“YASTIĞIMIZ QALINDIR, AJİOTAJA EHTİYAC YOXDUR...” – “Bahalı neft dövrü arxada qalıb, ucuz neft dövrü başlanır”

“AzPolitika.info” Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli ilə “Dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması, bunun səbəbləri, doğuracağı nəticələr, Azərbaycana mümkün təsirləri” və digər mövzularda söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Əli müəllim, dünya neft bazarında mənfiyə doğru baş verən son dalğalanmanı necə şərh etmək olar, sizcə, bu nəyin əlamətidir?

- Bir tərəfdən koronavirusun törətdiyi fəsadlar və onun ətrafında gedən proseslər, digər tərəfdən neft ixrac edən nəhəng dövlətlərin öz bazarını itirməmək naminə bir-birilə apardığı mübarizə belə bir nəticə yaradıb. Beləcə, son illərdə ticarət müharibəsinin nəticəsində dünya iqtisadiyyatında yaranan problemlərin paxırı üzə çıxdı. Bir tərəfdən dünya ölkələrinin koronavirusla əhatə edilməsi dünya iqtisadiyyatını təhdid edir, digər tərəfdən də neftin qiymətinin kəskin düşməsi neft hasil edən ölkələrin iqtisadiyyatını təhdid edir. Məsələyə bu prizmadan yanaşanda təbii ki, koronavirusun əhatə etdiyi ölkələrdə sərhədlərin bağlanması, gediş-gəlişin azalması, təyyarə reyslərinin dayanması iqtisadiyyata təsir etməklə paralel olaraq, dünyada iqtisadi artım tempinə də mənfi təsir göstərəcək. Dünya iqtisadiyyatının artım templəri aşağı düşdükcə neftə tələbat da azalacaq.

Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft bazarları uğrunda qarşıdurması ilə yanaşı dünyada iqtisadi artım tempinin aşağı düşməsi də neftin qiymətinə mənfi təsir edir. Bu da özünü kəskin surətdə Səudiyyənin aprelin 1-dən etibarən neft hasilatını artıracağını elan etməsi ilə biruzə verdi. Ər-Riyadın bu qərarı həssas olan neft bazrında dərhal özünü göstərdi. Məhz bu səbəblərdən martın 9-da neftin qiyməti 32 dollara qədər endi.

Sözsüz ki, bu qiymətin uzun müddət davam edəcəyi ehtimalı yoxdur. Amma verilən proqnozlar da ikitərəflidir. Bir tərəfdən qeyd edilir ki, neftin qiyməti bir müddətdən sonra artacaq. Digər tərəfdən isə belə proqnoz irəli sürülür ki, neftin qiyməti 20 dollara qədər aşağı düşə bilər. Burada əsas məsələ neftin qiymətinin aşağı düşməsinin nə qədər davam edəcəyidir. Fikrimcə, əgər Səudiyyə Ərəbistanı ilə Rusiya, habelə ABŞ razılığa gəlsələr, neftin qiyməti artmağa doğru hərəkətə başlayacaq.

- Bu proseslərdən Azərbaycanın itirəcəyi nə ola bilər?

- 2020-ci ilin dövlət büdcəsi formalaşdırılan zaman neftin qiyməti ortalama 55 dollar götürülüb. Hesab edirəm ki, neftin qiyməti bundan sonra 55 dollar olmayacaq, amma 30 dollar səviyyəsində də qalmayacaq. 2020-ci ildə neftin qeyd etdiyim bu iki rəqəm arasında orta qiymətdə olması, sözsüz ki, ölkə iqtisadiyyatının xüsusiyyətindən asılı olaraq bir tərəfə çox, digər tərəfə az olmaqla, təsirləri olacaq. Yəni Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinə, maliyyə bazarına təsir göstərə bilər. Ancaq konkret olaraq hansı formada təsir edəcəyini analiz etmək lazımdır. Bəzən belə fikirlər eşidilir ki, neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın 2020-ci il dövlət büdcəsində bir neçə milyard manatla ölçülən itkilərə gətirib çıxaracaq. Diqqət edək, görək, Azərbaycanın büdcəsi necə qurulub? Azərbaycan büdcəsi elə qurulub ki, onun 24 milyard manatdan artıq olan gəlirinin 13,5 milyard manatı, yəni 56 faizi sırf neft amili üzərində formalaşır. Amma 13,5 milyard manatlıq neft gəlirlərinin 11,4 milyardı bilavasitə Dövlət Neft Fondundan götürülmədi. Dövlət Neft Fondundan götürülmə burada xüsusi çəkiyə malik olduğundan neftin qiymətinin 30-35 dollar olmasından asılı olmayaraq, 11,4 milyardın büdcəyə transferi texniki məsələdir. Yəni bazarda neftin qiymətinin neçəyə olmasından asılı olmayaraq Neft Fondundan büdcəyə bu məbləğ daxil olacaq. Deməli, hökumət 2020-ci ildə sosial öhdəliklərini - maaşları, pensiyaları və digər ödənişləri vaxtlı-vaxtında vermək öhdəliyini yerinə yetirəcək. Yəni bu məsələdə problem olmayacaq.

