Etibar ƏLİYEV

Bu yaxınlarda Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Etibar Əmirovun suda boğulmaq təhlükəsi ilə üzləşən azyaşlı uşağı xilas edərək ona ilkin tibbi yardım göstərməsi haqqında televiziyada reportaja baxdım. Həyatını təhlükə altına atan polis əməkdaşına təşəkkür düşür.

Polisin göstərdiyi bu sücaəti “facebook” “qəhrəmanlarından”, başda vardenisli Bəxtiyar olmaqla, heç kim təqdir etmədi. Eyni ilə bir neçə il bundan öncə 7-ci mikrorayonda yanan 16 mərtəbəli binada polisin şücaətindən çox az adam danışdı. Belə hallar ölkəyə başucalığı gətirdiyinə görə, vardenisli Bəxtiyar kimilərə bunları təqdir etmək sərf etmir. Ancaq Yasamalda bir neçə polis nəfərinin fərdi davranışı bütün polislərə aid edilir və ölkəni biabır etməyə hazır olanlar üçün göydəndüşmə fakta çevrilir.

Azərbaycan gənclərinin inkişafına həmişə sevinmişəm. Xüsusilə xarici ölkələrdə yüksək təhsil görmüş kəsiminə. Təəssüflər olsun ki, onların içərisində nadürüst çıxanlar da olur. Onlardan biri də vardenisli Bəxtiyardır. Adam Vikipediada bioqrafiyasında ermənilərin Basarkeçərin adını dəyişib Vardenis qoyduğu yerdə doğulduğunu göstərib. Hələ bu bir yana, istinadlar bölümündə "Mən Ermənistanda, Vardenisdə doğulmuşam" (ing. I was born in Armenia, in Vardenis) - yazısını da əlavə edib.

Təhsil aldığı ölkədə beynini yuyublar bunun. O Harvardı yox, Harvard onu qurtarıb. Amerikanlar onun təhsilini ixtisası olan tətbiqi riyaziyyat üzrə deyil, "ictimai siyasət" ixtisası üzrə maliyyələşdiriblər. Bəli, məhz amerikanlar. Özləri üçün siyasətçi hazırlayıblar. Harvard təhsil verməklə yanaşı həm də mükəmməl şəxsiyyət hazırlayır. Çox təəssüflər olsun ki, bu iki keyfiyyət vardenisli Bəxtiyardan yan keçib. Atası yaşda kişilərə sən deyir, qadınları təhqir edir, ölkənin tanınmış şəxslərinə qarşı ədəbsiz ifadələr işlədir...

Azərbaycan polisinin Yasamalda etdiyi hərəkəti dövlətə qarşı çevirir. Paşinyanın əlinə oynayır. Ermənilərin bizə qarşı irəli sürdüyü murdar “arqumentlərə” dəstək verir. Özü də açıq-açığına...

Statuslarının birində görün nə yazır: “Sabah Paşinyanla debatda Nikol qayıdıb "Qarabağ erməniləri Azərbaycan tərkibində təhlükəsiz yaşaya bilməzlər, siz paytaxtınızda öz vətəndaşınızın evinə soxulub, onları çılpaq aparıb, döyüb, təhqir edib, həbs edirsiniz" desə, prezident özünü necə hiss edəcək?”

Görürsünüzmü, necə uzaqlara gedir? Vardenisli Bəxtiyar həmyerlisi İcevanlı Nikola “arqument” verir. Ardınca da Yasamalda baş verən insidentlə Xocalını bərabərləşdirir və göstərir ki, erməni qatilləri ilə Azərbaycan polisi arasında fərq yoxdur.

Bu tip adamlar ölkəni ifşa etmək üçün pusquda durublar. Paşinyan isə bunlardan donos gözləyir...