Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 23-də baş tutan bələdiyyə seçkilərində açıqladığı seçici fəallığı günün ən ciddi hadisəsi idi. Bütün seçkilərdə yüksək rəqəmlər təqdim edən MSK, bu dəfə cəmi 32 faizlə kifayətləndi. Bu, 5 il əvvəlki seçkilərdən 6 faiz daha aşağı nəticə idi. Deməli, əhalinin seçkilərə və bələdiyyələrə inamı getdikcə azalır.
Məntiqlə bələdiyyə seçkilərində yüksək seçici fəallığı olmalıdır. 1600-dən çox bələdiyyəyə 15 mindən artıq üzv seçilməlidir. Bu seçimlər Azərbaycanı kənd-kənd əhatə edirsə, yerli özünü idarəçilikdə iştirak etməyə minlərlə namizəd varsa, vətəndaşlar niyə bu rəqabətdə, yeni imkanlar yaradan şanslardan istifadə etmək istəməyiblər? Yaxud, insanlar niyə yerli hakimiyyətdə kimlərin olacağına bu qədər biganədirlər?
Əlbəttə, bunlar ritorik suallardır - ölkədəki ictimai-siyasi ab-havanı bir az duysaq, problemləri, onun səbəbələrini sıralamaq olar.
Azərbaycanda seçkilərin keçirilmə mexanizmləri inzibati amirlik sisteminin tələbatına uyğunlaşdırılıb və illərdir dəyişməyən nəticələr bu institutun zəifləməsinə gətirib çıxarıb. Artıq cəmiyyət seçilmə, seçmə yox, bütün sahələrdə təyinetmə prinsipinin işlədiyinə alışıb. Bu reallığı dəyişəcək siyasi qüvvələr və ya başqa vətəndaş təşəbbüsləri, alternativlər ya yoxdur, ya da çox zəifdirlər. Odur ki, siyasi qüvvələrin əhəmiyyətli bir hissəsi təklif olunan təyinetmə üsulundan yararlanmağa cəhd edir. Onların təsəvvürünə görə, formalaşan ictimai-siyasi mühitdən kənarda siyasi həyat yoxdur, oradan aralanıb çəkisizlik şəraitinə düşməkdənsə, zamanın diqtəsi ilə ayaqlaşmaq lazımdır. Bunun əksini iddia edənlərin maksimalist yanaşması var. Amma onları həyata keçirmək üçün mühitə daxil olub, yaxud, kənardan onu zədələyib yıpratmaq cəhdləri işə yaramır. Cəmiyyət hər iki təklifə biganə olduğuna görə oyun qaydalarını diqtə edən hakim siyasi qüvvə yaratdığı şəraitdə özünü rahat hiss edir.
İkinci əsas məqam bələdiyyələrin yerli özünüidarəetmə institutu kimi özünü doğrultmamasıdır. Yaranmasından 20 il ötməsinə baxmayaraq, bələdiyyələrin normal fəaliyyəti üçün hüquqi, siyasi imkanlar yoxdur. Yerlərdə əsas idarəçilik rıçaqları icra hakimiyyətlərindədir, dövlət bu qurumu dəstəkləyir və onun fəaliyyətini daim gücləndirir. Bunun fonunda bələdiyyələrin səlahiyyətləri, maliyyə imkanları yoxdur, onlar dövlət dotasiyasına möhtacdırlar, heç bir təşəbbüslə çıxış edə bilmirlər. Ötən ilin statistik məlumatlarına görə, bütün bələdiyyələrin gəlirləri cəmi 36 milyon manat olub. Bu, 50 milyard dollara qədər ÜDM olan Azərbaycan üçün olduqca simvolik rəqəmlərdir və bələdiyyələrin real hakimiyyətini, maliyyə durumun özündə əks etdirir.
Azərbaycanda bələdiyyə institununun zəif olmasını şərtlədirən vacib problemlərdən biri də paytaxtda və iri şəhərlərdə yerli özünüidarə qurumlarının olmamasıdır. Avropa Şurasının 20 ildir tələb etməsinə baxmayaraq, nə Bakıda, nə ölkənin başqa şəhərlərində böyük şəhər bələdiyyələri yaradılmır. Hakimiyyət bütün rıçaqları bilavasitə əlində saxlayır və burada ictimai iştirakçılığı, vətəndaş idarəçiliyini yaxın qoymur.
