Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar...

Seymur VERDİZADƏ

Vüqar Səfərli və hamiləri vəzifədən çıxarılandan sonra mətbuatda sağlam mühit yaranıb. İqtidar qəzetlərində 300-400 manat maaş alan jurnalistləri indi heç kim trolluq etməyə məcbur eləmir. Heç kim qrant alan QHT rəhbərlərinə minnət qoymur. AzTV-yə adamları ancaq mədhiyyə deməyə çağırmırlar. Alternativ fikrə görə dözümsüzlük tədricən aradan qalxır, fərqli düşünən insanların meydanı genişlənir...

Yaranmış siyasi şərait ən çox jurnalistlərin marağına cavab verir. Əlimizin üstündə əl yoxdur. Bir müddət əvvəl general-polkovnik Elçin Quliyevi tənqid edəndə, başımın ağrımayacağına əmin idim. Hansı ki, həmin yazını bir il əvvəl yazsaydım, saytda bir saat da qala bilməzədi. “Ağ Ev”dəki qara xislətli adamlar o qədər yazılarımı saytların “qara qutu”suna göndəriblər ki...

Bir neçə gündən sonra Azərbaycan mətbuatının yaranmasının 145 illiyi tamam olacaq. Ötən il bu vaxt “Jurnalistin göy alçaya möhtac olması” adlı məqalə yazmışdım. Bu həmin vaxt idi ki, ələbaxan qələm adamlarının gözü qapıda qalmışdı. Jurnalistlər nazirliklərdən, ayrı-ayrı idarələrdən gələcək səbətlərin yolunu gözləyirdilər. Vüqar Səfərli öz hamiləriylə birlikdə Azərbaycan jurnalistlərini göy alçaya möhtac qoymuşdu.

Mən demirəm ki, beş-altı ay ərzində jurnalistlərin maddi vəziyyəti yaxşılaşıb, hamının pulu başından aşır. Mən deyirəm ki, bu beş-altı ay ərzində jurnalsitlər öz istedadlarına daha çox güvənməyə başlayıblar. Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...

Bir anlığa təsəvvür edək ki, Vüqar Səfərli öz hamiləriylə birlikdə vəzifəsini qorumağı bacarıb. Sizcə, nə baş verərdi? Mən deyim: ev, fəxri ad almaq istəyən jurnalistlərin ən azı yarısı indi bu adamlara yaltaqlanırdı. KİV Fondunu, bir müddət əvvəl tarixin arxivinə göndərilmiş ictimai-siyasi şöbəni tərifləmək üçün növbə yaranacaqdı. İşini “ehtiyatlı” tutmaq istəyənlər nazirlərə, sözü keçən icra başçılarına, az-çox nüfuz sahibi olan deputatlara “podxod” edəcəkdilər. Yaltaqlıq özünün ən iyrənc formasını alacaqdı. Öz ləyaqətini evdən, fəxri addan üstün tutan jurnalistlər utanıb yerə girəcəkdilər.

İndi nə baş verir? Bu məsələləri jurnalistlər öz aralarında müzakirə edirlər. Sosial şəbəkələrdə siyahılar tutulur, namizədlər irəli sürülür. Düzdür, yenə bəzi fürsətçillər özlərini həmin siyahılara dürtüşdürməyə çalışırlar. Amma əsas odur ki, ev, fəxri ad almaq üçün heç kim yaltaqlıq eləmir. Çünki belə bir mühit yoxdur. Mühit olmadığına görə də bu cür davranmağa lüzum yoxdur.

Allah ehtiyacı olan jurnalistlərin hamısına ev qismət eləsin. Allah fəxri ad almağa haqqı çatan jurnalistlərin hamısına fəxri ad qismət eləsin. Allah bizə bir də dəvənin ovsarının eşşəyin quyruğuna bağlandığı mühitdə yazıb-yaratmağı qismət eləməsin...

(Yenisabah.az)

635x100

Şərhlər

Ali 2020-07-14 22:28:36

Salam ay Seymur bəy! Siz savadlı jurnalistsiniz, ancaq siz də xəta edirsiniz. Hökümət hesabına tikilərək jurnalistlərə (hətta jurnalsstika sahəsində xidməti olmyanlara belə) peşkəş edilənlər EV yox, MƏNZİLdir. Yoxsa sizə görə insanın yaşadığı bütün yaşayış yerləri sizin üçün ancaq EV-dir. Bir də ətrafınıza dönüb baxın. Siz kənddə yox, şəhərədə yaşayırsınız. Burada əhalinin əksər hissəsi bBİNAda yerləşən MƏNZİİLdə yaşayır, EVdə yox!

Vətəndaş 2020-07-09 18:18:24

Jurnalistlr ümumi insanlardan niyə fərqlənməlidirlər? Onlar da öz işləri üçün qonorar.maaş alır.Mühəndisdən.həkimdən.müəllimdən nə ilə fərqlənirlər? burada yalnız iqtidarın qulu olmaq.onların doğru olmayan hərəkət və qərarlaına don geydirmək.həyatı onlardan tələb olunduğu kimi təsvir etmək.,insanları çaş-baş salmağa cəhd,ağa qara demək kimi əməllər onlara iqtidar tərəfindən mükafat kimi başa düşülür.Bunun başqa səbəbi mümkün deyil.İnanmasanız ev verilən jurnalistlərin siyahisinə diqqət edin.Görün orada bir nəfər doğru fikirlisi varmı?yN

t.ədalət 2020-07-09 18:17:53

Nə qədər ki jurnalistika fakültəsində Cahangir Məmmədli var,"sümüyü qorxaq" jurnalistlərin sayı azalmayacaq.

Son yazılar