Deputat Elnur Allahverdiyev Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsilə ziddiyyət təşkil etdiyini bildirib.

“Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır", – deputat deyib.

Deputat daha sonra güzəştlərin birdən-birə 3 dəfə azaldıldığını, buna hansısa izahatın olmadığını vurğulayıb: "Bunun bir izahı var görəsən? Açığı, mən bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara, - görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur.

Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Məncə, bu qərar çox ciddi yanlışlıqdır”.

Xatırladaq ki, Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

"AzPolitika.info"