Aprelin 8-dən etibarən koronavirusun ilk qeydə alındığı Çinin Vuhan şəhərində karantin başa çatıb. Bütün dünyanın, bəşəriyyətin həyatını dəyişən bu şəhəri məlum pandemiyadan əvvəl Çindən kənarda çox az adam tanıdığı halda, hazırda onun vəhşi heyvan əti satılan bazarından tutmuş virusologiya laboratoriyalarına qədər bütün “gözəllikləri” barədə məlumatı olmayan yoxdur...

Karantin götürülüb, amma məktəblər hələ bağlıdır

Vuhanın aid olduğu Hubey əyalətinin 60 milyon əhalisi var. Vuhanın özündə isə 12 milyon insan yaşayır. Bu rəqəmlər bizə böyük görünsə də, Çin üçün az qala “heç nə”-dir. Rəsmi statistikaya görə, ümumilikdə Çin üzrə 80 min insanda koronavirus aşkarlanıb ki, bunların da 50 mini Hubey əyalətinin payına düşür. Ölənlərinsə sayı cəmi 2500 nəfərdir. Bu, təkcə ötən bir gün ərzində ABŞ və Fransada ölənlərin toplam sayının az qala yarlısı qədərdir!

Çin rəsmilərinin bildirdiyinə görə, ölkədə koronavirus yoluxmalarının sayı 0-a yaxınlaşır, ölənlər isə artıq ümumiyyətlə yoxdur. Hələ martın 24-dən başlayaraq Hubey əyalətindən, aprelin 8-dən etibarən isə Vuhandan karantin götürülüb. Doğrudur, orta və ali təhsil müəssisələri hələ bağlıdır.

Hökumət əhalinin karantindən dərhal sonra kütləvi şəkildə küçələrə, iş yerlərinə və məktəblərə axışmasını istəmir. Bunun üçün də karantindən çıxış mərhələli şəkildə həyata keçirilir. Lakin artıq bütövlükdə Hubey əyaləti və Vuhan şəhərində küçələrdə canlanma açıq-aşkar hiss olunmaqdadır. Xüsusilə Vuhan əhalisi karantinin bitməsini az qala bayram kimi qeyd edir.

Artıq ictimai nəqliyyatın hərəkəti hissə-hissə bərpa olunur. Kafe və restoranlar açılır. Evlərə sifarişlər çatdırılanda isə paketlərin üzərinə aşpazın və kuryerin adları, eləcə də bədən hərarətini göstərən temperaturları(!) qeyd edilir.

Bu, onun üçündür ki, insanlar xəstəliyə yoluxacaqlarından ehtiyat etməsinlər. Bir sözlə, şəhər karantindən ehmalca, tələsmədən, səliqəli şəkildə çıxır. İnsanlar başa düşürlər ki, karantin bitsə də, əhalinin kütləvi şəkildə küçələrə, parklara, ictimai yerlərə axışması yeni problemlər yarada bilər. Şəhər rəhbərliyi isə Vuhana qayıdanların iki həftəlik məcburi karantinə götürülməsinə dair göstəriş verib. Və maraqlıdır ki, məhz bu şəhərə gəlmək istəyənlərin sayı olduqca çoxdur...

Avropalılar koronavirusun səbəbkarlarını axtaranda, çinlilər evdən çıxmırdı...

Bütün karantin dövrünü “koronavirusun beşiyi” sayılan Vuhanda keçirən bir çox əcnəbilərin xarici mətbuata verdikləri açıqlamalardan belə məlum olur ki, şəhərdə koronavirus üzərində qələbənin əsas memarı hökumətlə birgə, yerli əhalidir. İnsanlar çox intizamlı şəkildə karantin tələblərinə riayət edib, hətta onun ilk dövründə, yəni “yumşaq karantin” vaxtlarında hökumətin qoyduğu qadağalardan daha artıq şəkildə özlərini təcrid etməyə başlayıblar.

Məsələn, bütün karantin dövrünü Vuhanda keçirən rusiyalı rəssam Pavel Dolski Rusiya mətbuatına açıqlamasında deyir: “Çin hər şeyi bacaracaq. Bu ölkə sonadək mübarizə aparacaq və insanlar ona kömək edəcək. Rusiyada və eləcə də Avropada isə insanlar öz şəxsi “azadlıqları” uğrunda mübarizə aparacaqlar. Və mübahisə edəcəklər ki, koronavurusun yayılmasında kim günahkardır – bakteriyalar, Donald Tramp, yoxsa yarasalar? Hansı ki, onların yeganə vəzifəsi sadəcə evdə qalmaq olmalıdır!”.

Rəssam qeyd edib ki, Vuhanda heç vaxt tibbi maskalar və digər ləvazimatlar baxımından qıtlıq olmayıb. Hökumət əhalinin ərzaq təminatında problem yaranmasına imkan verməyib. Karantinin ən kəskin dövrlərində isə internet vasitəsilə edilən sifarişlər vaxtında ünvanlara çatdırılaraq, binaların giriş qapılarına qoyulub və hər kəs növbəli şəkildə öz ərzağını və digər sifarişlərini götürüb.

Ən əsası odur ki, Çin hökuməti hadisələri qabaqlamağı, vaxtında lazımi tədbirlər görməyi bacarıb. Cəmi 10 gün ərzində Vuhanda 1000 nəfərlik xəstəxananın tikilməsi isə Çin hökumətinin və xalqının nələrə qadir olmasının simvolik nümunəsi hesab oluna bilər.

Qeyd edək ki, Vuhanda iki belə xəstəxana tikilib. Bundan öncə isə sərgi salonları da daxil olmaqla, bir neçə iri tikili xəstəxanaya çevrilib və hazır vəziyyətə gətirilib. Özü də bütün bunlar fantastik dərəcədə qısa müdddətdə həyata keçirilib.

“Sağlamlıq kodu” necə işləyir?

Maraqlıdır ki, Çin hökuməti bu pandemiyadan öz vətəndaşları üzərində total nəzarətə imkan verən elektron sistemin yaradılması üçün istifadə edə bildi. Bu sistem bir tərəfdən insan azadlıqlarına qarşı yönələn addım kimi qəbul edilsə də, digər tərəfdən koronavirus daşıyıcıları və risk qruplarına aid şəxsləri müəyyən etməkdə və epidemiyanın yayılmasının qarşısının alınmasında əvəzsiz rol oynadı.

Belə ki, bu sistem vasitəsilə insanlar sözün əsl mənasında “Sağlamlıq kodu” adı altında kodlaşdırılıb. İstənilən ictimai yerə daxil olduqda, nəqliyyata mindikdə insanların həmin kodları skan edilir, qeydiyyata alınır. Bundan sonra əgər mindiyiniz ictimai nəqliyyatda, yaxud alış-veriş etdiyiniz supermarketdə sizinlə eyni vaxtda olmuş başqa bir kəs koronavirus şübhəsilə xəstəxanaya müraciət edirsə, dərhal sizin mobil cihazınızdakı “sağlamlıq kodu”nuz sarı rəng alır.

Əgər həmin şəxsdə vurus aşkarlanırsa, artıq qırmızı rəngli xəbərdarlıq daxil olur. Və hər bir kəs bu xəbərdarlıqdan dərhal sonra test edilir. İnsanlar hətta virus daşıyıcısı ilə harada təmasda olduqlarını belə müəyyən edə bilirlər.

Bir sözlə, ölkədə pandemiyanın qarşısını almaq üçün müasir texnologiyanın imkan verdiyi bütün vasitələrdən istifadə edilib və insanlarda karantində qalmağın xilas yolu olduğuna əminlik yaradılıb.

Maraqlıdır ki, məsələn bir neçə ildir Uhanda yaşayan bir çox əcnəbilər, xüsusilə rusiyalılar sərt karantin başlamazdan əvvəl ölkələrinə qayıtmaq imkanları olsa da, bundan imtina ediblər.

Yuxarıda adını çəkdiyimiz rusiyalı rəssam Pavel Dolski deyir: “Əcnəbiləri şəhərdən evakuasiya edəndə, mən qalmağa qərar verdim. Çünki birinci il deyil buradayam və hökumətin fövqəladə vəziyyətlərə necə reaksiya verdiyini yaxşı bilirəm”.

Göründüyü kimi, Rusiya vətəndaşı öz ölkəsindənsə məhz virusun vətənində daha yaxşı qorunacağına inanır...

Bəli, bir sözlə, dünyanın böyük hissəsi pandemiya ilə ölüm-dirim mübarizəsi apardığı bir dövrdə Çin artıq “koronavirus quyusu”ndan çıxmaq üzrədir. Bu pandemiyanın bütün yer kürəsinə pis mənada tanıtdığı Vuhan şəhəri isə əvvəlki həyatına qayıdır. Sağ əli bütün dünyanın başına...

Cəlal Məmmədov

AzPolitika.info