Menu

Livandakı partlayışa İran raketləri səbəb olub? - “Anbarda “Hizbullah”a aid raketlərin avadanlıqları vardı”

05.08.2020, 11:31
Livandakı partlayışa İran raketləri səbəb olub? - “Anbarda “Hizbullah”a aid raketlərin avadanlıqları vardı”

Beyrut limanında baş verən məlum partlayışla bağlı rəsmi məlumatda deyilir ki, qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu (partlayıcıların və ya azot gübrələrinin hazırlanmasında istifadə olunur – Red.) partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib: “Oğurluq hallarının qarşısını almaq məqsədilə doldurulma dəliklərində qaynaq işləri aparılarkən limanda saxlanılan 2700 tondan çox ammonium nitrat duzunun partlaması baş verib”.

A.İbrahim həmin maddələrin gəmi ilə Afrikaya göndəriləcəyi üçün limanda saxlanıldığını deyib.

Livan prezidenti Mişel Nəim Aun isə ammonium nitrat maddəsinin 5 ildən artıq müddətdə limanda təhlükəsizlik qaydalarına əməl olunmadan saxlanılmasını “qəbuledilməz” adlandırıb və buna görə məsul şəxslərin ciddi cəzalandırılacağını vurğulayıb.

O da qeyd olunur ki, həmin maddələrin olduğu yük bir neçə il əvvəl qaçaqmalçılıq zamanı ələ keçirilib və məhv edilməsi üçün bu günədək limanda saxlanılıb.

Lakin bu dəhşətli partlayışla bağlı ciddi şübhələr qalmaqdadır.

“AzPolitika.info” xəbər verir ki, dünya mətbuatında hadisənin gerçək səbəblərilə bağlı müxtəlif versiya və məlumatlara rast gəlinir. Hətta məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp bu hadisəni “hücum” adlandırıb və Livan hökumətinə başsağlığı verib. Artıq partlayış nəticəsində ölənlərin sayı 100-ü keçib, yaralılarınsa 3000 nəfərə yaxın olduğu bildirilir.

Rusiyanın kifayət qədər nüfuzlu nəşrlərindən biri olan “Novaya Qazeta” bu hadisə ilə bağlı sensasiyalı məlumat yayıb. Qəzet Livandakı və “Hizbullah” təşkilatındakı mənbələrinə istinadla yazıb ki, partlayışın baş verdiyi 12 nömrəli anbarda İranın Livandakı “Hizbullah” təşkilatına göndərdiyi uzun mənzilli və yüksək dəqiqliyə malik raketlərin komponentləri olub: “Anbarda “Hizbullah”a aid raketlərin avadanlıqları vardı. Həmin raketlər Livanda İranın maraqlarını müdafiə edən “Hizbullah” üçün nəzərdə tutulmuşdu. Bizim mənbələr hesab edirlər ki, “Hizbullah” bu raketlərdən İsraili vurmaq üçün istifadə edəcəkmiş. Həmçinin mənbələr partlayışın insan faktoru ilə bağlı olduğunu bildirirlər.”

Qəzet eyni zamanda bu partlayışın zamanlamasına diqqət yetirərək yazır: “İnsident Livan üçün həssas zamanda baş verib. Belə ki, avqustun 7-də BMT-nin Livan üzrə tribunalı ölkənin 2005-ci ildə qətlə yetirilmiş Baş naziri Rafik Hariri ilə bağlı hökm çıxaracaq.”

Xatırladaq ki, həmin vaxt Hariri 1 ton partlayıcıdan istifadə olunmaqla həyata keçirilən terror aktı nəticəsində həlak olmuşdu və onunla birgə 21 nəfər bu sui-qəsdin qurbanı olmuşdu.

Tahir

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol