Ballıqaya qətliamı tarixə Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci ildə Azərbaycan türklərinə qarşı növbəti soyqırım aktı kimi düşüb. Bu tarix də təqvim günləri arasında bizim üçün qara hərflərlə yazılıb.
Qeyd edək ki, 28 yaşı olan Ballıqaya qətliamında 24 azərbaycanlı amansızlıqla qətlə yetirilib.
Belə ki, 1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşmışdılar.
Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşmışdı.
Yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar.

Məcburi köçkünlər ümid edirdi ki, müvəqqəti olaraq burada məskunlaşdıqdan sonra doğma yurdlarına qayıdacaqlar. Lakin məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu.
Kəndin Gülüstan meşəsi adlanan ərazisində çadırlarda məskunlaşan 33 nəfərin 24-ü üçün bu yurd son mənzil oldu.
Ballıqaya qətliamı da ermənilərin Qarabağda azərbaycanlıları məhv etmək üçün törətdiyi silsilə kütləvi qırğın aktlarından biri idi. Xocalıda, Kəlbəcərin Ağdaban kəndində və Xocavəndin Qadağlı kəndində törədilənlər kimi...

Avqustun 28-də səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupu 6 aylıq körpə və 93 yaşlı qocanın da aralarında olduğu 33 nəfəri yatdığı yerdə odlu silahlardan atəşə tutdular. Dəhşətli qətliamda 24 nəfər həlak oldu.
Ermənilərin məqsədi bu ailələri tamamilə məhv etmək idi. Amma 9 nəfər möcüzə sayəsində sağ qaldı. Sağ qalanlar arasında uşaqlar da var. Hadisə şahidləri deyirlər ki, sağ qalan uşaqların valideynləri onlara sipər olaraq güllədən qoruyublar. Buna baxmayaraq həmin uşaqlar güllə yarası alıb, amma sağ qala biliblər.

Amasnızlıqla qətlə yetirilən 24 nəfərin məzarı Ağdamın Güllücə, Bərdənin Tumaslı, Qaradəmirçi və Nazırlı kəndlərindədir. Dəhşətli qətliamdan möcüzə sayəsində xilas olanlar isə Bərdə və Goranboyda məskunlaşıblar.
Qeyd edək ki, soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyində qorunub saxlanılır.
Muzeydə hadisə şahidlərinin ifadələri, qətliamdan sonra çəkilən fotolar və hadisə yerindən götürülmüş maddi sübutlar yer alır.
AzPolitika.info

Şərhlər