Menu

Akademikin oğlunun adından istifadə edən fırıldaqçı -“Təəssüf ki, onun toruna düşənlər olub”

19.08.2020, 14:44
Akademikin oğlunun adından istifadə edən fırıldaqçı -“Təəssüf ki, onun toruna düşənlər olub”

Azərbaycanın ən tanınmış ədəbiyyatşünaslarından biri, mərhum akademik Bəkir Nəbiyevin oğlu Sadıx Nəbiyevin adından istifadə edilməklə dələduzluq əməli törədilib. Bu fakt barədə Sadıx Nəbiyevin özü “AzPolitika.info”-ya ünvanladığı məktubda söz açıb.

S.Nəbiyev məktubunda qeyd edib ki, 2020-ci ilin iyun-avqust aylarında baş vermiş dələduzluğun əsas məqsədi onun adından istifadə etməklə, imkanlı adamlardan pul toplanması olub: “2020-ci ilin iyun ayından başlayaraq naməlum şəxs dövlət orqanlarına, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinə eyni telefon nömrəsindən (051 201 60 03) çoxsaylı zənglər edərək özünü mərhum akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək, maddi vəziyyətinin ağırlığını, xəstə uşağına dərman ala bilmədiyini söyləyərək maddi kömək göstərilməsini xahiş etmişdir. Xoşbəxtlikdən, müraciət edilən şəxslərin çoxu məni - Bəkir müəllimin yeganə oğlu Sadıx Nəbiyevi və ailəmizi tanıyan, tərəfimdən belə hərəkətin mümkünlüyünü qəti şəkildə istisna edən, zəng edənin dələduz olduğunu tez başa düşən şəxslər olmuşlar. Təəssüf ki, fırıldaqçının toruna düşən, ona inanıb pul verənlər də olub.”

Akademikin oğlu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirir: “Mən, ailəmizin adına, mənim ləyaqətimə və nüfuzuma kölğə sala biləcək bu hadisənin qarşısının alınması üçün polis orqanlarına, şəxsən Daxili İşlər Naziri general Vilayət Eyvazova müraciət etdim. Müraciətimə həssaslıqla yanaşaraq, ilk baxışda ağır cinayət xarakteri daşımayan hadisənin ictimai əhəmiyyətini nəzərə alıb məsələni nəzarətə götürdüyünə görə Vilayət müəllimə ailəmizin adından dərin minnətdarlığımı bildirirəm. Cənab Nazirin hadisənin hərtərəfli tədqiq olunması üçün göstərişinə əsasən Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal RPİ 29-cu Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzun şəxsiyyəti, işin cəhətləri müəyyən edildi.

Məlum oldu ki, onlarla hörmətli insanın atamın xatirəsinə hörmətindən öz çirkin məqsədləri üçün istifadə etmiş narkotik aludəçisi olan cinayətkar əvvəllər də telefon nömrələrini dəyişərək bu tipli dələduzluq etmiş, tək mənim deyil, digər şəxslərin də (məsələn, mərhum şairimiz Famil Mehdinin oğlunun) adından nüfuzlu, imkanlı insanlara yüzlərlə zəng edib pul dilənmişdir. Lakin qaçıb gizlənmək üçün bütün cəhdlərinə, müəyyən havadarlarının çalışmalarına baxmayaraq, Mehrəlıyev Ceyhun Elçin oğlu polis tərəfindən tutulmuş və artıq məhkəmə tərəfindən həbs edilmişdir.”

Sonda S.Nəbiyev fırıldaqçının qurbanlarından keçirdikləri narahatçılığa görə üzr istəyir və DİN başda olmaqla, polis orqanları rəhbərlərinə təşəkkürünü bildirir: “Fırıldaqçının əməllərindən narahatlıq keçirmiş insanlardan üzr istəyir və onun cinayət əməllərinin tam ifşa olunması üçün zərər çəkmiş şəxslərin polis orqanlarına müraciət etməsini təkidlə xahiş edirəm. Fürsətdən istifadə edərək cinayətkarın tapılıb məsuliyyətə cəlb edilməsində yüksək qətiyyət və peşəkarlıq göstərmiş Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarına, Yasamal RPİ 29-cu Polis şöbəsinin rəisi polkovnik Ayxan Bağırova, həmin şöbənin baş tədqiqatçısı polis mayoru Samir Balakişiyevə təşəkkür edirəm...”

Tahir

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol