Bir ömürdü, yaxşı, yaman yaşadım...

Bu gün şair-publisist Nurəddin İsmayılın doğum günü – 60 illik yubileyidir. Ara-sıra həm də “AzPolitika” üçün yazan dəyərli şairimizi təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzu edirik. 

Şairin öz yubileyinə həsr etdiyi qısa qeydi və şeirini təqdim edirik:

60 il bundan öncə 10 yanvarda dünyaya göz açdım. Acılı- şirinli günlər yaşadım. Taledən şikayətim yoxdur, ilahi təqdir nədirsə, o da oldu. Amma gələn günlərimi keçən günlərə qurban vermək fikrindən uzağam. Keçən günlərim hər şeydən çox mənim üçün Vətən itkisdir. Ümid gələn günlərədir. Mənimlə bir ayda, bir gündə doğulan hər kəsi cani-könüldən təbrik edirəm.

Qoyub gedirəm

Bir ömürdü yaxşı, yaman yaşadım,

Salmışamsa izdi, qoyub gedirəm.

Fani dünya səni çoxdan boşadım,

İsinməyə közdü, qoyub gedirəm.


Dağlar ilə həmdəm oldum, ucaldım,

Hər çiçəkdən sevgi payı, güc aldım,

Gəldi altmış, daha mən də qocaldım,

Bu torpağa üzdü, qoyub gedirəm.


Bəs eylədi gənclik eşqim, həvəsim,

Döyən ürək, gəlib gedən nəfəsim,

Təzələnsin məndən sonra qəfəsim,

Yaşıl çəmən, düzdü, qoyub gedirəm.


Şair sözü yerdən göyə götürər,

Can şirəsi qatıb qəlbə ötürər,

Ağıldır o, əksən, məna bitirər,

Yadda qalan sözdü, qoyub gedirəm.


Bir borcum var, gərək çıxa, ödənə,

Can qurbandı doğma elə, vətənə,

Salam olsun üzü haqqa gedənə,

Əmanətdi, sizdə qoyub gedirəm.


Bir xalıya barmaq vurar yüz ilmə,

Əyri hana çətin tuta düz ilmə,

Qəm eyləyib, könül belə üzülmə,

Səcdəmiz var, dizdi, qoyub gedirən.


Doğmalar var səndən yaxın, uzaqda

Atan, anan, səni qucan sazaqda,

Bu həsrəti misra-misra yazaq da

Deməsinlər tezdi, qoyub gedirəm.

10.01.2020

635x100

Şərhlər

Ramazan SİRACOĞLU 2020-01-11 18:35:14

Yüz yaşayın. Çox yüyürdüm ömür adlı bu yolda / Məndən qalan tozdu, qoyub gedirəm./ Dəyişiklik nə sağda var, nə solda / Bütün rənglər bozdu; qoyub gedirəm. / Zaman ötdü, növcavanlar pir oldu, / Qeyzə gəldi göz yaşlarım Kür oldu./ Dedim, bəlkə, iki sahil bir oldu,/ Yaramıza duzdu- Qoyub gedirəm./ İllər qar ələdi qara birçəyə,/ Anam inanmadı acı gerçəyə;/ Çox istədim qonaq olam Göyçəyə,/ Nakam qalan gözdü, qoyub gedirəm…/

Elli 2020-01-10 15:49:41

100 yaşa Nurəddin müəllim!

Son yazılar