PAŞİNYAN NİYƏ YENİDƏN PUTİNDƏN HƏRBİ YARDIM İSTƏDİ? – Ekspert bunu 2 səbəblə əlaqələndirir

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktib yazıb. Paşinyan məktubunda Rusiya liderindən Ermənistana yardım göstərilməsi istiqamətində məsləhətləşmələrə başlanılmasını xahiş edib.

Erməni baş nazir bu mənada 29 avqust 1997-ci il tarixli “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə istinad edib. Nikol Paşinyan məktubunda Qarabağdakı vəziyyətdən detallı şəkildə bəhs edib, həmişəki kimi Azərbaycan və Türkiyə əleyhinə ittihamlar ssəsləndirib.

Putin hələlik hər hansı fikir bildirməsə də, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi səhisində açıqlama yerləşdirilib. Qeyd olunub ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsindən irəli gələnlər də daxil olmaqla, Ermənistan Respublikası ilə əlaqəli müttəfiqlik öhdəliklərinə görə bu Müqavilənin bir sıra maddələri ölkə ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi olduqda konkret hərəkətləri nəzərdə tutur.

Nazirlik bildirib ki, müqaviləyə uyğun olaraq, Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımi bütün köməkləri göstərəcək.

Daha sonra Rusiya Federasiyası Azərbaycan və Ermənistanı xarici işlər nazirlərinin bu il 10 oktyabr tarixində Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq təməl prinsiplərə əsaslanan sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini dərhal atəşkəsə, gərginliyin azaldılmasına və maddi danışıqlara qayıtmağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə "Rossiya 24" kanalına müsahibəsində bildirib ki, Ermənistanın Rusiyaya məsləhətləşmələr üçün müraciəti ilə bağlı bütün detallar əlavə olaraq müzakirə ediləcək. O, nazirliyin bəyanatını xatırladaraq qeyd edib ki, müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, Rusiyan İrəvana bütün lazımi yardımları edəcək.

Yəni, Moskva inddiki halda rəsmi şəkildə İrəvana hərbi yardımın mümkünsüz olduğunu açıqlayıb.

Bəs 5 telefon zəngi nəticəsiz qaldığı, təxminən belə bir cavab alacağını bildiyi halda Paşinyan niyə yenidən Putinə yalvarıb?

Politoloq Elxan Şahinoğlu bunu bir neçə səbəblə əlaqələndirib:

"Birincisi, bu Paşinyanın Putinə məktubundan çox öz cəmiyyətini məğlubiyyətə hazırlamaqdır. Çünki özü də bilir ki, Putin Dağlıq Qarabağı dəftərindən silib. Ona görə də Paşinyan cəmiyyətinə göstərmək istəyir ki, “baxın bu ağır vəziyyətdə Rusiya da Dağlıq Qarabağı qurtara bilmir, mən artıq nə edə bilərəm...”

İkincisi, Ermənistan Dağlıq Qarabağda xeyli canlı qüvvə və hərbi texnika itirib. Həmin hərbi texnikanın əksəriyyəti Ermənistana aid idi. Ermənistandan Dağlıq Qarabağa nə daşıdırlarsa, hamısını Azərbaycan ordusu və pilotsuz uçuş aparatları məhv etdi. Belə vəziyyətdə Ermənistanın hərbi durumu ağırlaşıb, müdafiəsi zəifləyib. Ona görə Paşinyanda və erməni cəmiyyətində qorxu var ki, Azərbaycan ordusu Dağlıq Qarabağa nəzarəti ələ keçirdikdən sonra Ermənistanın içərilərinə doğru da hərəkət edə bilər. Paşinyan qorxur ki, Putin Dağlıq Qarabağın itirilməsinə səssiz qaldığı kimi Ermənistana hücumlara da bir müddət səssiz qala bilər. Ona görə də indidən təminat almaq istəyir ki, Dağlıq Qarabağdan vaz keçdikdən sonra Rusiya heç olmazsa Ermənistanı qorusun".

Politoloqun sözlərinə görə, Paşinyan Rusiyanın Ermənistanda hərbçi və hərbi texnika sayını artırmasını istəyir: "Putin bunu edə bilər. Ancaq Putin onu da anlayır ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağa daşınan Rusiyanın bahalı hərbi texnikası kiçik ölçülü pilotsuz uçuş aparatları qarşısında acizdir. Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bahalı hərbi texnikasını darmadağın etməsi Rusiyanın hərbi sənaye kompleksinin imicinə ciddi zərbədir. Ona görə də Putin artıq Ermənistanın Dağlıq Qarabağı qoruya bilməyəcəyini anladığından Ermənistana hərbi texnikanın göndərilməsinə bir müddət ara verə də bilər. Bir daha müharibə başlayandan bu yana əsas tezisimi təkrarlayıram: Bizə heç kim və heç nə mane olmur!"

AzPolitika.info

635x100

Şərhlər

Roma 2020-10-31 23:26:04

Rusiyanın belə davranışı və ya tutduğu mövqe yenə də tam aydın deyil. Belə ki, ermənistan bizim şəhərləri, qəsəbələri və digər yaşayış məntəqələrini raketlərlə vurursa, biz onlara cavab verməli olsaq, Rusiya onları müdafiə edəcəkdir?

Son yazılar