- Bəs hansı məsələdə problem olacaq?

- Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) və xarici konsorsiumlardan ibarət şirkətlərin gəlirləri dünya bazarında neftin qiymətindən bilavasitə asılı olacaq. Neftin qiyməti əgər 55 dollardan yuxarı olsa, hansı ki, bu ehtimal yüksək deyil, bu zaman ADNŞ və xarici konsorsiuma daxil olan şirkətlərin 2020-ci il büdcəsinə gəlir vergisindən verəcəyi vəsait artıq olacaq. Yox, əgər neftin qiyməti 55 dollardan aşağı olacaqsa və çox böyük ehtimalla belədə olacaq, bu zaman büdcəyə az vəsait daxil olacaq.

Mənim hesablamama görə, neftin qiyməti 2020-ci ildə ortalama 50 dollar olsa, bu ölkəmizin 24 milyard manatdan çox olan büdcə gəlirlərinə aşağı-yuxarı 1 faiz civarında təsir edəcək. Neftin qiyməti il ərzində ortalama 40 dollar olsa, bu Azərbaycan büdcəsinə 2,5 faiz təsir edəcək. Yox, əgər neftin qiyməti 30 dollar olacaqsa, bu halda büdcə gəlirlərinə 4 faiz təsir edəcək. Gördüyünüz kimi, neftin qiyməti 30 dollar olarsa, bunun Azərbaycan büdcəsinə 4 faizlik təsiri ola bilər. Neftin qiymətinin neçə dollar olmasından asılı olmayaraq, büdcəyə ciddi təsir göstərməyəcək. Amma neft gəlirlərinin azalması, neftin qiyməti aşağı düşən kimi özünü göstərir. Neft gəlirləri aşağı düşəcək - Dövlət Neft Fondunun gəlirləri aşağı düşəcək. Eyni zamanda neftin qiyməti 40 dollar ətrafında olsa və bu uzun müddət davam etsə, Azərbaycanın tədiyə balansında yaranan müsbət saldo azalmağa və ya kəskin sürətdə aşağı düşməyə başlayar. Və ya neftin qiyməti kəskin ucuzlaşsa və bu uzun müddət davam etsə, tədiyə balansındakı müsbət saldo mənfiyə çevrilə və bu zaman manata təzyiq arta bilər. Manata təzyiqin artması isə indiki real situasiyada devalvasiya anlamına gəlmir. Çünki Azərbaycan Neft Fondu və Mərkəzi Bankının üst-üstə götürdükdə 52 milyard dollar valyuta ehtiyatı var. Deməli, bunun cüzi hissəsi ilə manevr etmək olar.

