“DİN SİSTEMİNDƏ MÜSBƏT DƏYİŞİKLİKLƏR BAŞ VERİR” – “Nazir nədənsə narazıdır ki, DYP-ni yoxlatdırıb”

Ölkədə ciddi kadr və struktur islahatları aparılan sahələrdən biri də hüquq-mühafizə orqanları və xüsusilə Daxili İşlər Nazirliyidir.

“AzPolitika.info” bu mövzunu sabiq polis polkovniki Mahmud Hacıyevlə müzakirə edib.

- Mahmud müəllim, bir neçə gün əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bütün şəxsi heyəti sərəncama götürülüb. Mütəxəssis kimi bu qərarı necə şərh edərdiniz?

- Öncə deyim ki, burada qeyri-adi bir şey yoxdur. Tarixə diqqət etsək görərik ki, SSRİ dönəmində də belə addımlar atılırdı. Ancaq bunu heç vaxt əsassız yerə etmirlər. Konkret olaraq, hər hansı bir idarədə və ya baş idarədə islahatlar aparılanda əvvəl yoxlama keçirilir, nöqsanlar aşkar edilir. Rəhbərlik səviyyəsində bu məsələlər müzakirə olunur və bütünlüklə həmin struktur sərəncama götürülür. Digər tərəfdən, sərəncama götürmək işdən çıxarmaq demək deyil. Çox güman ki, müəyyən struktur və kadr dəyişiklikləri nəzərdə tutulub. Ola bilsin ki, rəhbərlikdə təmsil olunanlar dəyişəcək. Belə hallarda sərəncama götürmə və şəxsi heyətin yenidən qurulması prosesi müşahidə oluna bilər. Buna da təbii yanaşmaq lazımdır.

Bir neçə ay əvvəl Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyində dəyişikliklər oldu və nazir dəyişdi, sonradan nazir müavinləri dəyişdi. Əslində, müsbət hal o oldu ki, nazir daxili işlər orqanlarının özündən təyin edildi, kənardan gətirilmədi. Bu, müsbət addım idi. İndi təzə nazir gəlibsə, onun müəyyən dəyişikliklər və islahatlar aparması qanunauyğundur. Biz də polisdə islahatları son aylarda görürük. Hiss edilir ki, DİN sistemində müsbət və pozitiv mənada dəyişikliklər gedir.

- Siz atılan addımları təbii qarşılasanız da, mətbuat xüsusilə BDYPİ-dəki dəyişikliklərin təsadüfi olmadığı qənaətindədir...

- Əvvəla, yeni nazir bütün sahələrdə müsbət yöndə islahatlar aparır. DİN üç növdə fəaliyyət göstərir: istintaq, əməliyyat və xidmət sahəsi. Dövlət yol polisi xidmət sahəsinə aiddir. Bunun bir bayır xidməti deyilən anlamı da var. Yol polisi hər zaman ictimaiyyətin və KİV-lərin gözü önündədir. Ona görə də, bayır xidmətində müsbət yöndə islahat keçiriləndə böyük diqqətə və hay-küyə səbəb olur. Nazir istintaq və əməliyyat sahəsində də dəyişikliklər edir. Sadəcə, yol polisində, onun bayır xidmətində dəyişikliklər edəndə, bu, göz qarşısında olduğundan səs-küyə səbəb olur. Bir daha qeyd edim ki, əslində DİN sistemində islahat bütün sahələrdə gedir, o cümlədən də yol polisində. Əgər orada yoxlama olubsa və müəyyən neqativ hallar baş veribsə, deməli dəyişikliklər də olmalıdır. Biz də bu dəyişiklikləri müşahidə edirik.

- Demək istəyirsiniz ki, yoxlamalar aparılıb, nəticədə müəyyən nöqsanlar ortaya çıxıb və indi də bu nöqsanların aradan qaldırılması üçün addımlar atılır?

- Tamamilə doğrudur. Ehtimal etmək olar ki, yoxlama aparılıb. İndi də kim işdən götürülə, kim daha böyük vəzifəyə gedə, yaxud kim yerində qala bilər kimi məsələlərə baxılır. Şəffaflığın olması üçün yüngül də olsa yoxlama aparılır. Ancaq KİV-lər də bu haqda ziddiyyətli məlumat yayıb. Bəziləri qeyd edib ki, rəis heyəti sərəncama götürülüb, bəziləri yazıb ki, rəis sərəncamdadır, müavinləri yerində qalır və sair.

- Sizcə, nədən belə prinsipial dəyişikliklər DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən deyil, BDYPİ-dən başlandı?

- Əsində, dəyişikliklərin BDYPİ-dən başlanması daha məntiqlidir.

- Niyə?

- Hazırda bu qurum obrazlı desək, şəhərin baş idarəsidir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əsasən bütün ölkə üzrə nəzarəti həyata keçirir. Baş idarənin əsas funksiyası nəzarətdir, ümumi rəhbərliyi həyata keçirməkdir. Əsas fəaliyyət funksiyasını həyata keçirən isə BDYPİ-dir ki, 13 rayona baxır. Bu idarə elə mikronazirlik deməkdir. Hesab edirəm ki, islahatların məhz burada keçirilməsi daha məqsədəuyğundur.

