“Mərkəzi Bankın kredit dəstəyi ilə bağlı açıqladığı tövsiyələrdən belə görünür ki, vətəndaşlar üçün yalnız dövlət xətti ilə ayrılmış ipoteka kreditlərinı restrukturizasiya etmək məsləhət görülür. Banklar müştəriləri ilə öz aralarında bu kreditlərin faiz dərəcəsinin, əsas məbləğinin və ya ona hesablanmış faizlərin azaldılması, kreditin ödəniş müddətinin uzadılması, yaxud yeni güzəşt müddətinin verilməsi barədə razılığa gələ bilər. Bu formalardan hansının seçilməsi tərəflər arasında razılaşmadan asılı olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın (MB) açıqladığı dəstək paketini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, bu güzəşt yalnız 1 mart tarixinə ödəniş müddəti 30 gündən çox gecikdirilməyən kreditlərə aid ediləcək:Əhaliyə münasibətdə söhbət təxminən 1,1 mlrd. manatlıq kredit dövriyyəsindən gedir. Ev təsərrüfatlarının ümumi kreditlərinin həcmi 1 mart tarixinə təxminən 6,9 mlrd. manat olub. Yəni tövsiyə edilən güzəşt bütün kredit borclarının 16%-dir. Amma bu dəstəyin əhatə dairəsini ən azından Tədbirlər Planı çərçivəsində hökumətdən maaş formasında dəstək alan 300 min muzdlu işçiyə, işsizlik müavinəti alacaq 600 min işsiz şəxslərə də şamil etmək olardı” - deyə iqtisadçı vurğulayıb.

R. Ağayevin sözlərinə görə, necə ki, dövlət maddi yardım alanda 22 elektron mənbədən məlumat toplamaqla insanların maşınlarının say və markasına, mənzillərinin sayına əsasən maddi vəziyyətini təyin edə bilirsə, kredit güzəştinə münasibətdə də bunu edə, kredit ödəməmə risklərini müəyyən edə bilərdi: “Özündən asılı olmayan səbəbdən gəlirlərini tam itirmiş, indi dövlətdən nə isə ala bilməyən, ya da çörək puluna belə yetməyəcək səviyyədə dəstək ala biləcək insanların kredit ödəməsi çox çətin görünür”.

Biznes sektorunda yalnız yalnız 10 min sahibkar faydalana biləcək

İqtisadçı qeyd edib ki, biznes kreditlərə də münasibətdə oxşar yanaşma olacaq - yalnız 1 mart tarixinə ödəmə müddəti 30 gündən çox gecikdirilməmiş kreditlərə görə restrukturizasiya aparıla billər: “Eyni zamanda, bu güzəştdən yalnız Tədbirlər Planı çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrin siyahısında olan sektorları təmsil edən sahibkarlar bəhrələnə biləcək. Borcları restrukturizasiya edilmiş biznes subyektlərin faizlərinin 10%-lik hissəsi büdcədən ödənəcək”.

R. Ağayev vurğulayıb ki, Mərkəzi Bankın açıqlamasında biznes kreditlərin restrukturizasiyası proqramının əhatə dairəsinə düşəcək sahibkarlıq subyektlərinin potensial sayı və ümumi kredit dövriyyəsinin həcmi barədə heç bir məlumat verilmir:“Yalnız qeyd edilir ki, dövlət fondları vasitəsilə kredit almış 10 min sahibkarın 1 mlrd. manatlıq kredit borcu restrukturizasiya olunacaq”.

Ekspert biznes kreditlərlə bağlı bir neçə məqamı xüsusi ilə vurğulayıb: “Restrukturizasiya tövsiyyə xarakterlidir. Məsələn, böhran olmadığı dövrdə belə özünü ayaqda güclə saxlayan, yığımı olmayan, hazırda isə fəaliyyəti 100% dayanan, bu səbəbdən ödəmə qabiliyyətini də tam itirən xırda biznesə ən əlverişli restrukturizasiya proqramındansa 6 aylıq, 1 illik kredit tətilinin verilməsi daha məqsədəuyğun olardı. Şübhəsiz, bunun üçün gərək bank sektor üçün hökumətin birbaşa dəstəyi nəzərdə tutulsun. Yəni, bu yanaşmanı da gözardı etməyək - gəlirin hansısa nisbətdə azalması bir vəziyyətdir, tam itirilməsi başqa bir stiuasiya. Gəlirini tam itirən xırda sahibkarlar üçün tətil, gərək olarsa, dövlət dəstəyi ilə əsas məbləğin də bir hissəsinin güzəşt edilməsi çox önəmlidir”.

476 milyon krediti olan aqrar sektor tamamilə kənarda qalır

Rövşən Ağayevin sözlərinə görə, Tədbirlər Planında aqrar sektor pandemiyadan zərər çəkmiş sektor kimi tanınmasa da, ixrac imkanlarının məhdudlaşdırılması, eləcə də turizm və ictimai iaşə sektorunun tam fəaliyyətsiz qalmasının aqrar sektora təsirsiz qalması mümkün deyil: “Çünki bu sektorların fermerlərin məhsul dövriyyəsində əhəmiyyətli payı var. Ona görə fermerlərin götürdüyü kreditlərə mütləq güzəştlər olmalıdır. Fermerlərin gəlirləri baxımından məbləği də az deyil - təxminən 476 mln. manat təşkil edir”.

Ekspert inamsızdır...

İqtisadçı bildirib ki, yalnız qənaətbəxş (ödəmə müddətində gecikmə 30 günü keçməyən) kreditləri, eləcə də ipoteka və pandemiyanın risk zonasına düşən kreditləri əhatə edəcək bu dəstək proqramının istər biznesin ayaqda saxlanması, istərsə də bank sektorunun aktivlərinin keyfiyyətinin pisləşməsinin qarşısını almaq baxımından nə qədər effektiv olacağını çox yaxın zamanda görə bilinəcək: “Bir çox həmkarlarımdan fərqli olaraq hökumətin faizsiz, uzunmüddətli borc üçün bank sektoruna dəstəyinə çox da pozitiv yanaşa bilmirəm. Hazırkı rəqabətsiz iqtisadi və institusional mühitdə biznesi inkişafdan saxlayan maneələr içərisindən kredit məsələsinin ilk 3-lükdə olduğuna əmin deyiləm. Bu baxımdan resurs problemindən öncəki maneələr tam həll edilməlidir ki, əlverişli kredit şərtlərinin biznesə töhfəsi olsun.

Əgər bir ölkədəki banklar resuslarının ən yaxşı halda 40-45%-nin kreditə çevirə bilir, deməli, “resurs qıtdır” demək çətindir. O başqa məsələdir ki, ucuz resurs defisitdir - faizlər yüksək olduğuna görə.

Hətta büdcə dəstəyi hesabına 0 faizli kredit xətləri açılsa belə, nəticənin çox dəyişəcəyinə əmin deyiləm. Demirəm kredit artmayacaq - ucuz kreditə maraq çox ola bilər. Nəticə deyəndə başqa göstəricini nəzərdə tuturam - pul multiplikatorunun səviyyəsi dəyişməyəcək. Çünki maliyyə resurslarının iqtisadiyyatda yüksək əlavə dəyər yaradıb, bu əlavə dəyərin də mühüm bir hissəsinin yeni yaradılmış maliyyə formasında bank sektoruna qayıtmayacağı çox aydındır.

Bizdə pul forması almış yeni əlavə dəyər ən pis variantda dollara çevrilərək ölkədən qaçır - Türkiyədə, Gürcüstanda sərmayəyə çevrilmək üçün. Ən yaxşı variantda dollara çevrilərək dəbdəbəli maşına və mülkə çevrilir...”.

AzPolitika.info