Digər tərəfdən, bizimlə daha çox ticarət edən Rusiya və Türkiyə kimi ölkələrdə milli valyutalar aşağı düşsə, İranda koronavirusun əhatəsi genişlənərək iqtisadiyyata ciddi təsir göstərsə, sərhədlərin bağlanması uzun müddət davam etsə, sözsüz ki, bu amillər Azərbaycanın ticarət münasibətlərinə və manata təzyiq göstərəcək. Manat yalnız manata təsir edən amillərin içərisində neftin qiymətinin aşağı olması və bizimlə yaxından ticarət münasibətində olan ölkələrin milli valyutalarının dəyər itirməsi amilləri bir-birilə çulğalaşan zaman devalvasiya ehtimalı ilə qarşılaşa bilər. Amma gördüyünüz kimi, həm Baş nazirin yanında keçirilən müşavirə, eyni zamanda Mərkəzi Bankın sədrinin açıqlamaları birinci gün üçün yaranan ajiotajı zəiflədə bilib. Bu günə olan məlumatlara görə, neftin qiymətinin bahalaşdığı gün dollar almaq üçün banklarda növbəyə durmaq prosesi indi zəifləyib. Lakin tələbat tam aradan qalxmayıb. Çünki biz internet əsrində yaşayırıq, insanlarımız dünya bazarında gedən prosesləri analiz edə bilir. Bu səbəbdən də birinci gün əllərində olan manatı dollara çevirməyə başladılar, sonra bu proses səngiməyə doğru getdi. Məncə, artıq koronavirus və onun ətrafında gedən proseslərin də pik nöqtəsi arxada qalıb. Artıq Çində bu istiqamətdə müsbət addımlar atılır, epidemiyanın episentri olan Çin İtaliyaya öz yardımını təklif edir. Bunlar göstərir ki, dünyada ölkələr bir-birinə dəstək olmaq şərti ilə prosesi başa vurmaq istiqaməti götürüblər. İqtisadiyyatı neftdən asılı ölkələrdən olan Azərbaycanda da hökumət iqtisadi prosesləri izləyir. Onun əlində olan çoxmilyardlıq vəsaiti - təhlükəsizlik yastığı belə kritik məqamlarda həlledici rol oynayır. Yəni bizdə təhlükəsizlik yastığı qalındır, kifayət qədər valyuta ehtiyatları var. Bu mənada süni sürətdə valyuta ajiotajı yaratmağa da ehtiyac yoxdur.

- Hazırda ABŞ dünya neft bazarında hansı rolu oynayır?

- Burada ümumi qəbul edilən yanaşma belədir ki, OPEK-ə liderlik edən Səudiyyə Ərəbistanı ABŞ-ın təsiri altındadır və Vaşinqton Səudiyyə vasitəsilə proseslərə təsir edə bilir. Amma burada təsirin müxtəlif növləri var. ABŞ-ın istehsal etdiyi şist neftin maya dəyəri son dövrlər azalsa da, digərləri ilə müqayisədə yüksək olaraq qalır. Buna baxmayaraq, ABŞ şist neft vasitəsilə dünya neft bazarında güclü manevrlər etmək imkanına malikdir. Yəni 2 ay ərzində dünya bazarında neftin qiymətini endirə və ya qaldıra bilər. Amma bu dəfəki məsələdə koronavirusun fəsadları, onun ətrafında baş verən proseslər neft bazarına daha çox təsir edib. Əslində neft bazarında ara qarışıb, məzhəb itib. Orada kimin dominant olduğu, kimin hansı oyunu oynadığı bir qədər arxa plana keçib, əsas mübarizə bazarları itirməmək uğrunda gedir. Səudiyyə və Rusiya bunun uğrunda mübarizə aparır. Amma burada kimin resursu çoxdursa, onun da qalib gəlmək şansı daha çoxdur. Lakin ümumilikdə qalib gələn yoxdur, çünki son nəticədə uduzucaq. Yəni neftin qiymətinin ucuz olması neft istehsal edən istənilən ölkəyə mənfi təsir göstərir. Odur ki, bir müddət sonra bu ölkələr razılığa gəlmək istiqamətində addımlar atmağa başlayacaqlar. Hazırda neft bazarları uğrunda mübarizə prosesə ciddi təsir göstərir. Həm də hesablamalar göstərir ki, Rusiya neft hasilatını o qədər də çoxalda bilməz, amma Səudiyyə Ərəbistanı istəsə aprelin 1-dən neft hasilatını artıra bilər və bu da neftin qiymətinə ciddi təsir göstərə bilər. Bu nöqteyi-nəzərdən ABŞ-ın yüzdə-yüz neft bazarına təsirindən danışmaq olmaz. Burada mürəkkəb və qarışıq proseslər gedir.

