“BİLİRƏM” XƏSTƏLİYİ

Etibar ƏLİYEV

Qədimdə dünya, şəxsi və ictimai həyat, nəsnələrin təbiəti haqqında bilgilər yüksək əyyarlı bilgilər sayılırdı. Bu bilgilər vasitəsilə dövləti və cəmiyyəti də idarə etmək mümkün idi. Qədim Yunanıstanda buna malik olanları müdriklər adlandırırdılar. Onların sayı isə cəmi yeddi idi. Müdrik obrazı Şərqdə də yerini tutmuşdu. Amma bir qədər fərqli.

Nədənsə sonralar yuxarıda sadaladığım sahələr haqqında bilgilərə malik olanları müdrik adlandırmadılar. Bunun səbəbi nə idi? Bu işi böyük yunan filosofu Sokrat dayandırdı. O, “Mən heç nə bilmirəm” dedi. Bilməmək - bizim həqiqətdə malik olduğumuz əsas bilikdir. Yeganə müdriklik – bilməməkdir. Bəzən fəlsəfə sözünün ikincı kökünü “sophia”-nı müdriklik adlandırırlar. Əslində “sophia” - axtarılan bilikdir. Və bu bilik məmnunluq üçün axtarılır.

Filosof özünü bilikli sayanları dolaşıq suallara tuturdu: comərdlik, ədalət, idarəetmə, gözəllik, xoşbəxtlik, təhsil, azadlıq nədir? Sokrat bu suallarla onların kim olduqlarını məcburən özlərinə başa salmağa çalışırdı. Suallar təkcə bilməməyi təsdiqləmək üçün verilmirdi. Onlarda özünü dərk hissini oyadırdı. Nəticədə insan öz daxilində anlayışlar axtarır, onu tədqiqata məruz qoyur və bu anlayışı tərifə müncər edirdi. Burda bilməmək təkcə hansısa vəziyyəti ifadə etmir, o həm də gözəl metoddur.

Zaman-zaman “bilmirəm” ifadəsi Avropada kök salmağa başladı. Şərqdə isə müdriklərin sayı durmadan artırdı. Kiminsə yazdığını danışan, kimdənsə sitatlar gətirənlər müdriklik zirvəsinə qaldırılırdı.

İndi biz də bunun acılarını yaşayırıq. “Mən heç nə bilmirəm” deyən yoxdur. Bu olmadığından özünüdərk hissi azalıb. Bizim kimi cəmiyyətlərdə “bilmirəm” demək bir qədər ayıb da sayılır.

Alman filosofu Yunger hesab edirdi ki, müsəlman aləmi dialoq tanımır, orda əsas monoloqdur. Filosof bu sözü yaşadığı dövr üçün deməyib. Bu, yüz illər üçün nəzərdə tutulmuş sözlərdir. Bizdə hələ də dialoq alınmır. Bunu cəmiyyətin bütün sahələrinə aid etmək olar. Dialoq adı ilə toplaşırıq, lakin hərə öz monoloqunu söyləyir.

Bu həmişəmi belə olub? Mən “bilmirəm” sözünü işlədən bir neçə şəxsiyyətə rast gəlmişəm. Azad Mirzəcanzadə, Xudu Məmmədov, Rafiq Əliyev... Sokratın “bilmirəmi” həm də susmağı öyrədirdi. Bu nəcib keyfiyyət hələ də çox adama nəsib olmayıb. Susmaq bizdə məğlubiyyət sayılır.

Oxumamış, mütaliəni sevməyən cəmiyyətlərdə “bilirəm” ifadəsi özünü daha qabarıq büruzə verir. Artıq düşünmədən bilmək, danışmaq gündəlik həyat tərzinə çevrilib. “Bilmirəm” ifadəsini işlətmək cəmiyyətə doğru atılan addımdır, dialoqdur. “Bilmirəm”in fəlsəfəsinə mən polyak şairi Vislava Şımborskanın çox maraqlı Nobel nitqində rast gəldim:

“”Bilmirəm” sözünü mən yüksək qiymətləndirirəm. Yığcamdır, amma qüdrətlidir. İçimizdə gizlənən, bizim üçün fəza yaradan balaca dünyanın itib-batan həmin sözünü yüksək dəyərləndirirəm. Əgər İshaq Nyuton həyatın məğzində «bilmirəm» deməsəydi, öz bağındakı almalar onun gözünə şirəli görünərdi və ən yaxşı hallarda onları yığıb iştaha ilə yeyərdi.

Əgər mənim həmvətənim Mariya Skladovskaya-Küri «bilmirəm» deməsəydi, güman ki, o, nəcib qızlar pansionunda dərs deyərdi və bütün ömrünü bu ləyaqətli işə sərf edərdi. Ancaq o, «bilmirəm» dedi və bu söz onu iki dəfə Stokholma gətirdi. Harda ki, narahat və əbədi axtarışda olan ürək sahiblərinə «Nobel» mükafatı verirlər.

Və şair, əgər o, həqiqi şairdirsə, borcludur ki, ürəyində «bilmirəm»i yorulmadan təkrarlasın. Özünün hər şeirində o, yeni nəyisə izah etməyə cəhd edir, ancaq nöqtəni qoymamış onu şübhələr bürüyür, başa düşməyə başlayır ki, bu, uzunömürlü və tükənməzdir.”

Bilirikmi?!

635x100

Şərhlər

Məhəmməd müəllim 2020-06-29 13:36:33

Əhsən Sizə Etibar müəllim, nəhayət ki, hər şeyi bilirəm deyib, elmdən, mütaliədən və son unda düşünmə hissindən mərhum olanlar özünüdərk yolunda müəyyən addımlar atarlar.Möhtəşəm yazı! bəlkə

Ağayev Ağahüseyn 2020-06-26 21:16:26

Bizim bədbəxtciliyimiz ondadırki hec nə bilmirik.İddamız özümüzdən böyükdür.Biri var 8-sinif bitirib hec kimi danışmaqa qoymur kim aqzın acsa deyir mən bilirəm.BƏDBƏXT QANMIR Kİ,BİLDİYİ BİLMƏDİYİNİN 001 FAİZİ DƏ DEYİL.ALLAH belələrinə aqıl versin.

Əli 2020-06-26 15:00:46

bilirəm deyən indiki cavanlar əslində telefondan başqa heç nə bilmirlər.

Eli 2020-06-26 13:45:15

Gözel ve mükemmel.Deyesen Milli Meclisde olan bezi boşluqlar dolur yavaş yavaş

Yusif müəllim 2020-06-26 13:04:07

Sağ olun Etibar bəy.Bilmir

Son yazılar