Cəmiyyəti dərindən məyus edən, seçkidən və idarəçilikdən uzaqlaşdıran əsas faktorlar bunlardır və bu tendensiyanın çox pis nəticələri də ola bilər. Azərbaycan dövlətininin Konstitusiyasında Respublika quruluşu təsbit olunub və əsas Qanuna görə ölkənin idarə olunması bilavasitə xalqın iradəsi ilə həyata keçirilir. Real vəziyyətdə cəmiyyətin bələdiyyələrdən, parlamentdən uzaq düşməsi, seçkili orqanların formal mahiyyətə gətirilməsi ciddi kataklizmlərə yol aça bilər. Bu gün ölkədə sabitlikdir, siyasi qarşıdurma, vətəndaş itaətsizliyi və s. mənfi tendensiyalar yoxdur. Amma əhalini narahat edən ciddi sosial problemlər var, ölkənin bir hissəsi işğal altındadır, qlobal ziddiyyətlərin toqquşduğu həssas bölgədə yerləşir. Habelə, müxtəlif radikal dini cərəyanların ayaq açdığı, yuva qurduğu ölkəyik. Yaxın illərin təcrübəsi göstərir ki, cəmiyyətimiz yaxın-uzaq bölgələrdə baş verən hadisələrdən tez təsirlənir.
Bu reallıqlar ölkənin milli təhlükəsizliyinin qorunması üçün mühüm addımların atılmasını diqtə edir. İlk növbədə xalqın hakimiyyət qollarına inamı bərpa olunmalıdır, yerli mediaya inanmalıdır və güclü siyasi institutlaşma baş verməlidir. Bu, ölkədə vətəndaş birliyinin, milli həmrəyliyin, ictimai rəyin formalaşmasının başlıca təməlidir. Ki, onu atmaq üçün ölkədə etimad doğuran seçkilər keçirilməli, demokratik prinsiplərə uyğun balanslı siyasi idarəçilik bərəqrar olunmalıdır. Yalnız belə güclü siyasi sistemlər daxildən və xaricdən dövlətə qarşı olan təhdidləri neytrallaşdıra bilər.
Elçin Rüstəmli
AzPolitika.info

Şərhlər
Seçkilər yalnız seçicilərin 65-70 faizinin iştirakı olduqda keçərli sayılmalıdır.İndiki seçkilərdə 28-35 faiz yalnız seçki komissiyalarının işçiləri,məcburi-işdən qovulmaq təhlükəsi qarşısında qalan müəllim və tibb işçiləri,qanunun əksinə olaraq , DİN -nin işçiləri,həbsdə olanlar,orduda xidmət edənlər hesabına toplanır.v
.....hər seçkidə öten dəfəkindən də artıq saxtakarlıqlar edir və bu nədənsə YAP-ın və hakimiyyətin xoşuna gəldiyindən saxtakarlığı bilə-bilə onu MSK sədri kimi qalmağını istəyir.Bu təəcüblü deyilmi?RSa
Uzun ilərdir seçkidə saxtakarlığn mövcudluğu və getdikcə saxtakarlğın artdığı halda cəmiyyətdə inam azalması adi haldır.lÇünki insanlar məntəqələrdəki vəziyyətlə MSK-nın məlumatları arasında böyük fərq görürlər.Əslində bələdiyyə seçkilərində də faiz saxta olaraq yüksək göstərilib.Əgər buraya toplu bülletenlər və təkrar səs vermələri nəzərə alsaq iştirakın 10-15 faiz olduğu qənaətinə gəlmək olar.BUnun səbəbləri isə köklü araşdırılmır.d Seçki Məcəlləsi,MSK-nın tərkibi və Məzahir Pənahovun seçicilərin etibarını itirməsi buna təsir edən faktlardır.Ən təhlükəlisi isə siyahi ilə namizəd verib,onların mütləq seçilməsini tələb etNamizəd işçi kollektivlər tərəfindən müvafiq ərazidə yaşayan,çalışan insanlardan təşkil olunmalıdır.xkməkdir.ls
İnamsızlığı Məzahir Pənahovun saxtakarlıq texnologiyası yaradıb.Bu texnologiya isə Əli Əhmədov və Siyavuşdan gəlib.
Bəs Əli Əhmədov,Siyavuş Novruzov nə ilə məşğuldurlar ?
əhalidə seçki ruhu öldürülüb. İnsanlar bilir ki səs verməyin mənası yoxdur. Seçki komisyası kimi istəsə qalib o çıxır.
113 DSK-da bağışlanılmaz seçki saxtaçarlığı başa çatdı..
Parlament seçkilərini başa düşürük, bu iqtidarın maraq dairəsindədir.Bəs niyə imkan yaratmırlar ki,hər kənd öz hörmətli şəxslərini Bələdiyyə üzvü etsin.Bu qədər də olmaz axı.Belə çıxır ki, ümumiyyətlə ölkədə demokratik seçki ənənəsinin azacıq da olsa formalaşması kimlərisə bərk narahat edir...
SEÇKİLƏRƏ İNAMI ANALOQU OLMAYAN SEÇKİ MƏCƏLLƏSİ, YAP-IN SİYAHİSİ,SAXTAKARLIQ VƏ BİR DƏ MƏZAHİR PƏNAHOVUN SAXTA ƏMƏLLƏRİ OLUB.gUYA İQTİDAR BUNU BİLMİR?mƏ
Əvvəllər deyirdilər ki,deputatlığı R.Mehdiyev satır.Bu il ,görək satan kim olacaq?Heç olmasa "mitrofonuşkalara"(Qriboyedov) satmasınlar.