- Rusiya və OPEK arasında razılığın olmaması neft bazarında qiymətlərin kəskin ucuzlaşmasına səbəb oldu. Sizcə, Rusiya nədən OPEK ölkələri ilə hasilatın azaldılmasına dair razılığa gəlmədi, Kremlinin indiki halda uduşu nədir?

- Əslində Rusiya heç nə udmadı. Koronavirus proseslərinə qədər OPEK və neft ixrac edən ölkələr arasında razılıq əldə edilmişdi. Digər ölkələr kimi Azərbaycan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirdi. Amma koronavirusun nəticəsində qısa müddətdə dünyada iqtisadi artım tempi kəskin aşağı düşdü. Dünyada artım tempinin 3 faizdən 1,7 faizə düşməsi görün neftə olan tələbatı nə qədər azaldır. Bu zaman daha çox neft hasil və ixrac edən ölkələr öz maraqlarını əsas götürürlər. Yəni ortada olan yorğanı daha çox üzərinə çəkirlər. Amma mənə görə, Rusiya bu mərhələdə səhv etdi.

- Niyə?

- Ona görə ki, Rusiya neft hasilatını 3-5 faizdən çox artıra bilməz. Amma Səudiyyə və ya ABŞ artıra bilər. Bu mənada Rusiya elə xətt seçməli idi ki, dünya bazarında neftin qiyməti 50-60 dollar arasında dövr etsin.

Burada başqa bir amilin də rolu var, amma onun ciddi təhlil olunmasına ehtiyac duyulur. Neftin dünya bazarında qiymətinin 60 dollardan baha olması süni rəqəm idi. Düzdür, artıq bahalı neft dövrü arxada qalır, ucuz neft dövrü başlayır. Amma neft sadəcə iqtisadiyyatla yanaşı həm də siyasət, geopolitikadır. Odur ki, neft proseslərini yalnız iqtisadi amillər əsasında təhlil etsək, birtərəfli nəticə alınar. Əslində bu prosesdə siyasi amillər iqtisadi amillərdən daha ciddi rol oynayır. Hərə öz ambisiyasını ortaya qoyub, uduzan da dünya iqtisadiyyatı və əhalisidir.

- Rusiya neftini 50-60 dollara satırdı və bunun hesabına aqressiv xarici siyasət yürüdürdü. Neft 30 dollara düşəndə Rusiya nə edəcək?...

- Burada bir məsələ var. Rusiya büdcəsini elə qurub ki, neft 30 dollara düşdükdə belə büdcəyə ciddi təsir etmir, amma rus rubluna ciddi təsir göstərir. Özünüz də gördünüz ki, qısa müddət ərzində rubl dollar qarşısında dəyər itirdi. Deyərdim ki, burada başqa bir məqam da var: ABŞ-da prezident seçkiləri və seçki zamanı hansı amillərin hazırkı prezidentin xeyrinə işləməsidir. Mən hesab edirəm ki, bu amillərdən biri ucuz neftdir. Məsələn, inkişaf etmiş ölkələrdə benzinin qiyməti çox əhəmiyyətlidir. Neftin qiyməti aşağıdırsa fəaliyyətdə olan prezident buradan uduşlu çıxır. Gördüyünüz kimi, əslində dünya neft bazarında aləm bir-birinə qarışıb. Biri seçkilərlə bağlı maraqlarını irəli sürür, başqası bazarları əlində saxlamaq maraqlarından çıxış edir, üçüncüsü Səudiyyə kimi neft bazarına diktə etmək istəyir və bu alınmayanda özü də bilmir nə edir. Nəticədə isə bütün neft ölkələrinə ziyan dəyir. Əsas odur ki, belə bir atmosferdə Azərbaycan hökuməti çevik fəaliyyəti, hadisələri qabaqlamaq nəticəsində, əlində olan resurslardan qənaət və səmərəli istifadə etməklə, situasiyalara baxışda uzaqgörənlik nümayiş etdirərək, bu prosesdən az itki ilə çıxa bilər. Ümid edirəm ki, bu belədə olacaq.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

omer 2020-03-16 13:48:43

eli muellim yeqin gonumuzu nezerde tutur

Son yazılar