Menu

Naxçıvanın məşhur «57 bazar»ı sökülür

01.11.2013, 19:48
Naxçıvanın məşhur «57 bazar»ı sökülür

Naxçıvan şəhərində «57 bazar» adı ilə tanınan ticarət mərkəzini sökməyə başlayıblar. Bu barədə "Azadlıq" qəzetinin elektron ünvanına həmin mərkəzdə çalışanlar məlumat göndərib. Məlumatda deyilir ki, bazarda yüzlərlər insan çalışır. Onlara oktyabrın 31-də bazarı boşaltmaları üçün bir neçə saat vaxt verilib. Bazarda çalışanlar buna etiraz etdikdə onların zorla çıxarılacağı deyilib.

Məlumatda deyilir ki, bazarı şəhərin görkəmini pozduğu adı ilə sökürlər. Amma əsl məqsəd qonşuluiqda yerləşən "Cahan" ticarət mərkəzi genişləndirilməsidir. "57 bazar"ı söküb, orada çalışanları "Cahan"dakı yeni dükanlara yığmaq istəyirlər. "Cahan"ın yüksək vəzifəli məmurlara məxsus olduğu deyilir.

Məlumatda göstərilir ki, "Cahan"dakı yerlərin icarə haqqı bahadır. Buna görə də ticarətçilər ora getmək istmirlər. Bununla belə, artıq "57 bazar"ı dağıtmağa başlayıblar. Noyabrın 1-də bazarda çalışanlara mallarını zorla yığdırıblar və taxçaları dağıdıblar.

Bazarın söküldüyünü orada çalışan Zahir Qəmbərov adlı ticarətçi "Azadlıq" radiosunun əməkdaşına belə nəql edib. «Dünən (oktyabrın 31-də – red.) axşam saat 5-6 radələrində xəbərdar ediblər ki, dükanlar söküləcək. Səhər də bütün polisləri töküblər bura ki, boşaldın dükanları. Axşam etiraz edənlər vardı, sonradan hədə-qorxu gəlib dedilər ki, mallarını çıxarmasanız, texnika salıb sökəcəyik. Hamı qorxuya düşdü, hərə bir maşın tapıb boşaldır mallarını. Deyirlər ki, yeni dükanlar tikilib, gedin orada işləyin. Yeni dükanların qiyməti 50 min manatadır. Kirayəyə də verirlər – aylıq 600 manat. Bu, bizə sərf eləmir. Köhnə yerimizdə ayda 200-250 manat ödəyirdik. Mallarımızı aparıb tökürük evimizə».

Boşaldılan ticarət mərkəzinin şəxsi dükan sahibləri heç bir kompensasiya təklif edilməməsindən gileylənirlər. Şikayətçi Orxan Qəmbərov "Azadlıq" radiosuna deyib ki, dükanda işləməyə başlayanda ondan girov şəklində 2 min 500 manat alıblar. O deyir ki, indi həmin pulu geri almaq üçün ticarət mərkəzinin rəhbərini tapa bilmir: «Pulu bazarın müdiri Zahid müəllimə vermişdim. İndi onu tapıb pulumuzu ala bilmirik... Heç kim də polisin qorxusunda etiraz edə bilmir. Beləcə, 2 min ailə çörəksiz qalır...».

Radio boşaldılan ticarət mərkəzinin rəhbəri Zahid Quliyevlə də əlaqə saxlayıb. O, qərarı kimin və niyə verdiyini açıqlamaq istəməyib: «Bəli, boşaldılır. Mən sizə başqa heç bir məlumat verə bilmərəm. Çünki belə məsləhət görülüb və belə də olmalıdır».

Boşaldılan ticarət mərkəzi Naxçıvan şəhəri, 57-ci Qoçüstü məhəlləsində yerləşir. El arasında yerləşdiyi məhəllənin nömrəsinə görə «57 bazar» adlanan bu mərkəzin əsas hissəsi 2007-ci ildə sökülmüş və böyük etiraz doğurmuşdu. 90-cı illərin əvvəllərində fəaliyyətə başlayan «57 bazar» vaxtilə muxtar respublikanın ən böyük ticarət mərkəzi sayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol