə ölkəmizi çapıb talasınlar nə işim var, indiki dövrdə bu barədə danışmaq siyasətdi, amma keçmişdə olanlar yox. Əcəb məntiqdi, bərəkallah.

Mübariz 2019-12-14 11:59:14

Sənin Xalq cəbhəsində nə işin ola bliərdi ki?Sən qastrolyor kimi Türkiyə-Bakı yollarında olmusn.İndi yalanlarınla nə demək istəyirsən? Gedib öz işlərinlə niyə məşğul deyilsən? AXı Dadaşovaların kim olduğunu bütün Azərbaycan tanıyır.

yalçın 2019-12-14 11:56:58

tam yalandır..ən dəhşətli terror-qətl və quldurluq halları 1993-94-dən sonra oldu..yada salın..23-ü bölmə rəisi müşfiq deyilən bir zombi zavod direktorlarıını maşının baqajında gətizdirib işgəncə verirdi vəs..

Son yazılar