Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
"AzPolitika" xəbər verir ki, Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə alıb. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlayıb.
Qeyd edək, 1998–2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışıb. 2001–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyib.
2000–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləyib. 2000–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.
2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasında baş müəllim vəzifəsində işləyib. 2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb.
2012-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasının dosenti vəzifəsində elmi-pedoqoji fəaliyyətini davam etdirir.

2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar elmlər kafedrasının müdiri vəzifəsində çalışıb. 2014–2018-ci illərdə "Naxçıvan" Universiteti İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib.
2014–2018-ci illərdə "Naxçıvan" Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışıb. 2014–2018-ci illərdə "İstedad-XXI əsr" MMC-nin təsisçisi və direktoru olub. 2018–2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışıb.
2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.
E. İsayev ictimai fəaliyyəti ilə yanaşı, elmi yaradıcılıqla da məşğul olub. O, Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının doktorantı kimi fəaliyyət göstərib və 2002–2006-cı illərdə "Böyük İpək yolu və Naxçıvan" adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Elbrus İsayev ABŞ, Cənubi Koreya, Malayziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda keçirilən bir çox beynəlxalq simpozium və konfranslarda iştirak edib. O, ingilis, rus, alman, fars, türk və koreya dillərində elmi əsərlərin müəllifidir.
Ailəlidir, iki övladı var.

Şərhlər