- Sizcə, BDYPİ-də başlanan islahatlar Respublika Baş Dövlət Yol Polisi İdarəsində davam edəcəkmi?

- Ola bilsin ki, burada keçirilən islahatlardan sonra fəaliyyət araşdırılacaq. Və ola bilsin ki, bu islahatlar Respublika Baş Dövlət Yol Polisi İdarəsinə sıçrasın. Bunu ehtimal etmək mümkündür. Nəzərə alın ki, hər hansı bir sahədə yoxlama aparanda əslində xidmət sahəsinin bütün istiqamətləri nəzərdən keçirilir. Bunu mümkün hesab etmək olar.

- Siz polisin içindən çıxmısınız, idarə rəisi vəzifəsində çalışmısınız. Niyə yol polisi hər zaman neqativ söz-söhbətlərin mərkəzində olur?

- Mən keçmişə qayıdaraq deyim ki, SSRİ dövründə də DİN sahəsində söz-söhbətlərə səbəb olan xidmət sahələrindən biri yol polisi olub. O zaman bu qurum Dövlət Avtomobil Müfəttişliyi adlanırdı. Yəni SSRİ vaxtında, 40 il əvvəl də belə idi.

İndi nazir islahatlar aparır. İslahatı ona görə aparırlar ki, bu xidmət sahəsi rəhbərliyi qane etmir. İslahat nəticəsində bəzi şəxslər təqaüdə gedir, bəziləri sərəncama götürülür, bəzilərinin yeri dəyişir. Bir sözlə, xidmət yenidən qurulur. Açığı, bu saat cəmiyyətdə fikir var ki, Daxili İşlər naziri dəyişib, görək bu dəyişiklik daxili işlər orqanlarına necə təsir edəcək. Hamı fikrini ora cəmləyib. Mənim subyektiv fikrim budur ki, islahatlar zamanı işdən çıxarılanlar da olur və buna təbii yanaşılmalıdır.

- Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov da xidmət üçün nəzərdə tutulan yaş həddini çoxdan başa vurub. Bu halda onun vəzifədə saxlanması nə dərəcədə qanunidir?

- Adətən generllara münasibətdə yaş həddindən daha çox onların fiziki durumu nəzərə alınır. Digər tərəfdən, nazir şəxsi heyəti yaxşı tanıyır. İstər general olsun, istərsə də polkovnik. Mən elə həm də bu amilə görə qeyd edirəm ki, nazirin bu strukturun içindən gəlməsi çox yaxşı haldır. Nazir digər qurumdan gəlsəydi bunun çox pis fəsadları olacaqdı. Məsələn, şəxsi heyəti tanımayacaqdı, başqasının kimisə pisləməsinə düzgün reaksiya verməyəcəkdi və s. Amma hazırda nazir bilir ki, kiminlə işləmək olar, kiminlə olmaz.

- Sizcə, son addımlar yol polisindəki neqativ halları aradan qaldıra biləcəkmi?

- Mən ümid edirəm ki, buna nail olunacaq. Bu yaxınlarda bir yol polisi əməkdaşı işdən çıxarılıb. Elə bu cür hallara görə. Nazir bu istiqamətdə işlərə başlayıb və əksər sahələrdə müsbət nəticələr özünü göstərir. Polisin 5 il əvvəlki fəaliyyəti ilə son 4-5 aydakı fəaliyyətinə baxdıqda müsbət istiqamətdə dəyişikliklər görünür. Ümid edirəm ki, yol polisində aparılan dəyişikliklər də bir sıra neqativ halların aradan qalxmasına səbəb olacaq.

Yeri gəlmişkən, qeyd edim ki, son dövrlər polisin xarici görünüşü də dəyişir. Artıq Yol Patrul Xidməti əməkdaşları yeni uniformalar geyinir. Hesab edirəm ki, bu da davamlı şəkildə gedəcək.

Biz XXI əsrdə yaşayırıq, dünya inkişaf edir. 2020-ci ilin polisinə aparıb 2000-ci ilin formasını geyindirmək də düzgün deyil. Polisin fizioloji quruluşu, boyu-buxunu və forması qəşəng olmalıdır.

Vaqif NƏSİBOV 

“AzPolitika.info”

635x100

Şərhlər

Veten dashı 2020-01-21 13:01:54

Meyvəli bazarın yanında bir polis mayoru bir nomrəyə 300 azn alır.Bəlkə təzə nazirin xəbəri yoxdu.

AQAYEV 2020-01-20 19:02:25

DYP-i düzələn deyil kəsdiriblər yolu şərləməklə məşquldular.

Oqtay 2020-01-20 14:40:49

Abilər düz yazıb

Abilər 2020-01-20 13:36:04

AzPolitikaya!!! AbiHamı kimi yazsan da şərhləri verə bildiyimizdən biz 5-6 dost daimi izləyicin idik.İndi noldusa nə yönnü bir şey yazmırsan, nə də şərhlər hissəsin əndrabadi günə qoymusan- nə sərhr yazmaq olur nə də ki yazdıgımızı da hıqqına hıqqına 100-dən biliri buraxırsan deyə dostlarım səndən üz döndərdi.Allah Ə.Həsənova rəhmət (siyasi) eləsin AMİN!!n

Son yazılar